Paşinyan Belarusun Azərbaycana silah satmasından ciddi narahatdır

Paşinyan Belarusun Azərbaycana silah satmasından ciddi narahatdır

“Azərbaycana silah satılması Ermənistanın maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mahiyyətinə ziddir”.

Dosye.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu dəqiqələrdə keçirdiyi mətbuat konfransında deyib.

Jurnalistlərin “KTMT-nin baş katibi postu ilə əlaqədar Yerevanla Minsk arasında kəskin bəyanatlar mübadiləsindən sonra ötən gün Belarusla Azərbaycan arasında hərbi memorandumun imzalanması Minskin Ermənistana cavabıdırmı” sualına cavabında Paşinyan bildirib ki, hələ 3 ay bundan əvvəl “Polonez”lərlə bağlı Bakı ilə Minsk arasında müqavilə imzalanıb və bu, KTMT-nin baş katibi postunda Ermənistan nümayəndəsinin olduğu zaman baş verib.

“Bizim mövqeyimiz aydındır. Biz bu cür sazişləri (Azərbaycana silah tədarükü barədə) qınayırıq və hesab edirik ki, bu, Ermənistanın maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında əməkdaşlığın ruhuna ziddir. Daha əvvəl də söylədiyim kimi, indiki mərhələdə əsas məsələ budur: Biz izahat almalıyıq və hər bir ölkəyə aydın olmalıdır ki, onun öz tərəfdaşları və təşkilat qarşısındakı öhdəlikləri, eləcə də, təşkilatın üzv dövlətlər qarşısında öhdəlikləri nədir. Biz öz müttəfiqlik öhdəliklərimizi yerinə yetiririk, lakin bir sıra digər tərəfdaşlarımız barədə eyni şeyi deyə bilmirik”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, ötən gün Belarusa səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra silahlar və hava hücumundan müdafiə texnikaları ilə təchizat sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair Belarusun Hərbi-Sənaye Dövlət Komitəsi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Ölkə başçısı bildirib ki, “Belarusdan növbəti partiya hərbi texnikanın əldə edilməsi üçün ən qısa vaxtda bu memorandum müqaviləyə çevriləcək”.

Dosye.org

COMMENTS