Polisə aparılan zavod direktoruna qarşı – İnanılmaz ittihamlar

İşlətdiyi fəhlələrin pulunu mənimsəməkdə suçlanan və bir sıra qanunsuz əməllərinə görə Nərimanov Rayon Polis İdarəsində dindirilən “Aysberq” Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradovun işi araşdırılması üçün Xaçmaz polisinə göndərilib.

Bu barədə məlumatı AzNews.az-a direktordan şikayətçi olan Paşa Əliyev verib. Onun sözlərinə görə, Qasım Muradovdan daha 10 nəfər fəhlə polisə müraciət edərək, əmək haqlarının verilməsini və onlara müxtəlif yollarla edilən təzyiqlərin dayandırılmasını istəyiblər. Şikayətçi bildirib ki, pivə zavodunun müdiri özünə hər il evlər və müxtəlif obyektlər tikdirir və həmişə də fəhlələrin əmək haqlarını mənimsəyir:

“Kimsə ona etiraz edəndə hədələyir, şikayət verirsən, polis çox vaxt baxmır. Qudurğanlıq edir. Təsəvvür edin ki, rayonda nə qədər tikinti materialı satan dükanlar var, hamısına borcludur. Çoxu haqqını tələb etməyə qorxur”.

Şikayətçi bildirib ki, indi onu rəhbərlik etdiyi usta-fəhlə qrupuna 9.440 manat borcu var, amma məsələ təkcə bu məbləğdə deyil:

“Biz bundan əvvəl də onun işini görmüşük. Pivə zavodunun da üzləmə-fasad işlərini görmüşəm. Onda bizim 10 min manatımızı kəsdi. Nə qədər çalışdıq ala bilmədik. Mən o işdə də ziyana getdim və məsələ ilə bağlı sahibkarın böyük qardaşına şikayət etdim. O, sözü gedən borcu mənə verməməklə yanaşı, qaçıb gizlənir və zəng edəndə məni təhqir edirdi. Mən onunla görüşməyi də təklif etdim, ancaq o gəlmədi. Uzun müddətli söz-söhbətdən sonra zəng edib dedi ki, gəlin, başqa işlərim var, onu həll edin, qalan borcu da bu işləri gördüyünüz vaxt qaytararam. “Köhnə söz-söhbəti bağlayaq” – dedi və olanlara görə mənə üzrxahlıq etdi. Yenidən onun şirin dilinə aldanıb rəhbərlik etdiyim işçi heyətilə birlikdə ona Xaçmazda yeni mənzil tikdik. Qasım Muradovun mənzilinin tikintisindən sonra o pivə zavodunda bizim başımıza gətirdikləri oyunu yenidən təkrar etdi”.

P.Əliyev əlavə edib ki, sahibkarla bağlı Nərimanov Rayon Polis İdarəsinə etdikləri şikayətə baxılması üçün Xaçmaz rayonuna göndərilib: “İşi Xaçmazda gördüyümüz üçün şikayət də baxılması sözügedən rayona göndərilib. Polisə çağırılan kimi özüm işçilərimlə – Məmmədov Ramin, Əliyev Hacıbaba, Məmmədov Rauf, Baxışəliyev Fuad, Qacarov Ələsgər, Şakir Raufla – birlikdə Xaçmaza gedəcəyik. Biz nə lazım olsa, əlimizdən gələn işi görüb, öz zəhmətimizlə qazandığımız pulu ondan alacağıq”.

COMMENTS