Mayın 7-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilərək genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılması, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə aksiyası keçirmişdir.
Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində yarımadanın iqlim şəraitinə uyğun beş yüzdən artıq müxtəlif növ ağaclar əkilmiş, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.
Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuş, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Dosye.org
COMMENTS