Qərb Azərbaycana görə Kremlə qarşı ssenari hazırlayır

Rusiyanın yeni “böyük müharibə” hazırlıqlarının ilginc pərdəarxası; Putinin yeganə qorxusunun arxasında nə durur?..
Rusiya prezidenti Vladimir Putin öz ölkəsində nə qədər yüksək populyarlığa malik olsa da, əksər ekspertlər əmindir ki, bu bir avtoritar populyarlıqdır və xofa əsaslanır. Yəni Putinin ayağı azacıq büdrəyən kimi, şişirdilmiş nüfuz dərhal düşəcək. Çünki Rusiya rəhbəri bu dəqiqə 85%-lik reytinqə malik deyil, bunun heç bir sosial-iqtisadi, siyasi, demokratik əsası yoxdur. Təkcə o fakt ki, beynəlxalq sanksiyalardan sonra rusiyalılar daha az yeməyə və ən ucuz siqaret çəkməyə keçiblər, özlüyündə çox şey deyir.

Təbii ki, hamıdan çox Putin yaxşı fərqindədir ki, onun reytinq göstəricisi niyə kəllə-çarxdadır. Odur ki, indidən bəzi “bəzi preventev” tədbirlər görmək zorundadır. Bu tədbirlər isə iki istiqamətlidir – daxildən potensial qiyam nöqtələrini susdurmaq, bir də ki, obıvatelin diqqətini “Rusiya naminə” xarici müharibələrlə (əməliyyatlarla) yayındırmaq.

“Rusiya prezidenti Vladimir Putin inqilabın baş verməsindən qorxur ki, devrilə bilər”. Bu sözləri hərbi ekspert Aleksandr Qolts bildirib (axar.az). “Putini Krım və Ukraynanın şərqini işğal etməyə nə məcbur etdi” sualına Qolts belə cavab verib: “Putin Kiyev Maydanında baş verən inqilabı gördü, bununla öz rejiminə qarşı baş verə biləcək real təhlükənin şahidi oldu. Bu dəhşət Rusiya sərhədinə yaxınlaşır. Əvvəlcə Gürcüstan, sonra Ukrayna və sabah Rusiya. Budur, Putin inqilaba qarşı durur. Buna görə də Putin Donetskdə Ukrayna ilə deyil, ABŞ-la vuruşur”.

Xatırladaq ki, az öncə Rusiya mediasında “ABŞ oliqarxların əli ilə Putinə qarşı qiyam hazırlayır” iddiası yer almışdı. Dövlət Dumasının deputatı, “Milli-Azadlıq Hərəkatının” lideri Yevqeni Fyodorov keçirdiyi mətbuat konfransında gözlənilməz açıqlama ilə çıxış edərək, “Vladimir Putinin oliqarxları”nı “texniki beşinci kolon” adlandırmış, Qərbdən yönləndirilə biləcək oliqarxların dövlət çevrilişi barədə xəbərdarlıq etmişdi. Jurnalistlər isə ona sahib olduqları biznesləri xarici təsir altında olan iş adamlarının adlarını sadalamışdılar. Bu sırada Gennadi Timçenko, Potenberq qardaşları, Yuri Kovalçuk, Əlişir Usmanov və azərbaycan əsilli Vahid Ələkbərovun adları yer alırdı.

Deputat bütün oliqarxları “xaricilər” adlandırmışdı. O vurğulamışdı ki, ABŞ həmin oliqarxları bizneslərinin çökdürülməsi ilə təhdid edərək, onlara həmişə təsir göstərə bilər. Eyni zamanda iddia eləmişdi ki, qiyamda iştirakla bağlı danışıqlar artıq başlayıb.

*****
Böyük KQB təcrübəsi olan Putin sözsüz ki, bunu da ciddiyə alır və oliqarxları, milyarderləri tam nəzarətdə saxlamağa çalışır. Paralel olaraq deyildiyi kimi, müharibə amili ilə onları və cəmiyyəti ciddi şəkildə təhdidi edir. Bəzi iddialara görə, o, artıq “böyük müharibə hazırlıqlarına” başlayıb.

