Prezident İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub

Prezident İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub

AzərTAc xəbər verir ki, sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub.

 

Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. Malayziya Baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

X X X

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın sentyabrın 12-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Malayziya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakı və xanımı Datin Paduka Seri Rosmah Mansoru qarşıladılar.

Malayziya Baş nazirinin xanımına gül dəstəsi təqdim olundu.

Fəxri qarovul dəstəsinin rəisi Malayziyanın Baş nazirinə raport verdi.

Malayziyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Baş nazir Mohammad Najib Tun Abdul Razak fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Malayziyanın Baş naziri Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Mohammad Najib Tun Abdul Razaka, Malayziya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Malayziya Baş nazirinin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak rəsmi foto çəkdirdilər.

COMMENTS