Qərblə İlham Əliyevin arasını kimlər vurur? – Xəyanət, yoxsa…

Qərblə İlham Əliyevin arasını kimlər vurur? – Xəyanət, yoxsa…

qerb.jpg

Kimlərsə dövlət başçısı İlham Əliyevlə Qərbi bir-birindən uzaqlaşdırmaq, Kremlin xoşuna gəlsin deyə siyasi spekulyasiyaları həbslər müstəvisinə qaldırmağa cəhd edir.

Ostap Benederin məşhur sözüdür: Qərb bizi xilas edəcək. Bu sarkazmla deyilmiş söz avtoritar idarəçilik olan ümidsiz cəmiyyətlərdə toplumun nicatı Avropada, Amerikada axtarmasına cavabdır. Qərb yoxsulluq içində olan əzilmiş xalqları tiranların caynağından xilas etmir, onları bəlaya atır. Salam Sarvan demişkən, darıxma, düzəlməyəcək…

XII əsrdə inqilablar olmur. Xalqların üsyanı da nonsensdir. İndi merkantil maraqlar üzərində qurulmuş siyasət transmilli korporativ qüvvələrin gücü ilə idarə olunur. İnqilabı da onlar edir, müasir Lenini də onlar yetişdirir, kütlələri də onlar körküləyir. Yəni, yatmış xalqı günün birində şirə çevirmək arzusu məhz beynəlxalq güclərin öz iqtisadi maraqları tapdananda çin olur. Bu, ərəb yarımasasında da belə olub, Yaxın Şərqdə də, Ukraynada da…

Xalqlar öz hakimiyyətlərini dəyişə bilmir, saray çevrilişi də mümkün olmur, necə ki ən emosional toplum olan 75 milyonluq Türkiyə Ərdoğanın əlində əsir-yesir qalıb.

“Gözü çıxmış qardaş”dan ibrət dərsi götürən Azərbaycan cəmiyyəti də eynilə pat vəziyyətinə salınıb. Axı Qərb bizi xilas etmək istəmir?! Müxalifətin bu gözləntiləri də puça çıxıb. Lakin belə vəziyyətdə hansısa gözəgörünməz qüvvələr, mübhəm əllər Azərbaycan hakimiyyətini Qərblə üz-üzə qoyur. Rəsmi Bakının xarici siyasətində ABŞ-ın, Qərbin maraqları prioritetdir. ABŞ da enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizədə Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir. Bu prioritet sahələrin ardınca demokratiya və insan haqları gəlir. Bu, illərdir ki dəyişməz olaraq qalır.

Ölkədəki siyasi həbslərə də “narahatlıq keçiririk” bəyanatından uzağa gedən açıqlama olmayıb. Son əfv sərəncamından sonra azadlığa çıxan xeyli sayda siyasilər, o cümlədən QHT sektorundakı Qərbyönümlülərin buraxılması münasibətləri kifayət qədər yaxınlaşdırıb. Yəni, Qərb də razı, Bakı da…

Amma son həbslərdə hakimiyyətin daxilindəki kuryoz qərarları sevən gizli əllərin olduğu müşahidə edilir. Kimlərsə dövlət başçısı İlham Əliyevlə Qərbi bir-birindən uzaqlaşdırmaq, Kremlin xoşuna gəlsin deyə siyasi spekulyasiyaları həbslər müstəvisinə qaldırmağa cəhd edir. Son həbslərdə tutulanlar son əfvdən sonra azadlığa çıxan siyasilərdən heç də ciddi rəqib ya da təhlükə sayılmır.

QHT sektorunda, mediada və müxalif təşkilatlarda kifayət qədər hökumət əleyhinə fəaliyyət olsa da, bu günkü həbslər tamamilə başqa siyasi oyunlara hesablanıb. Nə REAL-çı Natiq Cəfərli, nə hərəkatın sıravi üzvləri, nə bir neçə cəbhəçi, nə AXCP liderinin köməkçisi Faiq Əmirli təhlükədir.

Sadəcə, İ.Əliyevlə Qərbin münasibətlərini gərginləşdirmək kursunu seçən bəzi hakim qüvvələr saraydaxili oyunlarda avanqarda çevriliblər. Onların diktəsi ilə Qərb və Kreml arasında hansı siyasi xəttin daha qabarıq yürüdülməsinə qərar verilir. Bu, mərkəzdənkənar özfəaliyyətdir. Son həbslər də hakimiyyətin mövcud siyasətinə ziddir.

Referendum ərəfəsində, siyasi mühitin ölü vaxtında həbslər yalnız ABŞ-la, Qərblə əlaqələri təzədən sərt fazaya keçirmək niyyətidir.

Özəlliklə, AXCP lideri Əli Kərimlinin həbs olunacağı haqda ajiotaj dolu xəbərlər tirajlanır. Bu məlumatların hansı mərkəzdən sızması və idarə olunması da aydın deyil. Hakimiyyət daxilində Ə.Kərimli haqda ikili mövqe haçalanır:

iqtidar dəhlizlərində gedən müzakirələrdə AXCP liderinin həbsini dəstəkləyənlər var və bunu çıxış yolu görür, digər tərəf isə daha loyal yanaşır və bu qərarı yersiz sayır.

Çünki Ə.Kərimlinin həbsi ABŞ-la, Qərblə demokratiya sahəsində münasibətləri lazımsız bir həddə çatdırmaq olacaq, həmçinin də AXCP liderinin dissident məhbus imici yaradılacaq.

Yəni, pasportsuz, qərargahsız, üzvləri, müavinləri həbsə atılmış partiya liderini qandallamaqla təşkilatın və sədrinin dissident obrazı formalaşır. Odur ki iki qrupun mövqeləri toqquşur və ikinci tərəf hələ ki üstündür. Eyni zamanda Ə.Kərimlinin həbs ediləcəyi xəbəri haqda təbliğat materialları da İ.Əliyevi Qərblə üz-üzə qoymağa hesablanıb.

ABŞ-ın İlham Əliyevdən demokratiya və insan haqları ilə bağlı addımların atılmasını, seçkilərin ədalətli və şəffaf keçirilməsini tələb edir. Lakin bununla yanaşı Vaşinqtonu təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq da maraqlandırır. Bu mənada ABŞ ortaq mövqe tutmağa çalışır. Bu ortaq mövqe Əliyevə sərfəlidir, kimlərəsə yox. Görünür, elə buna görə Qərblə prezidentin arasını vurmağa çalışanlar siyasi təqibləri artırır.

Cumhuriyyet.az

COMMENTS