Son dövrlərdə ölkəmizdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müxtəlif tədbirlərin həyata keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib.
Şübhəsiz ki, gec və ya tez hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada Azərbaycan mətbuatının tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan cəmiyyəti hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir cəmiyyət idi.
Artıq 30 illik müstəqillik tarixinə malik olan ölkəmizin ilk illərdə yaşadığı çətinliklər qara səhifə kimi oxunmaqdadır. Həmin illərdə ölkədə xaos, anarxiya, özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. Bu vəziyyət digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığından söhbət belə gedə bilməzdi. Jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Lakin bu gün vəziyyət tamamilə əskini nümayiş etdirir.
Mətbuat tariximizin parlaq səhifəsi
Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər hakimiyyətə gəlişi ilə senzuranı ləğv edərək azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açmaqla ölkədə informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı.
“Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir” söyləyən Ümummilli Lider azad mətbuatın inkişafını daim diqqət mərkəzində saxlamaqla uğurlu nəticələrə imza atdı.
2003-cü ildən – İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı. Xüsusilə qeyd etmək lazımdır ki, həmin illərdə Azərbaycan mətbuatında dərin bir tənəzzül baş verirdi. Bu isə öz növbəsində Azərbaycanda “reket jurnalistika”nın meydana gəlməsi, cəmiyyətin müxtəlif çevrələrinə kimi nüfuz edərək ölkədə jurnalistika adına olduqca çirkin bir imic formalaşdırılması ilə nəticələndi. Məhz bu cür situasiyada Prezident İlham Əliyev bütün baş verənləri dərin təhlil edərək belə bir doğru qənaətə gəlmişdi ki, mövcud mənfi tendensiyaların əsasında duran başlıca səbəb mətbuatın maddi əsaslarının zəif olması problemidir. Çünki həmin dövrdə mətbuat artıq ənənəvi missiyasından – informasiya ötürücüsü rolunu oynamaq missiyasından tamamilə kənara çıxmışdı.
Belə ki, mətbuat ucuz yollarla – şantaj, böhtan, manipulyasiya və təhqir yolu ilə maddi qazanc vasitəsinə çevrilmişdi. Məhz belə bir şəraitdə Prezident İlham Əliyev Azərbaycan mətbuatının “xəstəliyi”nə düzgün diaqnoz qoyaraq mövcud problemlərin həlli ilə bağlı xüsusi addımlar atmağa başladı. Bunlardan biri, hətta birincisi jurnalistlərin peşə nüfuzunun artırılması ilə bağlı idi. Bu istiqamətdə fundamental önəm kəsb edən ciddi tədbirlər görüldü. Eyni zamanda, paralel olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü.
Demək olar ki, bunun ardınca bütövlükdə mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən silsilə tədbirlərin əsası qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Dövlət başçısı tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən yüksək qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı. Yəni, senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən “reket jurnalistikası” yavaş-yavaş sıradan çıxmağa başladı.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməyib. Bu nöqteyi nəzərdən Azərbaycan mediası xüsusilə son iki ildə fərqli müstəvidə inkişafı ilə diqqət çəkir.
Heç kəsə sirr deyil ki, 30 illik müstəqillik tariximizin bələdçiləri olan yazılı və elektron KİV-ləri daim bir arzu, istək birləşdirirdi: Torpaqlarımızın işğaldan azad olunmasının müjdəçiləri olmaq. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz KİV-lərin bu arzusunu da reallığa çevirdi. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən Azərbaycan mətbuatının 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə öz töhfələrini verdiyi kimi, postmüharibə mərhələsində də bu amalına sadiq qalmaqdadır.
Bu gün də Azərbaycan mediası dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir bəyanatın ölkə və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi yerə sahibdir. Ölkə Prezidentinin “Dağlıq Qarabağ məsələsi gündəlik işimiz olmalıdır” çağırışı son 17 ildə mətbuatın fəaliyyətinin əsas prinsipinə çevrildi.
Bu baxımdan Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan artıq beynəlxalq media qurumlarına geniş müsahibələri dünya ictimaiyyətinə bu reallıqların çatdırılmasında müstəsna rol oynadı.
Prezident İlham Əliyev üçün ölkə mediasının aparıcı beynəlxalq media strukturları ilə başabaş rəqabəti istiqamətində atdığı daha önəmli addımlardan biri bu ilin fevral ayında gerçəkləşdi.
Fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzaladı. Bu qanun Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilə bilər.
Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Qanun müasir tələblərə cavab verir. Ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır.
Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır.
Qanunda jurnalist anlayışı daha geniş mənada istifadə edilir. Qanun rəsmi olaraq hər hansı media subyektində işləyən şəxslərlə yanaşı, “freelancer” kimi fəaliyyət göstərən şəxsləri də jurnalist adlandırır. Yalnız qəzet, jurnal, televiziya və radiolarda deyil, həm də veb-saytlarda fəaliyyət göstərən jurnalistlərin də statusunu müəyyənləşdirir, onlara da jurnalist statusundan istifadə hüququ tanıyır.
İnformasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyulur.
Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən hazırkı dövrədək bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Nəticə olaraq bir qisim jurnalistin mənzil-məişət şəraiti tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına yaxşılaşdırılır.
Media Reyestrinə daxil edilmiş və jurnalistika sahəsində müəyyən qədər staja malik olan jurnalistlərə, habelə gənc ailənin üzvü olan jurnalistlərə mənzil almaları üçün dövlət dəstəkli güzəştli ipoteka kreditindən yaralanmaq hüququ verilir. Prezidentin fərmanı cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasına əlavə təminat yaradır. Jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə etməklə öz gəlirləri hesabına mənzil ehtiyaclarını qarşılamaq üçün şərait yaradılır. Bu da media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində olduqca mühüm addımdır.
Postkonflikt dövründə medianın yeri danılmazdır. Bu nöqteyi nəzərdən Azərbaycan dövləti çox önəmli addımlar ataraq artıq xarici media rəhbərlərinin də işğaldan azad edilən ərazilərə səfərləri istiqamətində çox vacib işlər görür.
İnformasiya savaşının həlledici olduğu bu mərhələdə bir sıra xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin sadələşdirilmiş akkreditasiya qaydaları əsasında Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak məsələsi sadələşdirilib ki, bu da postkonflikt dövründə Azərbaycan həqiqətlərinin təbliği missiyasını həyata keçirmək istiqamətində olduqca önəmli məsələlərdəndir.
Beləcə, Azərbaycan dövləti dünyanın ünfuzlu media nümayəndələrinə istər paytaxt Bakıda, istərsə də işğaldan azad edilən ərazilərə təşkil edilən səfərlər nəticəsində 30 illik işğal dövründə ermənilərin törətdikləri vandalizmini öz gözləri ilə görmək, vəziyyətlə daha yaxından tanış olmaq nöqteyi nəzərdən yeni imkanlar açdı. Birbaşa dövlət başçısının tapşırığı əsasında həyata keçirilən bu cür tədbirlər həm Azərbaycanda azad media mühitinin olduğunu nümayiş etdirmək baxımından əhəmiyyətlidir, həm də Ermənistanın manevr imkanlarını, beynəlxalq nüfuzunu daha da zəiflətmək adına çox önəmlidir.
Əli Vəliyev
Manşet.az Xəbər Portalının baş redaktoru
COMMENTS