Dövlət başçısı Azərbaycanın ikinci böyük şəhərindən faşizmin baş qaldırmasına imkan verilməyəcəyini elan etdi
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib. Dövlət başçısının bütün müsahibələri kimi, Gəncədə söylədikləri də bir sıra vacib məsələləri əhatə edən arqumentlərlə, eyni zamanda düşmənə və havadarlarına ünvanlı xəbərdarlıqlarla zəngindir.
Dövlət başçısı deyib ki, bu, onun Gəncəyə Prezident kimi 18-ci səfəridir. “Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir”, Prezident əlavə edib.
Azərbaycanın ikinci böyük şəhərində həyata keçirilən layihələrdən bəhs edən ölkə rəhbəri burada elektrik enerjisi ilə təchizatın tam öz həllini tapdığını, 10 yarımstansiyanın yenidən tikildiyi və ya əsaslı təmir edildiyini, şəhərin tələbatının tam ödəndiyini qeyd edib. Bununla yanaşı, qazlaşdırma layihəsinin tam icra olunduğunu, içməli su layihəsininsə hələlik icra edildiyini bildirib. “Avtomobil yollarının çəkilişi ilə bağlı deyə bilərəm ki, indi bütün ölkədə olduğu kimi, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda, Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır”, ölkə başçısı deyib.
Gəncəyə Bakıdan dəmir yolu xəttinin də tam modernləşdirildiyini vurğulayan Prezident qeyd edib ki, bu, əslində Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır: “İndi xəttə sürətli qatarlar da buraxılıb. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Bu, əlbəttə ki, insanların rahatlığı üçün də çox önəmli bir məsələdir”. Ölkə başçısı özünün təşəbbüsü ilə Gəncə Beynəlxalq Hava Limanının da uzun illər bundan əvvəl yenidən qurulduğunu xatırladıb. Eyni zamanda səhiyyə və təhsil sahəsində bütün sosial infrastrukturun yeniləndiyini deyib. Gəncənin mədəni həyatından bəhs edərkən, Dövlət Filarmoniyasının və Dram Teatrının yeni binasının tikildiyini, parklar, xiyabanlar, istirahət və əyləncə zonalarının yenidən qurulduğunu vurğulayıb.
Prezident deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir: “Çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Kəlbəcərə getmişdim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından böyük – uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır”.
Prezident Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoymasından da bəhs edib və erməni faşistlərinin törətdiyi cinayətlərdən danışıb: “İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu”. Ölkə başçısı 10 min fərari, böyük itkilər verən Ermənistanın döyüş meydanında məğlub olduğunu söyləyib. Əlavə edib ki, bizi heç kim və heç nə dayandıra bilməzdi. “Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik”, Prezident deyib.
Təməlini qoyduğu Memorial Kompleksin təqribən dörd hektarlıq ərazini əhatə edəcəyini, Ermənistanın dağıtdığı binaların olduğu kimi qalacağını deyən ölkə rəhbəri mühüm tövsiyələr verib: “Bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.
Ermənistan hakimiyyətinin faşistləri təbliğ etməsindən danışan dövlət başçımız faşist Njdeyə Ermənistanın paytaxtında – İrəvanda qoyulan abidəni faşizmin təbliğatı kimi diymətləndirib, “buna son qoyulmalıdır”, deyib.
Prezidentin digər xəbərdarlıqları da olub: “Bu, onu göstərir ki, erməni faşizmi yaşayır. Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sərkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndindən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.
Fazil Mustafa: ”Gəncə səfəri zamanı iki istiqamətdə – həm dünyaya, həm də Azərbaycan insanına mesaj verildi”
Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Prezident Ilham Əliyevin Gəncə səfəri zamanı əslində iki istiqamətdə – həm dünyaya, həm də Azərbaycan insanına mesaj verildi: “Birinci odur ki, biz 44 günlük savaşda böyük qələbə qazandıq. Eyni zamanda qələbəni o fonda qazandıq ki, erməni faşizminin Azərbaycanın mülki əhalisini məhv edilməsi istiqamətində vəhşiliyinin qarşısında həm də cəmiyyət olaraq dəyanət göstərə bildik. Gəncədə Memorial Kompleksin tikilməsi əslində bu xatirənin əbədiləşməsi deməkdir. Yəni heç bir Azərbaycan insanının, istər hərbçi, istər mülki şəxs olsun, unudulmadığını göstərdi”.
F.Mustafa ikinci diqqətçəkən məsələdən bəhs edərkən bildirdi ki, dövlət başçısı Gəncədən erməni faşizmi ilə bağlı mesaj verdi: “Bildirdi ki, sülh arzumuzdur, amma sülh məsələsi ilə yanaşı, biz erməni faşizminin bəşəriyyətə vura biləcəyi zərərləri heç vaxt unutmamalıyıq və bu baxımdan da məsələlər ətrafında dünyanın mütərəqqi insanlarının düşünməsi lazımdır, çünki bunlar uşaq qatilləridir, bütövlükdə bəşəriyyət üçün təhlükə yarada biləcək obrazlardır”.
