Prokuror və hakim qarşıdurması davam edir

Nərimanov rayon prokuroru Fikrət Mahmudov və müavini Cavid Quliyev tərəfindən şantaj edildiyi bildirilən sabiq hakim Həsən Əliyevin və digər şəxslərin təqsirləndirilməsinə dair cinayət işinə Bakıda yox, Gəncədə baxılacağı yeni qalmaqalın əsasını qoyub

 

Dosye.org İnterpress.az-a istinadən xəbər verir ki, sentyabrın 10-da Həsən Əliyevin və digər şəxslərin təqsirləndirilməsinə dair cinayət işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Azər Orucov, Əlövsət Abbasov və Əlisultan Osmanov təqsirləndirilən Həsən Əliyevlə iş yoldaşı olduqlarını və bu halın cəmiyyətdə yalnış fikir yarada biləcəyini əsas götürərək özlərinə etiraz veriblər.

Həmin etiraz Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə baxılaraq təmin edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində işin baxılması Mübariz Məmmədovun sədrliyi ilə Sevindik Əzizov və Tofiq Mahmudovdan ibarət tərkibə həvalə edilib.
İnterpress.az bununla bağlı maraqlı fakt aşkar edib. Belə ki, hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri olmuş Kəramət Əliyevlə sabiq hakim Həsən Əliyevin əvvəllər birgə çalışdığı məlum olub. Onlar ilk olaraq Naxçıvan Prokurorluğunda, daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində birlikdə çalışıblar. Onların hətta ailəvi yaxın münasibətlərinin olduğu bildirilir. Bu isə yenə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin özlərinə etdiyi etirazda göstərdiyi əsasların, yəni cəmiyyətdə yalnış fikir yaranması ehtimalının daha da qüvvətləndirir.

Qeyd edək ki, bir müddət öncə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi hakimdən şikayətçi olan Ramazan Səlimovun vəkili İradə Cavadova da bu məsələyə münasibət bildirmişdi. Vəkil işin Bakı Ağır Cinayətlər Məhkəməsindən alınaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilməsini kifayət qədər ciddi və rezonansa səbəb ola biləcək bir məsələnin gözdən uzaq yerdə həll edilməsi üçün atılan addım kimi qiymətləndirmişdi.

COMMENTS