Ollandın saxta soyqırımın “yubiley” törəninin ardınca İrəvandan Bakıya gəlmək istəyinin azı, 4 səbəbi var; prezidentlərin Paris görüşündən dərhal sonra erməni təxribatı təsadüf idimi?
Xəbər verildiyi kimi, Fransa prezidenti Fransua Olland aprelin axırlarında Azərbaycan və Ermənistana səfər etməyə hazırlaşır. Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezir bununla bağlı bildirib ki, Olland İrəvan və Bakıya aprelin 24-ü və 25-də edəcəyi ziyarəti zamanı azərbaycanlı və erməni həmkarları ilə Dağlıq Qarabağ problemini müzakirə edəcək. Bəllidir ki, bundan qabaq Fransa dövlət başçısının aprelin 24-də İrəvanda saxta soyqırım iddialarının 100 illiyi ilə bağlı tədbirə qatılacağı xəbəri yayılmışdı.
Fransua Ollandın Ermənistanla yanaşı, Azərbaycan paytaxtına da edəcəyi səfərin məqsədinə toxunan diplomat qeyd edib ki, “Paris Qarabağ konfliktinin qəti şəkildə həllinə nail olmaq üçün ABŞ və Rusiya ilə birgə həmsədr olaraq tam həcmdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə cəlb edilib”.
Onun sözlərinə görə, hazırkı status-kvo Azərbaycan və Ermənistanın maraqlarına cavab vermir. “Təmas xəttində son aylardakı gərginlik problemin dinc həllinə yönəlik ”Madrid prinsipləri”nin həyata keçirilməsinin kəskin zərurət olduğunu sübut edir.
Deməli, Fransa fəal şəkildə bu yöndə səylərini davam etdirəcək” – əlavə edib Fransa dövlətinin rəsmisi.
Fransanın Ermənistandakı səfiri Jan Şarpantye də Ollandın aprelin 24-də İrəvana gələcəyi xəbərini təsdiqləyib. Diplomat deyib ki, prezidenti 120 nəfərdən ibarət yüksək çinli məmurlar və jurnalistlər müşayiət edəcək. “Biz səfirlik olaraq Ollandın ziyarətinin təşkili yönündə çalışırıq. Hələlik dəqiq bilmirik, məhz kimlər onu müşayiət edəcək. Ancaq nümayəndə heyətinə Fransanın erməni təşkilatının nümayəndələri də daxil olacaq” – bildirib səfir.
Göründüyü kimi, Fransa lideri erməni lobbistləri ilə birgə Ermənistana getməklə bir daha ermənilərə xüsusi rəğbət bəslədiyini nümayiş etdirmiş olacaq. Səfərin diqqətçəkici siyasi özəlliklərindən biri də zatən bu sayıla bilər…
* * *
Bu mənada Fransua Ollandın İrəvandan sonra – aprelin 25-də Türkiyəyə deyil, məhz Azərbaycana yollanmağı planlaşdırması Qarabağ məsələsinin həllinə rəsmi Parisin verdiyi önəmdən daha çox, əslində neytral vasitəçi imicini qoruyub saxlamaq, İrəvanla yanaşı, Bakının da etimadını itirməmək məramı güdür. Eyni zamanda bu qərar saxta soyqırım törəninə qatılmağın labüd olaraq, Bakı və Ankarada yaradacağı haqlı qıcıq hisslərini arxa plana sürüşdürmək, Ermənistan səfərinin siyasi önəmini azaltmaq niyyəti daşıya bilər. Belə bir gedişi obrazlı şəkildə Fransanın Güney Qafqaz siyasətində taktiki “At gedişi” də adlandırmaq mümkündür.
Bu manevri diktə edən yanakı motivlər də yox deyil. O sırada Avropa Birliyinin aparıcı dövlətlərindən biri kimi Fransanın son vaxtlar öz qonşuları üçün ciddi təhdid mənbəyinə çevrilən Rusiya qarşısında Azərbaycanı yalqız buraxmamaq, ona bir növ siyasi-mənəvi moral vermək, Moskvanın Dağlıq Qarabağ kartından yararlanıb bölgəni qarışdırmaq planlarına mane olmaq məramını vurğulamaq olar.
Sonuncu hədəf sözsüz ki, ümumən Qərbin regiona yönəlik strateji maraqlarına da uyğundur. Unutmaq olmaz ki, Ukrayna böhranı fonunda Qərb indi heç vaxt olmadığı qədər Dağlıq Qarabağ məsələsində patronajlığın, həlledici söz sahibliyinin Kremldə qalmasında maraqlı deyil.
* * *
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında prezidentlərin son görüşü ötən il oktyabrın 27-də, Parisdə, Yelisey sarayında olub. Bu görüş konkret bir sənədin imzalanması ilə nəticələnməsə də, Fransa tərəfi üçün görüş superdövlət imicini təsdiqləmək baxımından az əhəmiyyət daşımırdı.
Fransua Ollandın təxminən 6 aylıq fasilədən sonra prosesə yeni stimul vermək üçün regiona şəxsən təşrif buyurması təqdir edilməyə bilməz. Ancaq aydındır ki, Qərbi təmsil eləsə də, Qarabağ məsələsində təkcə Parisin təşəbbüskarlığı kifayət deyil. Burdaca yada salmaq yetər ki, 27 oktyabr görüşündən cəmi 10 gün sonra erməni işğalçı qüvvələri ərazilərimizdə geniş miqyaslı hərbi təlimlərə başlamışdılar ki, bunun da “finalı” noyabrın 12-də erməni hərbi vertolyotunun vurulması ilə nəticələndi və sülh danışıqları ətrafında atmosfer daha da pisləşdi.
Bundan əlavə, məhz Paris görüşünün başladığı gün – oktyabrın 27-də Xankəndində azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qondarma məhkəmə prosesi start götürmüşdü…
* * *
Sadalananlar Fransanın vasitəçiliyinə Kremlin göstərdiyi qıcığın özünəməxsus reaksiyası idi. Bəs bu dəfə Moskvadan hansı gözlənilməz reaksiyalar mümkündür? Fransua Olland İrəvandan Bakıya gəlməmişdən öncə orada eyni tədbirə qatılacaq Vladimir Putinlə də görüşüb Qarabağa dair məsləhətləşmələr aparacaqmı?
Bu suallar hələ ki açıqdır. Bir şey artıq dəqiqdir ki, Olland Bakıya Çanakkaladan gəlməyəcək – Azərbaycan prezidenti İlham Əliyevdən fərqli olaraq.
COMMENTS