Deputatlar islahatlara yeni hökumətlə getməyi, “Azərişıq”, “Azəriqaz”, AZAL və “Azərsu”nun özəlləşdirilməsini təklif etdilər
Milli Məclisin növbədənkənar sessiyası öz işini davam etdirir.
Müzakirələrdə çıxış edən deputat Fuad Muradov dedi ki, indiki dövrdə bütün banklara eyni yanaşma olmaldır: “Əgər vəziyyəti həqiqətən ağır olan banklar varsa, bu barədə insanlara düzgün informasiyalar verilməlidir. Yoxsa süni ajiotaj yaradan xüsusi qruplar var, sosial şəbəkələrdə guya ərzaq qıtlığının olduğu və banklarda vəziyyətin çox ağır olduğu barədə məlumatlar yayırlar. Ona görə də, məsul şəxslər vaxtaşırı ictimaiyyəti məlumatlandırsalar, yaxşı olar”.
Deputat Fazil Mustafa dedi ki, indiki dövrdə bir vicdan proqramına, insanların emossiyalara qapılmadan bu vəziyyətdən necə çıxmaqla bağlı addımlar atmasına ehtiyac var: “Cənab prezidentin son çıxışından sonra insanların inamı bərpa olunub. Amma ondan əvvəl hökumət üzvləri və Mərkəzi Bankın rəhbərliyinin dediklərinə ciddi əhəmiyyət verilmirdi. Çünki xalq onlara olan inamı itirib. Ona görə də bu iqtisadi blokun da yenilənməsinə ehtiyac var. Yəni böhrandan çıxış prosesini bu böhrana səbəb olmuş şəxslər həll edə bilməyəcəklər”.
F.Mustafa digər təkliflər də verdi: “İlk növbədə sərt inzibati tədbirlərə keçilməlidir, idxal və ixracdakı inhisarçılığa son qoyulmalıdır. 1993-95-ci illərdə mərhum Heydər Əliyev hakimiyyətə gələndə buna bənzər vəziyyət yaranmışdı. Prezident o zaman qapıları açdı, ölkənin qabiliyyətli insanlarına geniş imkanlar yarandı. Bu gün də açın qapıları və özünüz görəcəksiniz ki, vətəndaş öz təşəbbüsü ilə gedib İrandan, Rusiyadan lazım olan malları gətirəcək”.
Deputat dedi ki, statistik rəqəmləri də bir tərəfə qoymağın zamanıdır: “Vaxtilə Moskvaya hesabat vermək üçün rəqəmləri şişirdirdik. Bu gün kimi aldadırıq? Hər gün 300-500 nəfər işsiz qalır. Bunlar aclar ordusudur. Sabah onlar dövlətə qarşı qaldırıla bilər. Hamını içkili, ekstremist adlandıra bilmərik ki… Bu gün adamlar siyasi tələblərlə çıxış etmir, çörək istəyirlər. Ötən il 2,7 milyard vəsait xaricə çıxarılıb, ölkəyə qoyulan sərmayə olduqca aşağı düşüb. Fundamental köklü islahatların aparılmasını, bu islahatalara parlamentin qoşulmasını təklif edirəm. Prezidentin müşavirəsini gözləməyə ehtiyac yoxdur. Ayrı-ayrı komitələrdə müzakirələr keçirilməli, təkliflər verilməlidir. 5-10 adamın aldığı qərarla bu gün ölkənin düşdüyü vəziyyətin ağırlığını daşıyırıq. Bizi də söyürlər, bizə də deyirlər ki, xalqın problemləri ilə məşğul olmursunuz”.
Deputat Əli Məsimli dedi ki, prezidentin 30 təklifindən 15-i yerinə yetirilsə, vəziyyət yaxşılığa doğru ciddi şəkildə dəyişər: “O halda 2017-ci ilin birinci yarısında iqtisadiyyatın sabitləşməsi istiqamətində samballı addımlar ata biləcəyik. Əks təqdirdə, bu proses bir neçə il uzana bilər. Ən ciddi məsələ isə Azərbaycanda monopoliyanın birdəfəlik sındırılmasıdır”.
Ə.Məsimli xatırlatdı ki, 2008-ci il böhranından sonra o və həmkarı Vahid Əhmədov Neft Fondundan 2 milyard vəsaitin sahibkarlığın inkişafına yönəldilməsi istiqamətində təkliflər vermişdi: “Əgər o zaman bu addımlar atılsaydı, 2010-cu ildə biz bu işlərin bəhrəsini görəcəkdik, istehsal sahəsində ciddi uğurlar qazanardıq. Lakin idxaldan daha çox qazananlar oldu. Dövlət, əhali qazanmaq əvəzinə, hansısa konkret şəxsər milyardlarla pul qazandı”.
