Top.Mail.Ru

Paşinyanın iki variantı: Ermənistanda təhlükə böyüyür – GƏLİŞMƏ

Paşinyanın iki variantı: Ermənistanda təhlükə böyüyür – GƏLİŞMƏ

Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır. Əhalisinin sayı Azərbaycandan üç dəfə az olan təcavüzkar ölkədə virusa yoluxma mart və aprel ayları ilə müqayisədə 13 dəfə artıb. Bu isə əsl fəlakətli göstərici sayılır. İyunun 2-3-də yoluxma sayı 500-dən çox olub.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyanın da virusa tutulması düşmən ölkədə nə qədər acınacaqlı bir vəziyyətin yaşadığının bariz sübutudur.

Paşinyan iyunun 2-də açıq havada keçirdiyi brifinqdə hazırkı vəziyyətdən çıxış üçün əhaliyə iki variant təklif edib. O, birinci variant üçün deyib ki, insanlar kütləvi surətdə karantin tədbirlərinə ciddi riayət edir və Ermənistan indiki ağır vəziyyətdən tədricən çıxmağa başlayır. İkinci variant üçün isə bunları deyib: “Qaydalara riayət edilməyəcəyi halda yenidən məhdudlaşdırma tədbirlərinə baş vurmaq məcburiyyətində qalacağıq. Bu isə epidemiya ilə əlaqədar onsuz da dərin böhrana yuvarlanan iqtisadiyyatımızın və sosial durumumuzun fəlakətə sürüklənməsi deməkdir. Dövlətin imkanlarının sərhədi var, vəziyyətlə bağlı yenə qapansaq, uzun illər ağır iqtisadi durumdan qurtula bilməyəcəyik”.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Paşinyanın son açıqlamaları ilə erməniləri seçim qarşısında qoyduğunu qeyd etdi: “Paşinyanı eşidən azdır. Buna misal kimi o, Ermənistanın şəhərlərindən birində köhnə avtobusa doluşan sakinlərin şəkillərini göstərib. Həmin şəkildə zavoddan çıxan maskasız ermənilər bir-birilərini sıxaraq avtobusa doluşurlar. Daha sonra yayılan xəbərə görə, həmin zavod 3 günlüyünə karantinə bağlanıb. Bu isə işçilər arasında narazılıq yaradıb. Çünki müəssisənin fəaliyyətinin dayandırılması maaşların dondurulması və onların sosial vəziyyətlərinin ağırlaşması deməkdir. Paşinyan durumun vahiməli olduğunu həm də onunla izah edib ki, ölkədə hələ test edilməyən xeyli sayda virusa yoluxan var və ən böyük təhlükə mənbəyi onlardır.

Paşinyan insanları qaydalara riayət etməyə çağırarkən özü virusa yoluxub və ermənilər üçün pis nümunəyə çevrilib. O, virusa yoluxmasını ona su gətirən hansısa xidmətçisinin boynuna atsa da, Ermənistanda buna inanan azdır. Viruslu Paşinyanın Ermənistanın hazırkı ağır vəziyyətində işğal altındakı Şuşaya gəlişi, orada heç bir sosial məsafə gözləmədən maskasız şəkildə qonaqlarla süfrə arxasında şadyanalıq etməsi Ermənistanda müzakirə predmetidir. Baş nazirin özü qaydalara riayət etməyibsə və virusa yoluxubsa, onun “qaydalara riayət edin” çağırışını ölkəsində kimsə eşidərmi?”

Politoloq Ermənistanın Avropadan ciddi zərbə almasından da söz açdı: “Avropa İttifaqı Ermənistanın aviaşirkətlərinə Avropa ölkələrinə uçuşlar həyata keçirməsini qadağan edib. Səbəbi sadədir. Ermənistanın təyyarələri köhnə və istifadəyə yararsızdır. Bu ölkənin maliyyəsi yoxdur ki, yeni sərnişin təyyarələri alsın. Köhnə təyyarələr isə Avropa üçün təhlükə mənbəyidir, bu təyyarələrin başına hansı ölkənin səmasında nə iş gələcəyi bəlli deyil. Avropa özünü köhnə təyyarələrdən qorumaqda haqlıdır. Ermənistan və əks istiqamətə yalnız inkişaf etmiş dövlətlərin aviaşirkətlərinə uçuş həyata keçirilməsinə icazə veriləcək. Bu isə o deməkdir ki, Ermənistanın təyyarələri uzaqbaşı Rusiya və ya İran istiqamətində uçuşlar həyata keçirə bilərlər. Ancaq bir gün Moskva və Tehran da Avropa kimi Ermənistanın köhnə təyyarələrindən qorunmaq qərarını verə bilər. Strateji tərəfdaşlıq öz yerində, ancaq Rusiya və İran da özlərini təhlükəli sərnişin təyyarələrindən qorumaq məcburiyyətindədirlər. Belə vəziyyətdə Ermənistana aid şirkətləri müflisləşmə gözləyir”.

DOSYE.ORG

COMMENTS