Penitensiar Xidmət: Hansısa məhkum əfvdən imtina etməyib

Penitensiar Xidmət: Hansısa məhkum əfvdən imtina etməyib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti əfv sərəncamının şamil olunduğu məhkumlardan birinin azadlığa çıxmaqdan imtina etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O, belə bir halın baş vermədiyini deyib: “Hansı məhkum əfv sərəncamı ilə bağlı Prezident İlham Əliyevə müraciət edibsə, bütün sənədlər aidiyyəti üzrə göndərilib. Kimsə ailə problemi olduğuna görə əfvdən imtina etməyib”.

Xatırladaq ki, mətbuatda Prezident İlham Əliyevin aprelin 6-da pandemiya səbəbindən imzaladığı əfv sərəncamının şamil olunduğu məhkumlardan birinin ailə probleminə görə azadlığa çıxmaqdan imtina etməsi ilə bağlı məlumat yayılıb.

***13:40

Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan məhkumlardan biri azadlığa çıxmaqdan imtina edib.

Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev yerli mediaya açıqlamasında bildirib.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Prezidenti əfv sərəncamı imzalayıb. Nəticədə yaşı 65-dən yuxarı olan 176 məhkum azad edilib.

Əliməmməd Nuriyev qeyd edib ki, şərti adı M.A. olan həmin şəxs övladını öldürüb:

“Yaşı 65-dən yuxarı olan məhkum əfv sərəncamındakı meyarlara uyğun gəlsə də, ərizə yazaraq, könüllü şəkildə azadlıqdan imtina edib. Çünki azadlıqda onu gözləyən kimsə yox idi. Övladını öldürdüyündən ailənin digər üzvləri ilə münaqişələri davam edir, ailəsi onu bağışlamayıb.

Həmin şəxs əfv olunsaydı, ailə daxilində başqa konflikt yarana bilərdi. Bildiyiniz kimi, əfvdən əvvəl hər bir məhkumla fərdi söhbətlər aparılır. Ağır cinayət törətməsinə rəğmən, səhhətində problem olduğu üçün həmin şəxsə əfv düşürdü. Amma o, bundan könüllü imtina etdi. Çünki deyirdi ki, “çıxsam yenə bura qayıdacağam”.

DOSYE.ORG

COMMENTS