Sumqayıt dənizkənarı bulvarının yenidən qurulmasında çalışan fəhlələrin maaşı mənimsənilib və bu icra başçısı Zakir Fərəcova ciddi başağrısı verə bilər.
Savash.org-a daxil olan məlumatda bildirilir ki, icra başçısı üzləşdiyi xoşagəlməz durumu xeyrinə dəyişməyə cəhdlər göstərsə də əksinə, vəziyyət daha da dramatikləşib. İşlərin belə bir şəkil almasında isə adı qalmaqallarla yanaşı çəkilən iş adamı Müqayis Verdiyevin “böyük əməyinin” olduğu deyilir.
Bu həmin Müqayis Verdiyevdir ki, bir neçə il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin sifarişi ilə bu rayonda təmir-tikinti, abadlıq işlərini həyata keçirərkən yol verdiyi mənimsəmələrə və fəhlələri asayişi pozmağa təhrik etməyə görə həbs olunmuşdu. Bir neçə illik həbs həyatından sonra o, 09 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.
Həbsdən çıxdıqdan bir müddət sonra isə M.Verdiyev Sumqayıtda peyda olmağa başlayıb. Prezident İlham Əliyev 2015-ci ilin oktyabrında və 2016-cı ilin martında Sumqayıtın abadlaşdırılması, təmir-tikinti işlərinin aparılması, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və digər işlərin aparılması məqsədilə 20 milyon manatdan çox vəsait ayırıb.
Mətbuatın bundan öncə də yazdığı kimi, Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov isə şəhərdə aparılan təmir-tikinti, abadlıq işlərini və yeni layihələrin icrasını qudası Akif Zeynalova tapşırıb. Akif Zeynalov isə bu cür layihələrdən külli-müqdarda vəsait mənimsənilməsində peşəkar olan tanışı M.Verdiyevi bu işə cəlb edib və onlar Z.Fərəcovla görüşüb danışıb, hansı işləri necə görəcəklərini, maxinasiyaların necə həyata keçiriləcəyini detallarına qədər razılaşdırdıqdan sonra işə başlayıblar.
Mənbəmiz Savash.org-a bildirib ki, elə ilk danışıqlardan başlayaraq Z.Fərəcov onlara işlərini ustalıqla görməyi, mənimsəmə məsələlərində iz buraxmamağı, hər hansı söz-söhbətə yol verməməyi, işləri vaxtında başa çatdırmağı tapşırıb.
Əldə etdiyimiz məlumata görə, Sumqayıtda yeni dənizkənarı bulvarın salınması, Heydər Əliyev parkının təmiri də daxil olmaqla bu işlərə xeyli sayda canlı qüvvə cəlb olunub. İlk vaxtlarda işlər öz axarı ilə getsə də, bir müddət sonra M.Verdiyevin artıq ciddi maxinasiyalara yol verdiyi, külli-miqdarda vəsaiti mənimsədiyi bəlli olub. Təbii ki, M.Verdiyev mənimsədiyi vəsaiti təkbaşına yeməyib. İşi onlara tapşıran şəhər rəhbəri və onun qudasına da verib. Amma məlumata görə, mənimsənilən vəsaitin məbləği həddən artıq böyükdür. Üstəlik də, aparılan təmir-tikinti işlərinin keyfiyyəti çox aşağıdır və bu layihələrdə çalışan yüzlərlə insan hər gün icra hakimiyyətinə aylardır pullarını ala bilmədiklərindən şikayət edirlər. Onlar artıq işləri yarımçıq dayandırmağa məcbur olduqlarını və aksiyalara əl atacaqlarını bildirirlər.
Məlumata görə, onları icra hakimiyyətinə, konkret olaraq Z.Fərəcovun üzərinə yollayan isə M.Verdiyevdir. İş adamı Sumqayıtda da Goranboydakı taktikadan istifadə edərək bütün günahı Z.Fərəcovun üzərinə atmaqla işçilərin məhz ondan şikayətçi olduqları görüntüsünü yaratmaqla həm özünü sığortalamağa, həm də mənimsəmələrə görə onu sıxışdıran, hətta kabinetindən qovan icra başçısına istənilən an fəhlələri ayağa qaldıra biləcəyi mesajını verməyə çalışır. Şübhəsiz ki, Z.Fərəcov bütün bunlardan xəbərdardır. Amma necə deyərlər, bu mənimsəmələrdə önəmli paya sahib olduğundan vəziyyətin dramatikləşməsindən ehtiyyat edir. Vəziyyət isə onsuz da dramatikdir.
