“Özümüzü Qarabağda hiss edirdik, döyüş əzmindəydik” – Dərbənddə yaşayan AZƏRBAYCANLI

“Özümüzü Qarabağda hiss edirdik, döyüş əzmindəydik” – Dərbənddə yaşayan AZƏRBAYCANLI

Rusiya-Azərbaycan sərhədində, Dərbənd yaxınlığında karantindən iki gün əvvəl 600 nəfərdən çox azərbaycanlı çətinliklə üzləşib. Rusiyanın ayrı-ayrı bölgələrində və Dağıstanda müxtəlif sahələrdə çalışan soydaşlarımız ölkəmizə qayıtmaq istəsələr də, mövcud karantin rejimi, sərhədlərin bağlanması səbəbindən bəzi problemlərlə üzləşməli olublar.  
Aralarında qadınlar və uşaqların da olduğu soydaşlarımız acınacaqlı durumla üzləşiblər. Havanın soyuq olması isə vəziyyəti daha da gərginləşdirib.
Prezident İlham Əliyev səviyyəsində nəzarətə götürülən azərbaycanlıların ölkəmizə gətirilməsi prosesi qısa zaman kəsiyində aradan qalıdırılır. Sərhəddə qalan soydaşlarımızın vəziyyəti yaxşılığa doğru dəyişib, onlar isti paltar və yatacaqla, yeməklə təmin olunublar. Həm də onlara maddi yardımlar da olunub.
Sərhəddən yola salınmış azərbaycanlılardan biri adının anonim saxlanması şərtilə Miq.Az əməkdaşına bunları deyib:
“Dərbənddə yaşayan azərbaycanlılar bizə qarşı əsl qəhrəmanlıq göstərdilər. Onlar elə bil öz doğma bacı- qardaşlarından ötrü bu qədər canfəşanlıq göstərirdilər. 600 nəfərdən çox idik. Hələ bizi yola salandan sonra arxadan da xeyli sayda azərbaycanlılar gəlirdi. Orda bizə kömək edən insanlara minnətdaram. Qəni Panayev adlı birisi var idi orda. Hiss edirdim ki, rəhbər odur. Qəni tez-tez Bakıyla danışırdı. Kim idisə rütbəsinin polkovnik olduğunu bilirdim. Səhv etmirəmsə, Təhlükəsizlik orqanlarının əməkdaşı idi. Hər saat  Qəni ilə telefon əlaqəsi saxlayırdı. Bildiyim qədər Qəni ordakı məlumat barədə polkovnikə, polkovnik ikinci adam vasitəsilə ən yuxarı instansiyaya məlumat ötürürdü.”
Başqa soydaşımız Zülfiyyə Salahova adlı bir xanım isə Miq.Az-a açıqlamasında bu hadısəni danışarkən qəhərlənir:
“Sevincimdən qəhər məni boğurdu. Dərbənd azərbaycanlıları, xüsusilə Qəni Panayev adlı birisinin adını xüsusilə vurğulamaq istəyirəm. Onlar öz hesablarına Rusiyadan gələn azərbaycanlıları hətta isti geyim və yeməklə təmin edirdilər. Mən hətta sevincimdən ağladım, millətimin səxavət və əzəmətinə.  Bir də Qəni dediyim şəxs Bakıda Səxavət adlı bir dövlət məmuru ilə əlaqə saxlayırdı. Səxavətin kimliyini bilmədim. Kim idisə dövlət adamı idi, bizdən ötrü çox narahat idi.”
Redaksiya olaraq baş verən bu hadisəylə əlaqədar olaraq milli həmrəylik nümayiş etdirən Qəni Panayevin kimliyi ilə maraqlandıq. Bu günün özündə belə Dağıstanda qalan 250 nəfər azərbaycanlıya da xüsusi qayğıyla yanaşan, problemlərini nəzarətdə saxlayan Qəni Panayev kimdir?
Dərbənddə anadan olan Qəni Panayev adlı şəxs, milliyətcə azərbaycanlıdır.  Həmrəylik nümunəsi sayılacaq addımlar atıb.
Miq.Az-ın əməkdaşı ilə söhbətində azərbaycanlı mövqeyindən bu addımları atdığını bildirdi Qəni Panayev:
