Partiya sədrlərindən İlham Əliyevə müraciət

Bugün Qarabağ Bloku həbsdə olan tanınmış hüquq müdafiəçiləri-Leyla və Arif Yunuslar, İntiqam Əliyevlə bağlı prezident İlham Əliyevə müraciət edib. Dosye.org müraciəti sizə təqdim edir:

 

“Hörmətli cənab Prezident! Son günlər bir sıra hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib. “Qarabağ” siyasi bloku olaraq biz bu həbsləri təqdir etməmiş, cinayət işlərinin ictimai fəaliyyətə yönəlik olduğunu qeyd etmişik. Hörmətli cənab Prezident!
Bu gün Sizə müraciət etməkdə məqsədimiz həbs olunan insanların səhhətləri ilə bağlıdır. Konstitusiyamız hər bir insana yaşamaq haqqı tanıyır. Həbsdə olan Leyla və Arif Yunuslar, o cümlədən İntiqam Əliyev səhhətlərindəki problemdən ciddi əziyyət çəkir və onların sağlam yaşamaq hüquqları təhlükə altındadır. Səhhətlərindəki problemlər onların həbs şəraitində qalmasına imkan vermir.

Hörmətli cənab Prezident! Səlahiyyətlərinizdən istifadə edərək adı çəkilən hər üç şəxsin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə göstəriş verməniz həm insanların sağlamlığına qovuşmasına yardım edər, həm də ölkə daxilində ictimai gərginliyin azalmasına xidmət edər. İnanmaq istərdik ki, müraciətimiz cavabsız qalmayacaq, Leyla və Arif Yunuslar, İntiqam Əliyev haqqında həbs-qəti imkan tədbiri dəyişdiriləcək”

COMMENTS