Qahirə metrosunda törədilən partlayış nəticəsində iki polis işçisi həlak olub.
AzərTAc-ın məlumatına görə, yerli KİV-partlayışın əldəqayırma partlayıcı qurğu vasitəsilə törədildiyini yazır.
Partlayıcı qurğu Minufiyə əyalətində qatarın stansiyaların birində dayandığı zaman işə düşüb. Nəqliyyat polisinin əməkdaşları sonuncu vaqonda şübhəli əşya tapıblar. Qatardakı sərnişinlər vaqonlardan çıxarılıb. Partlayış tapıntıya baxış zamanı baş verib. Bildirilir ki, daha 12 nəfər yaralanıb.
Daha bir tüerror aktı Misirin paytaxtında Hadaik əl-Qübbə məhəlləsində prezident komplekslərindən birinin yaxınlığında törədilib. Əldəqayırma bomba prezident sarayının yüz metrliyində partlayıb. Partlayış nəticəsində bir qadın qəlpə yarası alıb. Hazırda hüquq mühafizə orqanlarının nümayəndələri hadisə yerində işləyirlər.
Xatırladaq ki, Misirdə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” Assosiasiyası hakimiyyətdən uzaqlaşdırılandan sonra ölkədə təhlükəsizlik sahəsində vəziyyət kəskin pisləşib. Misir rəhbərliyi ordunun və polisin gücünü birləşdirərək, terrorizmə və gizli fəaliyyət göstərən ekstremistlərə qarşı mübarizə aparmaq üçün zəruri olan bütün tədbirləri görür.

COMMENTS