Pənah Hüseyn: ” Əli Kərimli dedi ki, biz qəbul etmirik…

Pənah Hüseyn: ” Əli Kərimli dedi ki, biz qəbul etmirik…

images (5).jpg

2005 seçkilərində “Azadlıq” blokuna 35 deputat yeri təklif etdiyi haqda iddialara Pənah Hüseyn cavab verdi. 

 

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, 2005-ci il parlament seçkilərində Müsavat, AXCP və ADP-nin təmsil olunduğu “Azadlıq” blokunun rəhbərlərinə beynəlxalq birlik tərəfindən parlamentdə 35 deputat yeri ilə razılaşmaq təklifi edilib. Lakin AXCP sədri Əli Kərimli bu təklifə qarşı kəskin mövqe qoyub, nəticədə müxalifət parlamentdə fraksiya yaratmaq imkanını əldən verib:

“Qərb istəyirdi ki, əvvəlcə müxalifət parlamentdə fraksiya şəklində təmsil olunsun, Azərbaycanda bir siyasi mədəniyyət formalaşsın, iqtidar-müxalifət münasibətləri küçələrdə yox parlament divarları arasında çözülsün və beləliklə də Azərbaycanda qansız-qadasız, tədrici demokratik dəyişikliklər, islahatlar reallaşsın. ATƏT-in müşahidə missiyasının rəhbəri bizə təklif eləmişdi ki, 35 nəfər müxalifətdən, 35 nəfər hakimiyyət partiyasından deputat parlamentdə təmsil olunsun, qalan 55 deputat yerinə isə kim istəyir namizədliyini irəli sürsün və seçki mübarizəsi ilə həmin yerlərin sahibləri müəyyənləşsin. Bu təklif bizə veriləndə Əli Kərimli dedi ki, biz qəbul etmirik, çünki biz ən azı 70 deputat yerini əldə edəcəyik.

Təklifi irəli sürən tərəf bundan sonra dedi ki, öz işinizdir, gedin əldə edə bilirsinizsə edin. Nəticə isə bəllidir-2005-ci il parlament seçkilərində müxalifətdən 4-5 nəfər parlamentə düşə bildi. Qərblilərin təklif etdiyi variant Azərbaycanda tədrici dəyişikliklər üçün normal variant idi. Əli Kərimli bu variantın ölkədə reallaşdırılmasına imkan vermədi. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə qaragüruh dəstənin hücumlarından, ittihamlarından, şərləmələrindən ehtiyatlanıb Əli Kərimlinin mövqeyi əleyhinə getmədi. Beləliklə, faktiki olaraq müxalifət fazalı demokratiyadan imtina elədi. Qərb bundan sonra müxalifətdən, belə demək mümkündürsə, əlini üzdü. Ona görə ki, Qərb Azərbaycanda kataklizmlərin, qanlı-qadalı inqilabların, radikal dəyişikliklərin əleyhinədir. Onlar bu ölkədə tədrici demokratik dəyişikliklərin başlanğıcını 2005-ci ildə müxalifətin parlamentdə fraksiya yaradacaq həddə təmsilçiliyini reallaşdırmaqla qoymaq istəyirdilər”.

 

Pənah Hüseyn: “Müxalifətdən 50 nəfərin deputat seçildiyini sübuta yetirən sənədlər var”

 

Qeyd olunanlarla bağlı dəqiqləşmə aparmaq üçün İsa Qəmbər və Əli Kərimlinin mövqeyini öyrənmək mümkün olmadı. 2005-ci il parlament seçkilərində “Azadlıq” blokunun seçki qərargahının rəhbəri olmuş AXP sədri Pənah Hüseynlə danışdıq. P.Hüseyn bildirdi ki, o dövrdə ona hər hansı bir formada bu tipli informasiya məlum olmayıb. Onun iştirak elədiyi tədbirlərdə, müzakirələrdə bu mövzuda hər hansı bir informasiya, təklif dinlənilməyib, müzakirə edilməyib: “Lakin bu cür informasiyalar, söhbətlər seçkilərdən sonra ortaya çıxmağa başlamışdı. Əsas etibarilə iqtidar dairələrindən sızan məlumatlar idi. Sərdar Cəlaloğlu ”Azadlıq” blokunun əsas siyasi rəhbərlərindən biri olub. Əgər onunla və ya digərləri ilə müzakirələrdə, görüşlərdə müxalifətə hansısa sayda deputat yeri təklifi məsələsi olubsa, mən bu barədə dəqiq nəsə deyə bilmərəm. Bu barədə Sərdar bəy özü danışa bilər. Əvvəllər yayılan informasiyalarda daha çox ABŞ səfirinin müxalifətlə sözügedən mövzuda danışdığı, təklif verdiyi deyilirdi. İndi isə Sərdar bəyin açıqlamasında ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbərinin müxalifətə təklif verdiyindən söz açılır. Bu cür informasiyalar yayıldığı zamanlarda Müsavat Partiyasının başqanı İsa Qəmbər də təkzib xarakterli fikirlər səsləndirib. Bu məsələyə, ümumiyyətlə, rəy bildirib ötüb keçmək olardı. Lakin bu, yanlış təəssürat yarada bilər ki, Azərbaycanda müxalifətin parlamentdə təmsil olunması kimi məsələlər xaricilərlə müzakirə edilir”.

