Pozub qazana bilməyənlərın aqibəti necə olur?: Və ya yaxud vətəndaşlar necə aldanır?

Pozub qazana bilməyənlərın aqibəti necə olur?: Və ya yaxud vətəndaşlar necə aldanır?

Son zamanlar ölkədə “Poz, qazan” ani lotereya oyunu xeyli məşhurlaşıb.
Hər gün avtobus dayanacaqlarında, metro çıxışlarında satılan “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları xüsusilə kasıb təbəqədən olan vətəndaşların aldığının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail oldu. Qeyd edək ki, bu oyunlar “Azərlotereya” ASC tərəfindən keçirilir. Maraqlıdır bəs, insanlara vəd edilən “milyonlarla uduş qazanma şansı” nə dərəcədə həqiqəti əks etdirir?
DOSYE.ORG bu barədə kiçik araşdırma aparıb. Məsələ ilə bağlı mətbuata açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov lotereyaların iki növ – ani və tirajlı olduğunu bildirir:  ““Poz qazan” ani lotereyadır. Ani lotereyada uduş həmin anda müəyyən olunur və vətəndaş uduşunu yerindəcə ala bilir. Vaxtilə Azərbaycanda 23 lotereya şirkəti var idi. Kütləvi surətdə insanları aldadırdılar. Biz ani lotereyada insanları necə aldatdıqlarını müəyyən etdik. Bununla bağlı tədqiqat apardıq və dövlət orqanları qarşısında məsələ qaldırdı. Nəticədə 23 şirkətin bağlandı”. E. Hüseynov deyir ki, bundan sonra “Azərlotereya” ASC yarandı və hesab edildi ki, daha şəffaf bir iş görüləcək. “Amma “Azərlotereya” da həmin aldatma üsulunu etməyə başladı. Biz yenə də dövlət qarşısında məsələ qaldırdıq. “Azərlotereya” da ani lotereyalarda həmin rəqəmi götürdülər. Sonra AİB-də bu sahənin bilicisi olan ekspertimiz rəhmətə getdi.
Biz daha onların yeni aldatma mexanizmlərini tapa bilmədik. Bu günlərdə mənə göstəriblər ki, “Azərlotereya”nın “Poz qazan” lotereyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fərqlənirlər və öncədən məlumdur”. Millət vəkili Naqif Həmzəyevdə mövzuyla bağlı danışıb. O bildirib ki, bu lotereyalarla vətəndaşlarımızı müxtəlif yollarla aldadır, onlara ümid verilir: “Onlara külli miqdarda pul udacağı deyilsə də,nəticə etibarilə burda tək udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlarımız itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür”.
Psixoloq Vəfa Şərifova DOSYE.ORG-a lotereya oyunlarının gizli psixoloji notalarını açıqlayıb. O bildirib ki, bu cür lotereyalarda iştirak edən şəxslərin həyatlarında böyük uğursuzluqlar olub: “Öncə qeyd edim ki, istənilən qumar oyunlarının təməlində uğursuzluğa uğramış insan durur. Bu uğursuzluğunu qəbul etməyənlər dərhal özünə bəraət qazandırır. Bu prinsiplərə görə insanlar qumardan qopa bilmir. Evini, mülkünü, əşyasını uduzur, amma hesab edir ki, mənim bəxtim pis ola bilməz, burda heç kəsin günahı yoxdu, sadəcə, bəxtim gətirmədi. Əgər insan daimi stress altındadırsa və ya həyatdan ümidi varsa, buna nail ola bilmirsə, beyin yorulur. İnsan yorulduqda alternativ yollar axtarmağa başlayır. İndiki dövrümüzdə də bu tip insanlar alternativ yol kimi “Poz, qazan” lotereyasına əl atırlar. “Poz qazan” kuponlarının üstü bağlıdırsa, bu ədalətsiz ola bilməz, orda fırıldaq və hiylə ola bilməz. Bu, aldadıcı bir gipnozdur. Burada uduşlu 1-2 kart ola bilər. 50 manat xərcləyir, 2 manat udur. Dərhal geri inkişaf başlayır: “ədalət”, “günah” və “bəxt”. Düşünür ki, 2 manat udmuşamsa, yenə qazanacam. Bütün qumarın mahiyyəti ümidlərdir. Necə ki, insan hər şeydə ümidlərlə yaşayır”.
DOSYE.ORG

COMMENTS