Türkiyədə təhsil alan üç azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycan ictimaiyyətində ciddi rezonans doğurub.
Dosye.org xəbər verir ki, Modern.az saytı tələbələrdən biri ilə bağlı maraqlı məlumat əldə edib.
Qeyd edək ki, Youtube sosial şəbəkəsində yerləşdirilmiş bir videoçarxda müsahibələri yayımlanmış üç gəncin bu ilin aprel ayında Türkiyədə yoxa çıxan azərbaycanlı tələbələr olduğu bildirilir.
Məlum olub ki, həmin videomüsahibədə özlərini “Yıldırım Beyazıt Universitetinin tələbəsi Fərəməz Azəri”, “Turqut Özal Universitetinin tələbəsi Babək Hakır” və “Balıkesir Universitetinin tələbəsi Azad Mirkan” kimi təqdim edən gənclər əslində azərbaycanlılar Sənan Güləhmədov, Məmmədhüseyn Rüstəmov və Mobil Tağızadədir.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Modern.az-a açıqlamasında deyib ki, həmin tələbələr təhsil almağa dövlət xətti ilə deyil, özəl yollarla gediblər.
Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat müşaviri Elbəy Əliyev isə 3 tələbədən yalnız 2-sinin valideyinin onlara müraciət etdiyini vurğulayıb.
“Tələbələrdən Sənan Güləhmədov, Mobil Tağızadənin valideynləri övladlarının yoxa çıxması ilə bağlı bizə müraciət ediblər. Biz də səfirlik olaraq Türkiyənin müvafiq qurumlarına müraciət ünvanlamışıq”.
Hazırda Azərbaycanın Xarici İşlər, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri Ankaradakı Azərbaycan səfirliyi vasitəsi ilə Türkiyədə təhsil alan üç azərbaycanlı tələbənin PKK sıralarına qoşulmaları ilə bağlı məsələni araşdırır.
“BBC Azərbaycanca”nın tələbələrlə bağlı yaydığı bir məlumata görə, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova deyib ki, PKK-ya qoşulan tələbə Məhəmmədhüseyn Rüstəmov Azərbaycanın Şamaxı rayonundandır və bir din xadiminin oğludur.
Modern.az saytının əməkdaşı isə bu məsələ ilə bağlı araşdırma apararkən həmin din xadiminin kimlyi barədə məlumat əldə edib. Belə ki, saytımıza daxil olan məlumatda qeyd edilir ki, Məhəmmədhüseyn Rüstəmovun atası Şamaxıdakı İmamzadə məscidinin axundu Elşən Rüstəmovdur.
Müxbirimiz axundun mobil nömrəsini taparaq onunla əlaqə saxlayıb. Lakin telefon zəngimizə cavab verən şəxs özünü təqdim etmək istəməyib, eyni zamanda oğlunun Türkiyədə təhsil aldığını təsdiqləyib, amma Məmmədhüseynnin atası olmadığını da vurğulayıb. Ardınca telefonu qapadaraq danışmaq istəməyib.
Youtube-dakı videomüsahibədə özünü “Yıldırım Beyazıt Universitetinin tələbəsi Fərəməz Azəri” kimi təqdim edən Sənan Güləhmədovla da bağlı yeni məlumat var. Əldə etdiyimiz məlumata görə, o, 2014-cü ilin 1 mayında Bakıda keçirilmiş etiraz aksiyasının iştirakçısı olub. S.Güləhmədov o zaman polisin saxladığı aksiyaçılardan biri olub. Bunu digər videogörüntü də təsdiqləyir. Belə ki, Moden.az-a təqdim edilən videonun 7.22-ci dəqiqəsində görüntülənən şəxsin məhz PKK-ya qoşulmuş “Fərəməz Azəri” olduğu bildirilir.
COMMENTS