“Özümü günahkar hesab etmirəm, çünki buna səbəblər var”
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən Elşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. Elşən Mehdiyev ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
“Özümü günahkar hesab etmirəm, çünki buna səbəblər var” – deyə təqsirləndirilən bildirib.
İttihama görə, qətl hadisəsi 12 dekabr, 2014-cü ildə Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsindəki yarımtikilidə baş verib. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elşən Mehdiyev keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü İntima Salmanovanı qətlə yetirib , Elşən Mehdiyevlə İntima Salmanova bir müddət əvvəl boşanıblar və qadın atasının evinə gedib. Ötən gün isə hələlik məlum olmayan səbəbdən ər və arvad görüşüb. Onlar “Zığ bağları” massivindəki kimsəsiz evlərdən birinə gediblər. Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub, öldüyünü düşünərək evi tərk edib. Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb. İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdıb və elə küçədəcə qadını boğub. Nəticədə 22 yaşlı qadın dünyasını dəyişib.
Hadisəni törədən Elşən Mehdiyev Suraxanı Rayon Polis İdarəsinə gedərək, könüllü təslim olub.
COMMENTS