Polis Akademiyasında 31 Mart soyqırımı qurbanları anılıb

Polis Akademiyasında 31 Mart soyqırımı qurbanları anılıb

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov erməni millətçilərin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırım siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində on minlərlə insanın həyatına son qoyulduğunu, soyqırım barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə bildirib.

Soyqırımın bu illər ərzində erməni şovinizminin əsas aparıcı xəttinə çevrildiyini xatırladan Polis Akademiyasının rəisi məhz ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıtdıqdan sonra həmin cinayətkar fəaliyyətə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, ulu öndərin tarixi ədaləti bərpa edərək 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulayıb.

Sonda soyqırım barədə real faktlar və həqiqətlərdən bəhs edən sənədli film nümayiş olunub.

COMMENTS