“Polad” şirkəti Qazanbulaq yolunun təmirinə ayrılan vəsaiti mənimsəyib

Qazanbulaq yolunun təmirinə cavabdeh olan “Polad” şirkəti həmin məqsəd üçün ayrılan vəsaiti mənimsəyib

 

Bunun nəticəsidir ki, həmin yol 2 ildir ki, dağınıq vəziyyətdədir

Goranboy rayonun Qazanbulaq qəsəbəsi hazırda acınacaqlı günlərini yaşayır. Belə ki, qəsəbəni Goranboy və rayonun digər yaşayış məskənləri ilə birləşdirən asvalt yol bir neçə ildir ki, dağıdılıb. O zamandan, bu yolun təmirinə bir əncam çəkən tapılmır.
Qeyd edək ki, Qazanbulaq qəsəbəsi sovet dönəmində rayonun əsas istehsal mərkəzlərindən sayılırdı. Burada həmin illərdə geoloji kəşfiyyat idarəsi, teatr avadanlığı zavodu və o zamankı Qasım İsmayılov rayonunu bütünlüklə çörəklə təmin edən çörək zavodu da fəaliyyət göstərirdi. Hansı ki, bu obyektlərdə çalışanlar da əsasən qəsəbə sakinləri idi. Həmin müəssisələrdə işləyənlər o zamanlar normal əmək haqqı da alırdı. Hətta qəsəbəyə kənardan işləməyə gələrək, burada qalanlar da vardı. Rayonun əsas xəstəxanaları da Qazanbulaq ərazisində yerləşirdi. Burada vaxtilə sarlıq xəstəxanası, vərəm dispanseri xəstəxanası mövcud idi. İndi isə onlardan əsər əlamət qalmayıb. Hamısı birləşdirilərək, Goranboyun özünə köçürülüb. Qazanbulaq şəhər tipli qəsəbə olduğundan, burada əkin-biçinlə məşğul olanlar da demək olar ki, olmayıb. İnsanlar ancaq zavod, fabriklərdə çalışıb. Hazırda isə bu zavodlar da tarixin arxivinə düşüblər. Nəticədə son on illiklər qəsəbə geriyə doğru addım atıb. İndi də buranın sakinlərinə əkin yerləri verilməyib. Bu barədə yerli əhali dəfələrlə müvafiq qurumlara müraciət ünvanlasa da, bu günə qədər məsələ öz həllini tapmayıb.
Qazanbulaq yoluna gəldikdə, bu yol “Polad” şirkətlər birliyi tərəfindən darmadağın edilib. Qazanbulaq qəsəbəsinin yolu tam şəkildə asvaltlanmışdı. Hansı ki, bu yol da sovet dövründə çəkilmişdi. İpək Yolunun çəkildiyi dövrdə yola tökülən xammal bütünlüklə Qazanbulaq ərazisindəki çaylaqdan daşınmışdı. Yola lazım olan bütün materiallar, qum, şebel bu çaylaqdan daşınırdı. Bu zaman ağır tonajlı yük maşınlarından istifadfə edildi ki, bunun da nəticəsində, Qazanbulağa gedən yol beləcə bərbad hala düşdü.
Sakinlərin bildirdiyinə görə, yola nəzarət edən “Polad” şirkəti tezliklə Qazanbulaq yolunu təmir edəcəklərinə söz versə də, bu günədək vədinə əməl etməyib. Deyilənə görə, bu şirkətə də “Azəryolservis”in rəhbəri Cavid Qurbanov başçılıq edir. 2-3 il bundan öncə yolun təmir edləcəyi barədə həmin şirkət tərəfindən söz verilsə də, bu günə qədər məsələ açıq olaraq qalır. Vəziyyətin bu cür davam etməsi yerli əhali arasında həmin şirkət barədə müəyyən narazılıqların yaranmasına rəvac verib. Sakinlər bu yolun haçansa düzələcəyinə olan azacıq ümidlərini də tamamilə itiriblər. Sanki, Qazanbulaq yolunu taleyin ümidinə buraxılıb. Adətən, hər hansı bir infrastrukturun çəkilişi zamanı, bu infrastrukturun keçdiyi ərazidəki yol dağıdılırsa, həmin layihəni həyata keçirən şirkət bu yolu da sonda bərpa etməyə borcludur. Bu mənada, dağıtdıqları yolu təmir etmək “Polad şirkətlər birliyinin birbaşa vəzifəsinə daxildir. Amma görünür, sözügedən şirkət bu məqsədlə ayrılan vəsaiti mənimsədiyindən, bu günə qədər Qazanbulaq yolu dağılmış halda olaraq qalmaqdadır.
Yay aylarında sakinlər maşınların hərəkəti nəticəsində həmin yolda havaya qalxan tozdan əziyyət çəkirlər. Qışda isə bu yolla avtomobillərin hərəkəti daha da pisləşir. Yolun belə vəziyyətə düşməsi bu ərazidə avtomobillər üçün təhlükəli vəziyyət də yaradır. Yerli sakinlərin dediyinə görə, 2 il öncə Bakıdan Qazanbulağa öz avtomobili ilə bir nəfər gəlmək istəsə də, bu dağınıq yoldan keçərkən, idarəetməni itirərək, avtomobili ilə birgə 60 metrə qədər məsafədə yoldan kənara çıxmışdı. Nəticədə avtomobildə olan iki nəfər vəfat etmişdi. Hazırda da yuxarıda qeyd etdiyimiz kimi yol təhlükəli vəziyyətdə qalmaqdadır. Onun təmirinə cavabdeh qurumlar nədənsə, uzun illərdir, bu yola əncam çəkmək barədə düşünmürlər. Yolun dağınıq olması fonunda burada avtomobili ancaq saatda 20-30 km məsafə ilə sürmək mümkündür. Sürətin bu həddən daha da artırılması avtomobil və onun sahibinə təhlükəli anlar yaşada bilər. Yolun beləcə bərbad halda olması nəticəsində Qazanbulaq sakinlərinin Goranboya və Gəncəyə getmələri də çətinləşib.

COMMENTS