Foto: Qəni Panayev
“600 nəfərdən çox azərbaycanlı sərhəddən yola saldıq. Bundan sonra gələn və yola salacağımız azərbaycanlılar üçün də bütün tədarükləri görmüşük. İsti geyimdən, yorğan-döşəkdən tutmuş, ərzaqlara qədər. Mən üzümü orda yaşayanlara tutub deyirəm ki, biz azərbaycanlılar  üçün canımızı fəda etməyə hazırıq. Bir az xaos yaranmışdı, təşviş var idi insanlar arasında. Amma biz o psixoloji gərginliyi azərbaycanlı həmrəyliyi nümayişi edərək, aradan götürdük. Qarabağda yardım edəcəyimiz əhval-ruhiyyəsində idik, sanki özümüzü Qarabağda hiss edirdik, döyüş əzmindəydik. Biz razı ola bilməzdik ki, yaşlı insanlar, qocalar və körpələr ac-susuz qalsınlar, isti yersiz qalsınlar.”-deyə Qəni Panayev bildirir.
“Biz sizdən öyrənmişik bü cür həmrəyliyi. Cənab İlham Əliyevin həmrəyliklə bağlı çıxışlarını daimi izləyirik. Təkcə burda deyil, dünya azərbaycanlılarının həmrəy olması hamının borcudur Vətən qarşısında. Bakıda hamı bizim əzizlərimizdir. Səxavət bizə həmişə qardaşlıq edib Azərbaycana gələndə, Hacı Surxay da həmçinin, orda İzzət adlı dostumuz da var. Səxavətin qardaşlığını, bizləri necə qarşılamasını görüb də ordakı azərbaycanlılara necə laqeyd qalmaq olar? Burdan Şeyxin adını xüsusi vurğulamaq istəyirəm. Bir dəfə 2003-cü ildə rezidensiyada seçkilərdə iştirak edirdik. Allahşükür Paşazadə bizə dedi ki, hər şeyi unuda bilərsiniz, amma azərbaycanlı olduğunuzu və azərbaycançılığınızı unutmayın. Etiraf edim ki, bu ağsaqqal nəsihəti deyiminə həmişə əməl edirik. Bizim devizimiz budur: “Hər yerdə azərbaycanlılar bir-birinə dayaq olmalıdırlar. “–  deyə Qəni Panayev bildirir.
Qəni Pənayev, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevə və dəstək göstərən hər kəsə öz minnətdarlığını redaksiyamız vasitəsilə çatdırılmasını xahiş etdi.
Ordan gələn insanların dediyi polkovnikin kimliyinə də aydınlıq gətirdik. Qəni Panayevlə Bakıdan əlaqə saxlayan polkovnik Prezident Aparatında Təhlükəsizlik İdarəsinin əməkdaşı Səxavəddin Sadıqov olub. Hacı Səxavət kimi tanınan polkovnik bu mövzu ilə bağlı bizə açıqlama verməkdən imtina edərək ancaq bu sözləri dedi:
“Mən Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm. Azərbaycanlıların ölkəyə gətirilməsi bilavasitə Cənab Prezidentin tapşırğı əsasında həyata keçirilir. Mən də azərbaycanlı olaraq bacardığımı etmişəm, əlavə nəsə deməyə ehtiyac görmürəm. Allah Vətənimizi qorusun!”
Hazırda Rusiyada yaşayan başqa azərbaycanlı iş adamları da soydaşlarımıza hərtərəfli maddi və mənəvi yardımlar göstərməkdədirlər.
Bütün bunlarla bərabər, Dərbənd şəhərinin meri Xizri Abakarov, Dağıstan Azərbaycanlıları Təşkilatının sədri Rakif Əzizov, ictimai xadim Mamed Şahbazov da azərbaycanlılara öz dəstəklərini nümayiş etdirirlər.
Sonda bildirək ki, Rusiya-Azərbaycan sərhəddində qalan Azərbaycan vətəndaşlarının yaxın günlərdə ölkəmizə qayıtmaları gözlənilir.
Elmin Alışov
Miq.Az

COMMENTS