Deputat qeyd etdi ki, əslində bu çıxışın məhz Gəncədə edilməsi, dağıdılmış, gecə vaxtı öldürülmüş, yaralanmış insanların faciəsi baş verən məkandan yayılması anlamlı idi: “Düşünürəm ki, bu istiqamətdə Azərbaycan cəmiyyətinin duyğularına da ifadəçi olaraq bir daha şərik çıxdığını, onun kədərini nə dərəcədə acı bir duyğularla bölüşdüyünü Ölkə prezidenti bir daha göstərdi. Həmçinin Azərbaycan xalqının inamının nə qədər güclü olduğunu buradan dünyaya, ümumiyyətlə, vaxtilə erməniləri dəstəkləmiş bütün qüvvələrə çatdırdı ki, bu faşizmin bəlasını siz də haçansa öz dərinizdə, öz həyatınızda daha çox hiss edə biləcəksiniz”.
Ceyhun Məmmədov: “Hazırda əsas diqqətin Qarabağa yönəldiyi bir dövrdə Prezident İlham Əliyev bu səfəri ilə bir daha göstərdi ki…”
Deputat Ceyhun Məmmədov isə Prezidentin Gəncə şəhərində bir sıra yeni müəssisələrin açılışında iştirak etməsindən, eyni zamanda bir sıra layihələrin də təməlini qoymasından bəhs etdi: “Hazırda əsas diqqətin Qarabağa yönəldiyi bir dövrdə Prezident İlham Əliyev bu səfəri ilə bir daha göstərdi ki, bütün bölgələrdə həyata keçirilən layihələr nəzarətdədir və onların həyata keçirilməsi üçün dövlət bütün tədbirləri vaxtında və ardıcıllıqla həyata keçirəcək. Qarabağ və Şərqi Zəngəzurla bərabər, Azərbaycanın bütün bölgələrində dövlətimizin inkişafı və daha da güclü olması istiqamətində həyata keçirilən layihələr uğurla davam edəcək. Azərbaycanın buna həm siyasi iradəsi, həm də kifayət qədər potensialı var. Bu layihələr arasında xüsusi əhəmiyyətə malik olanlardan biri də Memorial Kompleksdir. Vətən müharibəsi zamanı Ermənistanın vəhşicəsinə hücum etdiyi şəhərlərdən biri də Gəncə oldu. Bu hücumlar zamanı çoxlu sayda Azərbaycan vətəndaşı həyatını itirdi. Azərbaycan xalqı bu vəhşiliyi heç zaman unutmayacaq. Bu kimi layihələr xalqımızın yaddaşının gücləndirilməsi, gənclərin erməni vəhşiliyini unutmaması baxımından xüsusi əhəmiyyət daşıyır. Böyük ərazini əhatə edəcək kompleks tezliklə istifadəyə verilərək və Gəncə əhalisinin ən çox ziyarət edəcəyi məkanlardan birinə çevriləcək”.
C.Məmmədov bildirdi ki, Prezident çıxışında Qarabağda aparılan tikinti və abadlıq işlərindən də geniş bəhs etdi: “Kəlbəcər istiqamətində yol və tunel çəkilişinin uğurla davam etdirildiyini xüsusi vurğuladı. Prezident çıxışında erməni vəhşiliyi ilə bağlı məqamlara da xüsusi toxundu. Ermənilərin faşizmi təbliğ etməsinin yolverilməz olduğunu xüsusilə qeyd etdi. Ermənilərin hələ də bu zəhərli ideologiyanı təbliğ etdiklərini, ayrı-ayrı ölkələrdə müxtəlif tədbirlər keçirməyə çalışdıqlarını xüsusilə nəzərə çatdırdı”. Deputat ölkə rəhbərinin mesajlarının nəzərə alınmasını vacib saydı: “Artıq bütün dünya ölkələri anlamalıdırlar ki, Ermənistanın əsas dövlət ideologiyası hələ də faşizmdir. Onlar Ermənistanla münasibətlərində bu amili ciddi nəzərə almalıdırlar. Erməni faşizminin hansısa ölkədə təbliği və yayılmasının qarşısı ciddi alınmalıdır. Bu da reallıqdır ki, artıq bütün dünya Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı reallığı qəbul edib. Azərbaycan inamla gələcəyə doğru addımlayır, Ermənistandan fərqli olaraq”.
Millət vəkilinin qeyd etdiyi kimi, Prezidentin müsahibəni məhz dinc sakinlərin qətlə yetirildiyi məkanda, dağıntıların qarşısında verməsinin özünün də rəmzi mənası var. Təbii ki, erməni faşizminin nə qədər təhlükəli olduğunu bütün bəşəriyyətə çatdırmaq baxımından bu tablonun misilsiz dəyəri var… Xatırlatmaqda fayda var: 44 günlük müharibədən öncə düşmən “yeni ərazilərin işğalı” planının icrasına Gəncədən başlamaq istəyirdi. Cavabı verildi və qalib dövlət başçısı növbəti dəfə düşmənə, arxasındakı qüvvələrə Gəncədən səsləndi…
Elşad PAŞASOY
COMMENTS