Top.Mail.Ru

“Paşinyan Qarabağın Azərbaycan tərkibinə qayıtmasına razılaşıb” – İrəvanda panika

“Paşinyan Qarabağın Azərbaycan tərkibinə qayıtmasına razılaşıb” – İrəvanda panika

Bir neçə gün öncə Avropa Birliyinin əsas strukturu olan Avropa Parlamentində (AP) Dağlıq Qarabağla bağlı mühüm bir sənəd qəbul olundu. Qurumun Azərbaycan üzrə məruzəçisi, Ermənistan üzrə məruzəçisi, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yaydılar. Bəyanatda Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur. 

Avropa Parlamentində bu qəbildən qəbul olunan ilk birgə sənəd gözlənildiyi kimi, işğalçı ölkədə az qala şok effekti yaradıb. Bir çox erməni siyasətçiləri, deputatlar və ekspertlər bunu Qarabağ uğrunda diplomatik savaşda İrəvanın Bakıya növbəti diplomatik məğlubiyyəti kimi qiymətləndiriblər.

Qeyd edək ki, “üçlüyü”n qərarından az öncə – ötən ayın sonunda Avropa Parlamentinin Xarici İşlər komitəsində “Şərq Tərəfdaşlığı” ölkələri – Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanın ərazi bütövlüyünə birmənalı dəstəyin əks olunduğu qanun layihəsini qəbul edilib. Sənəd Dağlıq Qarabağ separatçılarına öz müqəddəratı təyinetmə “haqqı”nı birdəfəlik gündəmdən çıxarmaqla yanaşı, rəsmi Bakıya öz ərazi bütövlüyünü bərpa eləmək üçün, faktiki, savaş haqqı tanıyır. İyunun 17-18-də, yəni cəmi 3  gün sonra AP-ın iclasında həmin qanun layihəsinin təsdiqlənməsi gözlənilir. İrəvanın siyasi və ekspert dairələrində təlaş həm də bununla bağlıdır.

“Yaxın günlərdə Avropa Parlamentinin Qarabağla bağlı növbəti sərt qətnaməsi olacaq. Orada deyilir ki, Dağlıq Qarabağ – işğal edilmiş ərazidir”. 

Musavat.com-un məlumatına görə, bunu erməni KİV-ə açıqlamasında, politoloq, Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Ermənistan prezidentinin Qarabağ danışıqlarında xüsusi nümayəndəsi olmuş David Şahnazaryan Avropa Parlamentinin Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı qəbul etdiyi sərt bəyanata münasibət bildirərkən deyib.

“Son vaxtlaradək belə bəyanatlar əsla verilmirdi, çünki Dağlıq Qarabağ və işğal olunmuş ərazilər bir-birindən fərqləndirilirdi. İndi onlar eyniləşdirilir. Bundan əlavə, bəyanatda münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həlli üçün Ermənistan və Azərbaycan hakimiyyətlərinə müraciət edilir”, – deyə David Şahnazaryan qeyd edib.

Sözünə davam edən Şahnazarayan deyib: “Bu açıqlamada həm həmsədrlərin, həm də Azərbaycan və Ermənistanın hazırkı hakimiyyəti tərəfindən qəbul olunan məqamlar vurğulanır, çünki hazırkı hakimiyyət danışıqları nəinki mərhələli formatda aparır, üstəlik, o, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına razılıq verib. Bunu bir neçə dəfə dolayısıyla baş nazir Paşinyan bəyan edib – hədəflərinin “Dağlıq Qarabağ xalqı”nın (dırnaqlar bizimdir – Musavat.com) öz müqəddəratını təyinetmə hüququnu tanımaq olduğunu söyləməklə. Halbuki bu hüquq 1992-ci ildən tanınıb. Bu sənəddə də inkar edilmir, ancaq deyilir ki, sizin (Qarabağ ermənilərinin – Musavat.com.) öz müqəddəratını təyinetmə dərəcəniz Azərbaycanın ərazi bütövlüyü və sərhədləri ilə məhdudlaşır. Yəni Ermənistan hakimiyyətinin niyə və nəyə razılaşdırıldığı burada təsbit edilib”.

Erməni politoloq hesab edir ki, Avroparlamentdə “üçlüyün” Qarabağa yol çəkilməsinə etiraz bildirən birgə bəyanatı əslində bir neçə gün sonra qurumda təsdiqlənəcək qanun layihəsi ilə müqayisədə az əhəmiyyətli sənəddir: “Üçlüyün” bəyanatı bütövün yalnız kiçicik tərkib hissəsidir. Çünki layihənin maddələrindən birinə əsasən, Azərbaycanın hərbi əməliyyatlara da əl atmaqla, öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Digər bir bənddə isə birbaşa yazılır ki, Rusiyanın birbaşa tərəf olduğu “Şərq Tərəfdaşlığı” ölkələrində münaqişələrlə bağlı sülh yolu ilə nizamlanma və güc tətbiq edilməmə prinsipləri tətbiq olunur. Yəni bu, Qarabağ münaqişəsinə aid deyil (Rusiya Qarabağ məsələsində rəsmən tərəf deyil – Musabat.com ). Mövcud vəziyyət bundan ibarətdir. Hakimiyyətin ələ keçirən Paşinyanın başçılıq elədiyi qüvvənin ilk gündən həyata keçirdiyi siyasətin nəticəsi budur. Mən artıq bildirmişəm ki, biz “qırmızı xətt”ə çatmışıq. Başqa daha nə baş verməlidir ki, bizim əksər siyasi qüvvələrimiz, ümumən cəmiyyətimiz anlasın ki, Bakıdan idarə olunan bu iqtidar hakimiyyətə məqsədli şəkildə gətirilib və davamlı olaraq ona verilən proqram üzrə hərəkət edir”.

Onun sözlərinə görə, bu gün Ermənistanın xarici siyasəti anlayışı mövcud deyil və Paşinyan və onun hökuməti Ermənistanı beynəlxalq münasibətlər subyektindən beynəlxalq münasibətlər obyektinə çevirib.

“Yəni biz dövlət olaraq yoxuq, mövcud deyilik. Bundan əlavə, onlar Ermənistanı fövqəldövlətlərin, qlobal güc mərkəzlərinin toqquşma nöqtəsinə çeviriblər. Bir neçə güc mərkəzi var: Rusiya, ABŞ, Avropa, İran, Çin. Bəs bunlar nə etdilər? Paşinyan Ermənistan dövlətini sadəcə bir əraziyə çevirdi”, – deyə Şahnazaryan sonda vurğulayıb.

Siyasət şöbəsi,
Musavat.com

COMMENTS