Prokuror Bakıda bir mənzili 6 nəfərə satan şirkət direktorunun hökmündən protest verib

Dələduzluqda təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərovun barəsində olan hökmdən dövlət ittihamçı apellyasiya protesti və təqsirləndirilən şəxslə zərərçəkmişlər apellyasiya şikayətləri verib.

“Report”un xəbərinə görə, artıq Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.

Məhkəmədə apellyasiya protesti və apellyasiya şikayətləri araşdırılır.

Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin edilib.

Qeyd edək ki, “AENT-E” MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai Rayon Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin direktoru Ə.Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr müəyyən olunub.

İttihama görə, o, bir mənzili 6 nəfərə satıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Cəfərov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ə.Cəfərovun 400 nəfər zərərçəkmişin şikayəti üzrə yeni cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Dosye.org

COMMENTS