Polis ərinin bıçaqladığı qadını niyə qorumayıb?

Polis ərinin bıçaqladığı qadını niyə qorumayıb?

Keçmiş həyat yoldaşı, Şuşa İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov tərəfindən küçədə bıçaqlanan Dilarə Bəhmənova ilə bağlı təfərrüat ictimai reaksiya doğurub.

Axar.az xəbər verir ki, D.Bəhmənovanın anası keçmiş əri tərəfindən küçədə bıçaqlanan qadının bu illər ərzində dəfələrlə şiddətə məruz qaldığını bildirib. O deyib ki, qızı həyat yoldaşından boşansa da, dəfələrlə təhdid mesajları alıb və hədələnib. Onlar hüquq-mühafizə orqanlarına müraciət etsələr də, konkret olaraq fakt, döyülmə, şiddət olmadığı üçün hər hansı hüquqi addım atılmayıb.

Nəticədə isə qarşı tərəf cəzasızlıqdan cəsarətlənib və sonda 3 uşaq anası Dilarə Bəhmənova küçənin ortasında 16 bıçaq zərbəsinə məruz qalıb.

Maraqlıdır ki, bir çox demokratik ölkələrdə həyat yoldaşından boşanan qadının ərindən şiddət, hədə görməsi barədə şikayət etməsi zorakılığa meyilli şəxsin həbsi ilə nəticələnir. Məsələn, Türkiyənin məşhur aktyoru Gökçə Özyol içkili halda avtomobil idarə etdiyi üçün yol polisləri tərəfindən saxlanılıb. Polis ona sadəcə 500 lirə cərimə yazmaq istəsə də, aktyorun keçmişdə həyat yoldaşına zorakılıq tətbiq etdiyi üzə çıxıb və avtomatik olaraq təxirə salınmış cəza yenidən qüvvəyə minərək, o, 1 il 7 ay azadlıqdan məhrum edilib.

Mövzunu saytımıza şərh edən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bizim qadınların sübut olmadan hüquq-mühafizə orqanları tərəfindən qoruna bilməməsinin səbəbi qanundakı boşluqlardan irəli gəlir. Onun sözlərinə görə, İstanbul Konvensiyasına qoşulacağımız halda bu problem də həllini tapacaq:

“Xəsarət olmayanda döyülmə faktını sübut etmək üçün çətinlik yaranır. Bu zaman qadın ekspertizaya getməlidir. Məhz qanunda bu boşluqlar olduğuna görə də qadınlar bəzən bu şəkildə döyülür və ya öldürülür. İstanbul Konvensiyasına qoşulmaq istəyimiz bununla bağlıdır. Məişət zorakılığının təqibi məsələsi bizim qanunvericilikdə olmadığına görə şiddət görən, hədələnən, təhdid edilən qadınlar əziyyət çəkir. Məsələn, qadın bildirir ki, məni təqib edirlər. Ancaq bunun üçün sübutun yoxdursa, heç bir tədbir görülmür. Təqib və hədə olduğunu sübut edəcək faktlar varsa, polisə təqdim olunmalıdır. Bizim qadınların əsas problemi də sübut toplaya bilməməsindədir. Bu səbəbdən bu kimi hallara qarşı sona qədər mübarizə apara bilmirlər”.

M.Zeynalova bildirib ki, daim hədələnən və təhdid mesajları alan qadın ərinin yaşadığı şəhərə gələrkən hüquq-mühafizə orqanlarına müraciət etməli idi:

“Dəfələrlə təhdid alan, hətta bir dəfə bıçaqlanan qadın məhz bu şiddət səbəbindən qaçıb başqa şəhərə getdiyini nəzərə alaraq, Bakıya gələrkən hüquq-mühafizə orqanlarına müraciət etməli idi. O, həyatına təhlükə olduğunu nəzərə alaraq, polis tərəfindən mühafizə oluna bilərdi. Polis müraciət olacağı təqdirdə onu nəzarəti altına alacaqdı.

Məsələn, biz İstanbul Konvensiyasına qoşulmuş olsaydıq, o qadının adi şikayətində belə onu vaxtilə bıçaqlamış həyat yoldaşı ilə bağlı tədbir görülərdi. Türkiyədə məşhur aktyorun sərxoş halda avtomobil idarə etdiyi zaman cərimələnməsi əvəzinə həbs olunmasına səbəb də məhz İstanbul Konvensiyasıdır. Artıq onun vaxtilə həyat yoldaşına şiddət tətbiq etməsi əsas götürülərək, içkili halda maşın sürməsi faktı təxirə salınmış cəzasını yenidən qüvvəyə mindirib və o, həbs olunub. Biz də o konvensiyaya qoşulduğumuz təqdirdə qadınların qorunması daha asanlaşmış olacaq”.

Hüquqşünas Əliməmməd Nuriyev isə bildirib ki, istənilən halda təhdid, şiddət varsa, polisə bildirilməlidir:

“Qadının şiddətə məruz qalması təkcə ona zor tətbiq edilməsi demək deyil. Zorakılıq psixoloji formada da ola bilər, təhqir formasında da. “Məişət zorakılığı” dedikdə ağıla ancaq qadının döyülməsi gəlməməlidir. Qapını bağlayıb qadını evdən çıxmağa qoymamaq, onu öldürməklə hədələmək, bədən xəsarəti yetirmək də şiddətdir və bunların hamısı mütləq şəkildə araşdırılmalıdır. Hətta qadının döyülmə halı yoxdursa belə, o hədələnirsə, araşdırılmalıdır və müvafiq qərar qəbul olunmalıdır.

Burada situasiya fərqlidir. Günün günorta çağı, parkın ortasında, iki əlində bıçaqla qadına hücum edibsə, bu, bir günün işi deyil. Buradan o nəticə çıxır ki, burada şiddət uzun müddət davam edib.

Belə hallarda qadının hüquq-mühafizə orqanlarına müraciəti mütləqdir. Qaynar xətt var, qadın sığınacaq mərkəzləri var, “102” xidməti var ki, qadın bunların hansısa birindən kömək istəməli idi. Əgər qadının sonuncu müraciəti zamanı bildirilibsə ki, heç bir şey olmadığı halda onu təhdid edən adamla bağlı addım atıla bilməz, demək ki, uzun müddət qadının onu hədələyənlə bağlı şikayəti olmayıb. Məsələn, qadına qarşı şiddət olur və bu barədə o müraciət edir və şəxs cəzalandırılır. Bunun üstündən uzun müddət keçəndən sonra qadın yenidən müraciət edirsə, bu fakt həmin şəxsin saxlanılması üçün əsas olmalıdır”.

DOSYE.ORG

COMMENTS