P.Hüseyn dedi ki, parlamentdə müxalifət fraksiyasının yaradılması üçün seçkilərin azad və ədalətli keçirilməsi kifayət idi. Hətta çox qeyri-bərabər şəkildə keçirilən seçkilərdə və seçkiyə ciddi təsir eləyən basqıların olduğu bir vaxtda 2005-ci ildə “Azadlıq” blokunun seçki qərargahına müxalifətdən 50 nəfərin deputat seçildiyini sübuta yetirən sənədlər daxil olmuşdu: “Əldə olunan real sənədlərə əsasən, bunu əminliklə söyləyirəm. Protokollar sübut edirdi ki, müxalifətdən bu qədər namizəd seçilib. Əslində qalib gələnlərin sayı daha çox idi. Elə dairələr var idi ki, orada müxalifət namizədlərinin qələbəsi şəksiz idi, sadəcə olaraq, həmin dairələrdən real sənədlər əldə etmək mümkün olmamışdı. Ona görə də azad, ədalətli seçki tələbinə əslində müxalifətin parlamentdə fraksiya yaratması məsələsi kimi baxıla bilərdi. Açığı, mən razılaşdırma yolu ilə fraksiyanın yaradılması və bu yolla ölkədə tədrici demokratiyanın formalaşması kimi məsələlərə bir qədər spektik yanaşıram. Baxmayaraq ki, buna müsbət nümunə kimi bir çox hallarda 1990-cı ildə Ali Sovetə müxalifəti təmsil eləyən 25 nəfərin seçilməsini və həmin demblok adlanan 25 nəfərin parlamentdəki fəaliyyətini göstərirlər. Nəzərə alınmalıdır ki, demblokun məlum fəaliyyəti ölkədəki ümumi siyasi vəziyyətlə bağlı idi, AXC-nin, xalq hərəkatının fəaliyyəti ilə əlaqəli proses gedirdi”.

AXP sədri vurğuladı ki, siyasətdə idarə olunan demokratiya konsepsiyası anlayışı var. Yəni yuxarıdan siyasi islahatlar vasitəsilə ölkədə siyasi rejimin təkamüllə demokratikləşdirilməsi nəzərdə tutulan bir modeldir. Sərdar Cəlaloğlunun dediyi kimi məsələlər orada nəzərdə tutulur. Amma Azərbaycanda 1993-cü ildən sonra bu tipli məsələlər ola bilsin ki, müzakirə edilibsə də iqtidardakı bəzi qüvvələrin müzakirəsindən o tərəfə keçməyib, siyasi dialoq predmeti olmayıb: “Hətta bəzilərinin dediyi kimi, siyasi bazarlıq səviyyəsinə də gəlib çatmayıb. İndiki iqtidarın apardığı siyasət bu mövzuda hətta mülahizələri də qeyri-ciddi edir. Çünki ölkədə tətbiq olunan siyasi xəttə diqqət etdikdə görünür ki, tamamilə əks mövqe götürülüb. Mən sizə Sərdar Cəlaloğlunun dediyi tərzdə olan, amma həqiqətən olmuş bir detalı xatırlatmaq istəyirəm. 2005-ci il parlament seçkilərindən sonra, 2006-cı ildə Müsavat deputat qrupunda təmsil olunmayan, hakimiyyətlə münasibətdə fərqli taktika sərgiləyən deputatlardan biri ilə bizim müzakirələrimiz olmuşdu. Həmin deputatın iqtidar dairələrinə çıxışı var idi.

Mənim təşəbbüsümlə biz Müsavat deputat qrupu olaraq təklif elədik ki, müəyyən presedentlərin yaradılması üçün həmin deputatın müxalifətin təmsilçisi kimi Milli Məclisin sədr müavini olması razılaşdırılsın. Biz eyni zamanda ”Müxalifətçilik haqqında” qanun layihəsi hazırlayıb təqdim elədik. Layihədə Milli Məclis komissiyalarında müxalifətin də təmsil olunması kimi məsələləri əks elətdirdik. Lakin hakimiyyət həmin deputatın da müxalifətin adından parlament sədrinin müavini olmasına razılıq vermədi. Təqdim etdiyimiz layihə də qəbul edilmədi. Göründüyü kimi, hakimiyyət islahat xarakterli heç bir addıma getmir. Hakimiyyət tamamilə fərqli bir Azərbaycan modeli formalaşdırıb. Bunu inkişafın Azərbaycan modeli adlandırsalar da, əslində sırf antidemokratik inkişafı nəzərdə tutan modeldir. Bu modeldə demokratik islahatlar anlayışı yoxdur”.

COMMENTS