Qarabağ qaziləri bir daha etiraz edir

Bəzi mətbuat orqanları saxta Qarabağ əlilindən istifadə edir

 
“Təəssüflər olsun ki, bəzi mətbuat orqanları fakta deyil, bir nəfərin yalanını trajlayır və oxucularına yalan məlumat verir. Əslində onlar hakimiyyəti vurmaq üçün saxta Qarabağ əlilindən istifadə edirlər. Bu yolverilməzdir. Hazırda onlarla ağır vəziyyətdə olan Qarabağ əlilləri qalıb kənarda, mətbuat vasitəsi ilə bu addan başqaları istifadə edir”. Bunu Qarabağ qaziləri birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib. O, bildirib ki, bu günlərdə yenidən mətbuatda özünü 1 qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində material yayılıb. R.Kərimoğlu özünü Qarabağ qazisi (əlili) kimi təqdim edən, əslində isə əl və ayaqlarını tamam başqa səbəbdən itirən E.Əfəndiyevlə bağlı “Qarabağ qazilər” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin bir müddət əvvəl  yayılmış birgə açıqlamasını yenidən diqqətə çatdırıb:
 
“Qarabağ əlili olmadığı halda özünü Qarabağ əlili kimi təqdim etmək yol verilməzdir!”
 
“Qarabağ qazilər” və “Vətən Müharibəsi Əlilləri” birlikləri bu günlərdə mətbuatda, o cümlədən sosial şəbəkədə özünü 1 qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində yayılan müxtəlif yazı və videolara münasibət bildirib. Bununla bağlı iki təşkilatın birgə açıqlaması yayılıb. Açıqlamada deyilir:
“Heç kəsə sirr deyil ki, Qarabağ əlillərinin, şəhid ailələrinin, müharibə veteranlarının xeyli problemləri var və Azərbaycan dövləti həmişə bu qəbildən olan insanların mövcud problemlərinin həll etmək üçün çox vacib işlər görür. Son vaxtlar isə bu məsələyə xüsusi bir diqqət olduğu hiss olunur. Azərbaycan Respublikası prezidentinin bu ilin martında imzaladığı sərəncamlar da bu işlərin davamıdır. Hazırda təşkilatlarımız və bir sıra müharibə yönümlü birliklər tərəfindən Qarabağ qazilərinin (əlillərinin), şəhid ailələrinin və müharibə veteranlarının problemlərinin həlli istiqamətində dövlət strukturları ilə müntəzəm və sıx iş aparılır. Sağlamlıq durumu ağır olan, yataqda ölümlə çarpışan onlara yarımcan Qazimizin həyatının xilas edilməsi və digər məsələlər üzərində çalışırıq. Bu günlərdə Qarabağ müharibəsində şəhid olanlara və əlil olanlara veriləcək sığorta məsələsi də gündəmdədir. Bu onların bir sıra problemlərinin həlli üçün çox ciddi və vacib məsələdir. Müharibə insanlarının qanunvericilikdən asılı problemlərinin həlli üçün Azərbaycan Respublikasının Milli Məclisinə konkret təkliflər müraciət etməyə hazırlaşırıq.
 
Təəssüf edirik ki, belə bir məqamda kimlərsə bu qəbildən olan insanların ağrı və acılarından, onlara dövlətin həssas yanaşmasından, diqqət göstərməsindən istifadə edərək müxtəlif məqsədlərlə şou düzəldirlər. Və bəzi “vətənpərvərlər” də bunu qızışdırılar. Bu yolverilməzdir!
 
Neçə vaxtdır mətbuatda, o cümlədən sosial şəbəkədə özünü 1 qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində müxtəlif yazılar və videolar yayılır. Biz hər hansı bir əlilin öz hüququnu müdafiə etməsinin, problemlərinin ictimailəşdirilməsinin əleyhinə deyilik. Amma Qarabağ müharibəsi qazisi (əlili) olmaya-olmaya özünü Qarabağ qazisi (əlili) kimi təqdim etmək yol verilməzdir! Biz bu məsələni araşdırdıq və məlum oldu ki, məhbus həyatı yaşamış Elnur Əfəndiyev əl və ayaqlarını Qarabağ müharibəsində itirməyib və bu hadisənin müharibə ilə heç bir əlaqəsi yoxdur. Əldə etdiyimiz məlumata görə, Elnur Bakıda tamam başqa şəraitdə əl və ayaqlarını itirib. Buna da özü səbəb olub. Zərurət olarsa bunu da tam dəqiqliyi ilə cəmiyyətə açıqlayarıq. Biz onun sağlamlıq durumuna görə acıyırıq. Amma təəssüf edirik ki, o, hər hansı bir məqsədinə nail olmaq üçün Qarabağ qazisi (əlili) adından istifadə edir. Təşkilatlarımızın üzvləri tərəfindən onu bu barədə dəfələrlə xəbərdarlıq olunub. Lakin yenə də öz əməlindən çəkinməyib. Məcbur olub bu açıqlamanı yayırıq.
 
Qarabağ qazisi (əlili) adı müqəddəsdir! Bu addan başqalarının belə şəkildə istifadə etməsinə etiraz edirik!
 
Yeri gəlmişkən onu da qeyd edək ki, təşkilatlarımız zaman-zaman Azərbaycanda bu qəbildən olan insanların problemlərini ən kəskin və ardıcıl şəkildə qaldıran, onların həllinə nail olmağa çalışan bir birlikdir. Bu kimi məsələlərlə bağlı həmişə mətbuata açıq olmuşuq, istənilən vaxt bizə ünvanalanan suallara imkan daxilində cavab vermişik. Və yenə də buna hazırıq. Bizim problemlərimizin ictimailəşməsində, onların həllində medianın da xüsusi rolu var. Bu işdə bizə yardımçı olan hər kəsə təşəkkür edirik. Ümid edirik ki, bu məsələdə də bizə yardımçı olacaqlar”.
 
QEYD: Qarabağ qazisi deyəndə, Qarabağ əlilləri nəzərdə tutulur, müharibə veteranı yox.

COMMENTS