“Rusiyanın qərb sərhədlərinə ölkənin müxtəlif bölgələrindən ordunun toplanması böyük müharibəyə hazırlıqdan xəbər verir”. Belə bir açıqlama ilə rusiyalı diplomat Konstantin Borovoy çıxış edib.

“Putin yalnız Ukraynaya, həmçinin Baltika ölkələrinə qarşı deyil, NATO-ya qarşı da hazırlaşır. Hitler dövründə də qonşu ölkələrin ərazi bütövlüyü pozulurdu. Etnik təmizləmə, həbs düşərgələrin yaradılması və s. Putin dəfələrlə bu addımı atıb. O, Gürcüstan, Ukrayna ərazilərinə hücum edib. Rusiya prezidenti böyük müharibəyə hazırlaşır. Təbliğat kampaniyası aparılır ki, vətəndaşları nəyəsə inandırmaq mümkün olsun”, – diplomat qeyd edib.

*****
Rusiyanin təhdidlərinin ciddiliyini nəzərə alan Qərb də təbii ki, yerində sakit oturmayıb. Kremlin Ukraynadan əlavə NATO üzvləri olan Baltikyanı ölkələri, Polşanı da vaxtaşırı təhdid eləməsi, hətta nüvə hədəsi səsləndirməsi ona gətirib ki, Avropada NATO və ABŞ hərbi (çevik) qüvvələrinin sayı birə-üç artırılıb, Mərkəzi Avropada Raketdən Müdafiə Sisteminin qurulması işi sürətləndirildi.
Üstəlik, bugünlərdə 3 ölkənin Rusiya hərbi hədəsinə qarşı birləşdiyi məlum olub. Məlumata görə, Ukrayna, Polşa və Litva birgə hərbi briqada yaradacaq. Bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.

Orada bildirilir ki, 3 ölkənin rəsmiləri iyulun 24-də Lvovda (Ukrayna) məsələ ilə bağlı saziş imzalayacaq. Sazişi Polşa baş nazirinin müavini Tomaş Semonyak və Litvanın müdafiə naziri Yuozas Olekas imzalayacaq. Ukraynanı təmsil edəcək şəxsin isə adı açıqlanmayıb. Yeni briqada Litpolukrbriq adlanacaq.

Diqqət edildisə, 3 ölkədən ikisi NATO üzvüdür. Bu o deməkdir ki, həmin iki ölkə bu və ya digər səbəbdən hansısa əməliyyatlara cəlb olunsa, alyansın nizamnaməsinin 5-ci bəndi dərhal işə düşəcək və bütün alyans müharibəyə cəlb olunacaq.

*****
Əslində bu, Moskvaya Qərbin başqa bir mesajıdır ki, özünü yığışdırsın, korrekt olsun, Ukraynaya, postsovet məkanının digər bölgələrinə, o cümlədən Güney Qafqaza birbaşa hərbi müdaxilə niyyətindən daşınsın. Söhbət Azərbaycanın da yerləşdiyi regiondan gedir. Şimal qonşumuzun son vaxtlar Gürcüstana qarşı başladığı yeni sərhəd avantürası, bölgəyə yeni silah-sursatlar yığmaqda davam eləməsi də ötən saylarımızda qeyd edildiyi kimi, məhz Qərbin və onun bölgədəki maraqlarının, ölkəmizin mənafeyinə qarşı yönəlib.

Bu xüsusda Qərb-Rusiya rəqabətinin sonucu Bakı üçün heç vaxt olmadığı qədər müstəsna önəm kəsb edir yazsaq, yanlış olmaz. Belə görünür, önümüzdəki dönəmdə ABŞ və onun Avropadakı müttəfiqləri Rusiyaya qarşı təkcə iqtisadi xarakterli kontur-addımlarla kifayətlənməyəcək, eyni zamanda hərbi xarakterli ssenariləri də işə salacaqlar.

Bu ssenarilər heç şübhəsiz, həm də Azərbaycana və Qərbin Azərbaycandakı maraqları naminə olacaq və gündəmə gələcək. Ən azı o səbəbdən ki, Azərbaycanın Qərbə əsas qapısı sayılan Gürcüstanın ram edilməsi, bölgənin açar ölkəsi olan Azərbaycanı asanca Kremlin çətirə altına gətirəcək. (musavat.com)

COMMENTS