Prezident elçini qəbul etdi

Prezident İlham Əliyev martın 2-də Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendrini qəbul edib.

ANS PRESS-in məlumatına görə, Çarls Hendri bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalamaqdır.

Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyev daha çox sayda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində də ölkəmizin maraqlı olduğunu deyib. Dövlət başçısı Çarls Hendrinin bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Prezident İlham Əliyev martın 2-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmi vurğulanıb, bu əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

COMMENTS