Ukraynadakı münaqişənin Avropada genişmiqyaslı müharibəyə çevrilə ehtimalı çox böyükdür.
DOSYE.ORG xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargah Akademiyasının rəisi, general-polkovnik Vladimir Zarudnitski “Hərbi düşüncə” jurnalı üçün “Dünyanın yeni geosiyasi xəritəsi şəraitində dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi sistemində dəyişikliklərin tendensiyaları” adlı məqaləsində yazıb .
General bildirib ki, Ukraynada hərbi əməliyyatların bitməsi Rusiya ilə Qərb arasında qarşıdurmaya son qoymayacaq
Zarudnitski qeyd edib ki, Rusiya ilə Qərb arasında münasibətlərdəki böhranın səbəbləri Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə bağlı deyil, daha dərin köklərə malikdir. General izah edib ki, qarşıdurma prosesi NATO-nun genişlənməsi ilə başlayıb.
“Rusiyanı boğmaq siyasəti ciddidir və bu uzun müddət davam edəcək. Bugünkü qarşıdurma 20-ci əsrin Soyuq Müharibəsindən qat-qat kəskindir. Qərb təkcə Rusiyanı dayandırmağa yox, Rusiya dövlətinin məhvinə çalışır”, – Zarudnitski deyir.
Rus general Ukraynadakı münaqişənin hazırda NATO ilə birbaşa hərbi qarşıdurmaya çevrilməməsinin səbəbini Rusiyanın güclü nüvə potensialının olması ilə izah edib.
Bununla belə, o əlavə edib ki, gələcək hadisələri proqnozlaşdırmaq çətindir: “Ukraynada münaqişənin eskalasiya ehtimalını istisna etmək olmaz. Yəni burada Rusiya ilə hərbi qarşıdurma üçün istifadə edilən proksi qüvvələrin genişləndirilməsindən tutmuş Avropada genişmiqyaslı müharibəyədək hər şey mümkündür”.
General onu da əlavə edib ki, Moskva üçün strateji əhəmiyyət kəsb edən regionlardakı münaqişə potensialı Rusiyanı yeni silahlı toqquşmalara cəlb olunmasına gətirib çıxara bilər.(Ölkə.az)
COMMENTS