Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün inşa olunan inzibati binanın açılışında iştirak edib.
ANS PRESS-in məlumatına görə, ölkə başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə inzibati binada yaradılan şərait haqqında ətraflı məlumat verilib.
Bildirildi ki, ikimərtəbəli binanın foyesində partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın müxtəlif qurultayları, iclasları və bu siyasi qurumun fəaliyyəti ilə bağlı keçirilən tədbirlərdəki iştiraklarını əks etdirən maraqlı fotolardan ibarət guşələr yaradılıb.
Binada bütün otaqlar zəruri avadanlıqla təchiz edilib. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanıb. İnzibati binada YAP Gənclər Birliyinin və Qadınlar Şurasının rayon təşkilatları da fəaliyyət göstərəcək. Binadakı 50 yerlik konfrans zalında isə partiyanın fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsi üçün zəruri şərait yaradılıb.
Prezident İlham Əliyev həmçinin İsmayıllıya səfəri çərçivəsində uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub. Ümumi ərazisi iki hektar olan bu istirahət mərkəzində balacalar üçün hər cür şərait yaradılıb, yaşıllıq zolaqları salınıb, müxtəlif dekorativ ağac və kollar əkilib, hovuz, kafe, 250 yerlik açıq kinoteatr, iki uşaq-əyləncə meydançası inşa olunub. Burada müxtəlif heyvan fiqurları qoyulub ki, bu da balacaların marağına səbəb olur.
Sentyabrın 22-də prezident İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Mədəniyyət sarayının iş, məşq, dərnək, rejissor və qrim otaqları müasir səviyyədədir. Burada 270 nəfərlik zal da yaradılıb. Zal səs və işıq effekti yaradan ən müasir sistemlə təchiz edilib. Zalda rayonun həyatında baş verən əlamətdar hadisələrlə bağlı toplantılar keçirmək üçün geniş imkanlar var. Mədəniyyət sarayında sərgi qalereyası da fəaliyyət göstərəcək. Binada 60 nəfərlik konfrans zalı və foto-laboratoriya yaradılıb.
Daha sonra İ.Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında olub. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlətimizin başçısına İsmayıllıda görülən abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.
Qeyd edilib ki, rayon icra hakimiyyətinin inzibati binasının əsaslı yenidənqurma işləri 2013-cü ilin martında başlanılıb və cari ilin iyununda başa çatdırılıb. Burada yenidənqurma işləri ən yüksək səviyyədə aparılıb. Müasir memarlıq üslubunda yenidən qurulan üçmərtəbəli binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Ümumi sahəsi 1631 kvadratmetr olan binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Binada vətəndaşların qəbulu və gözləmə otaqları, mətbəx, yeməkxana, eləcə də texniki otaqlar yaradılıb. Burada 40-a yaxın iş otağı var ki, onların da hamısı zəruri avadanlıqla təchiz edilib. Əlli nəfərlik konfrans və 194 nəfərlik akt zallarında isə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Dövlət başçısı inzibati binanın operativ idarəetmə otağı ilə tanış olub.
Bildirilib ki, bu otaq ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. Buradan rayonun 10 yaşayış məntəqəsi ilə birbaşa əlaqə yaratmaq mümkündür.
COMMENTS