İran-Azərbaycan münasibətləri daha da möhkəmlənir; qonşu dövlət “dünyaya açılım” siyasəti yürüdür…
Fəzail Ağamalı: “Azərbaycanla Ermənistana münasibətdə paralellik işarəsi qoymaq olmaz”
Hikmət Hacızadə: “Həsən Ruhani gözəl qarşılanmalı…”
Qarşıdakı aylarda İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir. Bu barədə İranın vitse-prezidenti Məsud Soltanifər BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakı ilə əlaqədar Bakıya çərçivəsində məlumat verib.
Son zamanlarda İran-Azərbaycan münasibətlərində getdikcə daha da yaxınlaşma müşahidə olunmaqdadır. Bu nüansı nəzərə alaraq, ekspertlər İran prezidentinin gözlənilən Bakı səfərinin hər iki ölkə arasındakı əlaqələrə böyük töhfələr verəcəyini proqnozlaşdırırlar.
Milli Məclisin üzvü Fəzail Ağamalı Həsən Ruhaninin prezident seçildikdən sonra fərqli xarici siyasət apardığını söylədi: “Ruhaninin xarici siyasətində Azərbaycanla bağlı fərqli münasibətlər özünü göstərir. İran və Azərbaycan prezidentləri arasında keçirilən bir neçə görüş və imzalanmış müqavilələr bunu göstərir. Artıq İranla Azərbaycan arasındakı münasibətlərdə irəliyə doğru atılan addımlar bir reallıqdır. Aprelin 2-5 arasında cəbhə xəttində ermənilərə milli ordumuzun vurduğu sarsıdıcı zərbə Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən də dəstəkləndi. Bununla bağlı dəstək aksiyaları keçirildi. Bu, İranın aksiyalara şərait yaratmasını gündəmə gətirir. Əvvəllər aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı İranda ermənilər kütləvi aksiyalarına imkanlar yaradılırdı.
Amma bu il bununla bağlı aksiyaya imkan verilməməsi, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verilən açıq bəyanatlar İran-Azərbaycan münasibətlərinin fərqli müstəvidə inkişaf etdiyini göstərir. Əminəm ki, bundan sonra da İranla münasibətlərimiz yüksələn xətlə inkişaf edəcək. Bununla əlaqədar hər iki dövlətin rəhbərlərinin ortaya qoyduqları iradə açıq şəkildə görünür. İran artıq qəbul edib ki, Azərbaycanla Ermənistana münasibətdə paralellik işarəsi qoymaq olmaz. Bunu prezident Həsən Ruhani birmənalı şəkildə dərk edib, Azərbaycanın İran üçün mühüm əhəmiyyət kəsb etdiyinin fərqindədir. Vaxtilə Qərbin İrana qarşı sərt münasibətində Azərbaycan prezidenti ölkəmizin ərazisindən İrana qarşı hər hansı bir müdaxiləyə imkan verilməyəcəyi barədə cəsarətli mövqeyini heç kəs unutmayıb”.
Politoloq Hikmət Hacızadə İran prezidentinin səfərinin Dağlıq Qarabağ problemi ilə bağlı olmadığı qənaətindədir: “Bu səfər çoxdan planlaşdırılmışdı. Amma Qarabağla bağlı deyil. Azərbaycanla İran arasındakı münasibətlər çox genişdir. 5-6 ciddi məsələ var. O cümlədən, əməkdaşlıq, antiterror, neft, Xəzər, viza, ticarət məsələləri var. Xüsusilə, İran sanksiyalardan çıxdıqdan sonra çalışır ki, dünya ilə yeni əlaqələr qursun. Bu bizə də sərfəlidir. Həsən Ruhani gözəl qarşılanmalı və bərabərhüquqlu əlaqələr istiqamətində ciddi danışıqlar aparılmalıdır”.
Dosye.org
COMMENTS