“Qarabağ” Norveç millisinə böyük hesabla qalib gələrdi”

“Qarabağ” Norveç millisinə böyük hesabla qalib gələrdi”

“Millimizdən tam başqa bir oyun gözləyirdim. Çox təəssüf ki, komandamızda heç bir istək, əzmkarlıq görmədim. Rəqib komandanın baş məşçisi da oyundan sonra bildirdi ki, Azərbaycandan daha istəkli futbol gözləyirdim”.

 

Bu sözləri Qol.Az saytına açıqlamasında milli komandamızın sabiq üzvü, “Neftçala” klubunun baş məşqçisi Kamal Quliyev “Avro-2016”nın seçmə mərhələsində yığmamızın Baklda Norveçə uduzduğu oyun (0:1) haqda danışarkən deyib.

Millimizin oyununu kəskin tənqid edən K.Quliyev artıq bəzi futbolçuların yığmadan getməli olduğunu bildirib: “İnanın ki, “Qarabağ” Norveç millisi ilə qarşılaşsaydı, böyük hesabla qalib gələrdi. Buna yüz faiz əminəm. Bizim milli komandamız artıq dəyişilməlidir. Futbolçular digərləri ilə əvəzlənməlidir. Birinci dəstədə elə futbolçular var ki, millimizin bəzi üzvlərindən daha yaxşı oynayar. Sadəcə onlara inanmaq lazımdır. Foqts getdi, nə dəyişdi? Mən heç bir dəyişiklik görmədim. Futbolçularımızdan bu cür münasibət gözləmirdim. Axı onları meydana yerli məşqçi çıxarmışdı. Bu qədər top itkisi, bu qədər səhv olmaz.

Deyirik ki, topa nəzarət 50 faiz bizdə olub, topla yaxşı oynamışıq. Başa düşə bilmirəm, topla nə vaxt yaxşı oynadıq? Meydançada eninə getməklə heç nə etmək olmaz. Bizə qabağa getmək, sürətli hücumlar qurmaq lazım idi. Topla mənasız hərəkətlər etmək kimə lazımdır? Artıq Norveç kimi komandaya qalib gəlməli idik. Millimizin oyununa baxa bilmədim. İlk hissədən sonra əsəbiləşdim. Ola bilər ki, mənim sözlərim bəzi futbolçularımıza sərf etmir. Ancaq mən futbolumuz naminə bunları danışıram. Artıq 4-5 futbolçunun millidən getmək vaxtıdır. Əvəzində gənc, istedadlı oyunçular cəlb etmək lazımdır”.

K.Quliyev futbolmuzda inkişaf olduğunu deyənlərlə razılaşmadığını bildirib: “Üzdən iraq qonşumuz Ermənistanın Portuqaliya ilə səfər oyununa baxdım. Onların çıxışına çox paxıllıq etdim. Çünki 90 dəqiqə hücum etdilər. Portuqaliya çox çətinliklə qalib gəldi. Bizim futbolçular Maltanı bəyənmir. Gördüyünüz kimi, səfərdə Bolqarıstandan bir xal aldılar. Lüksemburq səfərdə qalib gəldi. San-Marino öz meydanında uduzmadı. Qeyd etdiyim komandaların hamısı cırtdan ölkələri təmsil edir. Artıq hər yerdə futbol inkişaf edir. Təəssüf ki, bu artım bizdə yoxdur”.

COMMENTS