Bunu Sumqayıt sakinlərinin sosial şəbəkələrdə paylaşdıqları qeydlərdən də görmək mümkündür.Onlardan birini təqdim edirik:
“Sumqayıtın dəniz sahilində salınan bulvar gözəldir, istirahət üçün əla məkandır. Amma bulvarın salınmasında zəhməti olan fəhlələr fevral ayından əməkhaqlarını ala bilmirlər. Söhbət yüzlərlə fəhlədən gedir, elə fəhlə var ki, 8 min manat maaş almalıdır, əsasən də yer üzlüklərini vuranlar. O cümlədən, bulvarın yaxınlığındakı bəzi binaların damı (6-cı mikrorayon) yarımçıq qalıb, daha doğrusu, pullarını ala bilməyən fəhlələr işi yarımçıq qoyub evlərinə gedib”.
Z.Fərəcovu narahat edən əsas məsələ isə yeni bulvarın açılışında iştirak etmək və aparılan təmir-tikinti işləri ilə tanış olmaq üçün prezident İlham Əliyevin Sumqayıta səfərinin planlaşdırılmasıdır.
Aldığımız məlumatda qeyd olunur ki, prezidentə bu işlərin sentyabrın ortalarınadək başa çatdırılacağı bildirilib. Deyilən vaxt başa çatsa da, hələ görüləsi işlər çoxdur və fəhlələrin çoxu işi dayandırıb.
Düzdür hazırda çalışanlar da var, ancaq işlər əvvəlki kimi sürətlə getmir və işlərin keyfiyyətsizliyi, fəhlələrin prezidentin səfəri zamanı dövlət başçısına şikayət edə biləcəkləri qorxusu Z.Fərəcovu çox narahat edir.
Məlumatda bildirilir ki, Z.Fərəcov açıq şəkildə M.Verdiyevə deyib ki, bu işlərlə bağlı hər hansı problem yaransa onu gedər-gəlməzə yollayacaq. Hazırda onların münasibətlərinin çox gərgin olduğu, aylardır pullarını ala bilməyən işçilərin isə əsəblərinin tarıma çəkildiyi və onların prezidentin Sumqayıt səfərindən öncə Prezident Administrasiyasının qarşısına yığışaraq ölkə rəhbərliyinin diqqətini bu böyük yeyinti faktına və özlərinin acınacaqlı durumuna çəkməyə hazırlaşırlar.
Göründüyü kimi, bir müddət öncə mənimsəməyə görə həbsdə yatan M.Verdiyevin bu əməllərini Sumqayıtda davam etdirməsi şəhərdə ciddi narazılıq və gərginlik yaradıb. Faktiki olaraq Goranboyda ictimai-asyişin pozulması halı bu dəfə Sumqayıtda təkrarlana bilər.
Təbii ki, bunun məsuliyyətini birbaşa Z.Fərəcov daşıyır və ölkə rəhbərliyinə də ilk növbədə o cavab verməli olacaq. Bütün bunlara görə illərdir könlündən qədim Bakıya rəhbərlik etmək keçən Z.Fərəcovun bu arzusu gənclik şəhəri adlandırılan Sumqayıtda dəfn oluna bilər.
Baş verənlər M.Verdiyevə də yaxşı perspektiv vəd etmir. Sumqayıtdakı yeyinti faktları ölkə rəhbərliyinin diqqətinə çatsa, çətin ki, M.Verdiyev bu dəfə canını bir neçə illik həbslə qurtara bilsin. Çünki Müqayis Verdiyevin Goranboyda elədikləri ilə Sumqayıtda elədikləri MÜQAYİSƏYƏ gəlməzddir.
İlkin məlumatlara görə, prezident İlham Əliyevin Sumqayıta sentyabrın sonlarında səfər edəcəyi gözlənilir. Çətin ki, qarşıdakı günlərdə Z.Fərəcovla M.Verdiyev dövlət tərəfindən maliyyələşdirilən layihələrin icrasında müsbət dönüş yarada və fəhlələri tam razı sala bilsinlər.
Dosye.org
COMMENTS