Qələbənin şirin dadını yaşayan, amma eyni zamanda yorğunluqdan şikayətlənən İlham Zəkiyevdir. İkiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu. Eləcə də Avropa Oyunlarında Azərbaycanın məşəldarı. İyunun 26-da Avropa Oyunlarında ölkəyə 18-ci qızıl medalı qazandıran…
“Azadlıq” radiosu onunla ayaqüstü müsahibəni təqdim edir:
– İlham Zəkiyevin fəxri kürsüyə çıxması birinci dəfə deyil. Əvvəlkilərdən fərqi nə idi?
– Əvvəlkilərdən fərqi odur ki, təltif edən Ali Baş Komandan idi, bütün idmançıların yaxın dostu olan cənab prezident.
– Prezidenti kürsüyə dəvət etməyi əvvəldən düşünmüşdünüz, yoxsa qəfil ağlınıza gəldi?
– Elə orada ağlıma gəldi. Allah ondan razı olsun. Aprelin 26-da cənab prezident məşəli Atəşgahda alovlandıranda dedim ki, mən iyunun 26-da güləşəcəyəm, Silahlı Qüvvələr Günündə və çalışacağam Ali Baş Komandanımıza bir medal hədiyyə edim. Bu təklifi xoş qarşıladı. Dünən o, medalı mənə təqdim edəndə iki kəlmə dedim: “Ali Baş Komandan, əsgər Zəkiyev döyüş tapşırığını yerinə yetirib”. Yəni qızıl medalı qazandım.
– Başqa tapşırıq da varmı əsgər Zəkiyevə?
– Bir bu idi, bir də açılışda məşəli daşımaq. İkisinin də öhdəsindən gəldim məncə.
– Bağlanış mərasimində də görəcəyik sizi?
– Yox. Mənə nəsə deməyiblər. İndi yorğunam. Çox yoruldum. O həyəcan, məsuliyyət… Bütün Azərbaycan məndən qələbə gözləyirdi. Mənim orada uduzmağa haqqım yox idi.
– Çətin oldu qələbəni qazanmaq yəqin…
– Asan olmadı. Qıraqdan asan görünə bilər. Amma rəqibləri tanıyırdım. Hazırlıqlı idim və şükür Allaha, medalı əldə etdim.
– Bu medalı həm də balaca oğlunuz Həmzə üçün qazandığınızı deyirsiniz. O, necə qarşıladı?
– Həmzənin dünən iki yaşı tamam oldu. Hələ anlamır. İnşallah, böyüyəndə anlayar.
– Bəs anlayanlar nə deyir?
– Uşaqlar sevinirlər. Sözün açığı, hələ onları görməmişəm. Məni oradan apardılar media ilə görüşə, dopinq yoxlamadan keçdim. Anamgil evə gedib, amma mən hələ buradayam – Olimpiya kəndindəyəm.
– Bundan sonra gözləntiniz, istəyiniz nədir?
– Mən işimlə məşğulam. Bundan zövq alıram, hər dəfə Azərbaycan bayrağı qalxanda, himni səslənəndə fəxr edirəm… Noyabrda Avropa çempionatı keçiriləcək, indi də ora hazırlaşmalıyam.
– Demək olarmı, İlham Zəkiyev Avropa Oyunlarının simvoluna çevrildi? Həm məşəli yandırdı, həm prezident onunla fəxri kürsüyə qalxdı.
– (Susur. Az sonra gülərək deyir) O sual mənə deyil. O sualı camaata verin…
COMMENTS