Deputat bildirdi ki, ölkədə çox az ailələr tapılar ki, onların krediti olmasın: “Ona görə də, “nə şiş yansın, nə kabab” prinsipi ilə çıxış edib, dollarla bağlı kreditlər məsələsini həll etmək olar. Hələlik manatın devalvasiya prosesi öz kulminasiyasına çatmayıb. Belə davam etsə, dollarla bağlı kredit götürənlər 3-4 dəfə artıq vəsait ödəməli olacaqlar”.
Spiker Oqtay Əsədov dedi ki, hər şeyi birdən həll etmək mümkün deyil: “Əvvəlcə bu qərarları qəbul edək, banklar əmanətlər alsınlar, işləsinlər, sonra bu məsələlərə də baxarıq. Siz hər şeyin birdən həll olunmasını istəyirsiniz, bu, mümkün deyil”.
Deputat Qüdrət Həsənquliyev “niyə vaxtilə xaricdəki pullarımızdan 2 milyard gətirmədik” sualını bir daha xatırlatdı: “Bir var, pullar infrastruktur layihələrinə xərclənsin, bir də var ki, sahibkar aşağı faizlə bankdan pul götürsün, gedib məhsul istehsal etsin. Əgər biz sahibkara öz istehsal etdiyi məhsulu istədiyi qiymətə satmağa imkan verməyəcəyiksə, bu, yaxşı vəziyyət yaratmayacaq. Sahibkara “get malı bu qiymətə sat” desən, o, istehsala maraqlı olmayacaq”.
Q.Həsənquliyev dedi ki, ikinci devalvasiyadan sonra da kifayət qədər vaxt itirilib: “Nazir dedi ki, sahibkarlığa yardım məqsədilə 250 milyon vəsait ayrılacaq. Bu, çox azdır. Qoy, xaricdən 2 milyard manat pul gətirilsin və sahikarlara güzəştli kredit verilsin”.
Deputat xaricə təhsil ardınca gedənlərlə bağlı da təklif verdi. O, dedi ki, ödənişli təhsillə bağlı addım atmaq, xaricdə təhsil alan tələbələrin ölkəyə qayıtmasına, vəsaiti öz ölkəmizə qoymasına imkan yaradılmalıdır.
“İran və Türkiyə ilə viza rejimi aradan qaldırılmalı və ya sadələşdirilmiş viza sistemi tətbiq edilməlidir. Avropa Birliyi ilə viza rejimi ləğv olunmalıdır. Qoy, rahat gəlsinlər, valyuta xərcləsinlər, turizm də inkişaf etsin” – deyən Q.Həsənquliyev özəlləşmə ilə bağlı prosesin sürətli şəkildə həyata keçirilməsini, “Azərişıq”, “Azəriqaz”, AZAL və “Azərsu”nun özəlləşdirilməsinin zamanının çatdığını bildirdi.
Deputat Azay Quliyev ictimail-siyasi sabitliyin qorunmasını, manata inamı bərpa etməyi, qeyri-neft sektorunun inkişafını mühüm məsələ olaraq vurğuladı: “Mən əlbəttə, əhalinin narazılığını və narahatlığını qəbul edirəm, onların bölgələrdə keçirilən aksiyalarını da anlayıram”.
Amma deputat əlavə etdi ki, burada kənar qüvvələrin iştirakı da diqqətdən qaçmamalıdır: “İctimai-siyasi sabitlik bizim üçün olduqca önəmlidir”.
A.Quliyev qeyd etdi ki, sahibkarlığın inkişafı, gömrükdə inhisarçılığın, korrupsiyanın tam aradan qaldırılması xüsusilə önəm kəsb edir. Deputat dollarla kredit götürənlərlə bağlı xüsusi yanaşma tələb olunduğunu və konkret addımlar atmağın zəruri olduğunu qeyd etdi: “Elə ailələr var ki, onun bir neçə işləyən üzvü ixtisara düşüb. Onlara heç olmasa, kompensasiya ödənilirmi? Yaxud heç olmasa, ailənin bir üzvü iş yerini itirməsin”.
A.Quliyev prezidentin tövsiyələrinə diqqət çəkib, ictimai nəzarətin effektli şəkildə həyata keçirilməsini təklif etdi.
COMMENTS