Parlament müxalifətinin mitinq MÜƏMMASI

Müxalifət partiyaları arasında Müsavat və AXCP zaman-zaman müxtəlif məsələlərlə bağlı mitinq keçirməyə cəhd edir.

Aksiyalar adətən, seçkiqabağı təbliğat məqsədilə keçirilsə də, digər vaxtlarda siyasi məhbusların azad olunması, sosial problemlərlə də bağlı təşkil olunur. Martın 15-də Milli Şura manatın devalyasiyasından sonra yaranan qiymət artımı ilə bağlı mitinq keçirəcək. Maraqlıdır, parlamentdə təmsil olunan bir çox müxalifət partiyaları nəyə görə bu cür aksiyalar keçirməyə təşəbbüs göstərmirlər? Ümumiyyətlə, müxalifət partiyalarının mitinq keçirməməsi hansı səbəblərlə əlaqədardır?

Modern.az məsələ ilə bağlı parlamentdə təmsil olunan müxalifət partiyalarına müraciət edib.Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxalı indiki məqamda mitinq keçirməyi planlaşdırmır:

“Təbii ki, iqtisadi sıxıntılarla bağlı narazılıqlar var. Belə problemlə üzləşənlər, yaxud belələrini müdafiə etmək niyyətində olanlar mitinq keçirir. Biz isə o aksiyalarda iştirak etmirik. “Bizim partiya niyə mitinq keçirmir” fikri ilə razı deyiləm. Təbii ki, lazım olan zamanda bizim partiya da aksiya keçirib. Seçki və partiyanın təbliğatı ilə bağlı ehtiyac duyduğumuz dönəmlərdə mitinqə ehtiyac olubsa, keçirmişik. Ümumiyyətlə, mitinq keçirmək nə öhdəlikdir, nə də partiyanın əsas vacib işidir. Bu dəqiqə isə partiyamızın mitinq keçirməklə bağlı xüsusi qərarıyoxdur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə mitinq keçirmək üçün hər hansı qərar qəbul etmədiklərini deyib:

“Bizim mitinq məsələsinə öz yanaşmamız, digər müxalifət partiyalarının da öz yanaşması var. Hamı eyni məsələni icra etməməlidir. Nə zaman mitinq keçirmək haqqında qərar qəbul etsək, o zaman da keçirəcəyik. Bu gün isə hələlik mitinq keçirmək planımız yoxdur”.

Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa sosial şəbəkələr vasitəsilə insanlara fikirlərini çatdırmağı meydanlarda mitinq keçirməkdən üstün tutur: “Mitinq keçirmək olar. Amma indiki dövrdə bizim siyasi anlayışımıza görə buna ehtiyac yoxdur. Daha ağıllı variantı sosial şəbəkələrdə aktiv rol almaqda görürəm. Məsələn, sosial şəbəkələrdə – Facebook, Twitter-də ən çox fikirləri yayılan, müzakirəyə çıxarılmaq baxımından bizim partiyanın rolu çox böyükdür. Ona görə özüm də birbaşa bu şəbəkələrdə fikirlərimin geniş auditoriyaya yayılmasını təmin edirəm. Çünki müasir texnologiya dövründə 5 min adamı yığıb birlikdə nəyisə ifadə etmək əvəzinə, milyonlarla insana fikirlərimizi çatdırmaq, dəstək qazanmaq, məsələlərə mövqe nümayiş etdirmək daha yaxşı deyilmi?! Buna üstünlük verirəm. İndiki dövrdə mitinq keçirmək əhalinin marağına uyğun deyil. Kiminsə soyuq və ya isti havada çölə çıxacaq halı yoxdur. Hamı evində oturub sosial şəbəkələr vasitəsilə məsələləri izləməklə məşğuldur. Bu cür real fikirləri çatdıra bilmə metodunu əvvəlki dövrlərin etiraz formaları ilə müqayisədə daha məqbul hesab edirəm. Əsas budur”.

Ana Vətən Partiyasının sədri (AVP) Fəzail Ağamalı isə sosial sifariş yoxdursa, meydanlara axışmağın mənasız olduğunu düşünür:

“Mitinqi o zaman keçirmək lazımdır ki, həqiqətən də xalqın fikirləri sosial sifarişli olsun. Cəmiyyət, onun mütləq əksəriyyəti ortalığa sosial sifariş qoysun və biz də sosial sifarişə uyğun olaraq partiyalarda onu gündəliyə gətirək, KİV-ə deyək, parlamentdə səsləndirək. O zaman da fikirlərimizi daha da təsirli etmək üçün ifadə azadlığı olan sərbəst toplaşma imkanından istifadə edərək mitinq keçirək. Azərbaycanda sosial sifariş olmadığına görə mitinqlərin keçirilməsinə ehtiyac duymuruq. Milli Şuranın sosial məsələlərlə bağlı ayın 15-nə planlaşdırdığı mitinq isə sosial sifariş deyil. Yaranmış situasiyadan bəhrələnmək, zövqünü ifdə etmək kimi məqsədə xidmət edir. Bir daha şahidi olacağıq ki, növbəti mitinq də digərləri kimi çox sönük keçəcək və fiaskoya uğrayacaq”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev də mitinqlərin keçirilməsinə əsas görmür:

“Mən meydanlardakı davanı, müzakirələri parlamentə gətirməyin tərəfdarıyam. Vaxtilə radikal müxalifətdə olmuşam. SSRİ imperiyasına qarşı qanunsuz və qanuni vasitələrlə mübarizə aparmışam. Hətta 8 il həbs də olunmuşam. Bu, mənim ömrümün şərəfli hissəsindən biridir. İndi müstəqil dövlətimiz var, quruculuq işləri aparıram. Bu gün özünü göstərmək üçün hər hansı formada mitinq keçirilirsə, bunun mənası yoxdur”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov da meydanlara çıxmağa ehtiyac görmür: “Biz hələlik mitinq keçirmək haqqında fikirləşmirik. Buna ehtiyac da görümürük”.

Göründüyü kimi, hər bir müxalifət partiyasının mitinq keçirməklə bağlı fərqli yanaşması var. Amma mitinqlər təkcə seçkiqabağı təbliğat, təşviqatın aparılması, sosial məsələlərin həlli ilə bitmir. Mitinqlərin keçirilməsi həm də insanların hər hansı məsələyə etirazının təzahürü kimi baş verir. Ermənistan tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun geri qaytarılmaması, Qarabağ münaqişəsinin həll olunmaması və digər məsələlərlə bağlı cəmiyyətin bir yerə toplaşması çox önəmlidir.

Düzdür, partiya sədrlərinin fikirlərinə görə, bugünkü reallıqda mitinqlərin keçirilməsinə ehtiyac yoxdur. Amma müxtəlif səpkili problemlər mitinqlərin keçirilməsinin zəruriliyini gündəmə gətirir. Mütləq deyil ki, mitinqlərdə fiziki zorakılıqlar, asayişi pozma halları olmalıdır. Unutmayaq ki, sivil qaydalara uyğun olaraq, insanların meydanlarda toplaşmasını təmin etmək, məsələləri gündəmdə saxlamağa xidmətdir.

COMMENTS