Rüxsarə Cumayeva üçün 18 min manat tapılacaqmı?
Ayağındakı problemlər səbəbindən yerimək qabiliyyətini itirən Qarabağ qazisi Rüxsarə Cumayevanın qayğıya ehtiyacı var. Çoxlarının Tutu kimi tanıdığı Rüxsarə xanım müharibə illərində əlil olduğu halda ön cəbhəyə, atəş xəttinə yollanıb, tibb bacısı kimi orduda xidmət edib. Rüxsarə xanım 1963-cü ildə Zaqatala rayon Bəhmədli kəndində anadan olub. İxtisasca filoloqdur, eyni zamanda tibb bacısıdır.
Təhsilini yarımçıq qoyub cəbhəyə gedən Tutu xanım müharibə dövründə yüzdən çox əsgəri xilas edib.
Səhhətində olan problemlərə rəğmən Qarabağ döyüşlərinə könüllü gedən Tutu xanımın vəziyyəti ilə maraqlanmaq üçün onun evinə yollandıq.
Qarabağ qazisi Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 170/9, mənzil 7 ünvanında 10 kvadratmetrlik kiçik mənzildə yeganə qızı ilə birgə yaşayır. Qapıda bizi Rüxsarə Cumayevanın qızı Rəqsanə qarşılayır. İçəri daxil olub ayağa durmaqda çətinlik çəkən Tutu xanımı divanda uzanmış halda görürük. Deyir ki, artıq neçə ildir günü bu divanda uzanmaqla keçir və ayağındakı problemlər onu yerimək imkanından məhrum edib. Kiçik, yarıqaranlıq mənzilə baxanda ailənin maddi durumunu təxmin etmək çətin olmur.
Maddi durumu ağır olan Rüxsarə xanım əlilliyə görə aldığı müavinətin və dost-qardaş köməyinin hesabına dolanır. İndi onun ayağındakı problemin həlli üçün əməliyyata, əməliyyat üçün isə 18 min manata ehtiyacı var: “Ayağımda uşaqlıqdan problem olub. Ancaq buna baxmayaraq, Qarabağ döyüşlərində iştirak etmişəm. Müharibədə yaralansam da, döyüşü tərk etmədim.
Bu gün də həmin günlərin ağrısını çəkirəm, bədənimdə qəlpələr hələ də qalır. Təbii ki, müharibədə qəlpə yarası da, ölüm də ola bilərdi. Ancaq indi mənim qoruduğum bu dövlətin, bu xalqın dəstəyinə ehtiyacım var”.
Xatırladaq ki, Rüxsarə Cumayeva ayağında yaşadığı problemlərlə bağlı dəfələrlə əməliyyatlar keçirib, əməliyyatlardan biri isə iyulun 29-da Türkiyədə Ankaranın Nümunə xəstəxanasında baş tutub və 12 saat davam edən əməliyyat uğursuz olub. Qarabağ qazisi qardaş ölkədə çox laqeyd qarşılandığını və ona nə səfirlik, nə də xəstəxana kollektivi tərəfindən heç bir diqqətin göstərilmədiyini bildirdi: “Sol ayağım 8 ay ərzində 5 dəfə əməliyyat olundu, ümumilikdə 42 saat narkozda qalmışam. Bu da Türkiyədə mənə göstərilən laqeydliyin nəticəsi idi. Bu əməliyyatlardan sonra yaxşılığa doğru heç nə dəyişmədi, daha pis oldu və mən yatağa məhkum oldum”.
Tutu xanım indi ümidini itirməyib və altıncı əməliyyata hazırlaşır: “Əməliyyatdan sonra ümid edirəm ki, yeriyə biləcəyəm. Ancaq bu əməliyyat üçün lazım olan məbləği tapa bilməsəm, mənə yardım olunmasa vəziyyətim daha da pis olacaq. Hərəkət qabiliyyətimi itirmişəm, qızımın məktəbinə, iclaslara gedə bilmirəm. Mən ən azı qızıma görə sağalmalı, ayağa durmalıyam. Mən Qarabağ veteranı kimi dövlətdən pul almıram. Yalnız əlilliyə görə 50 manat müavinət alıram. Bu günə kimi dostlarımın və qardaşımın hesabına yaşamışam.”
Qarabağ savaşı xatirələrindən danışan Tutu xanım deyir ki, Fərrux dağı ətrafında gedən döyüşlərdə 103 yaralı əsgəri atəş altından çıxarıb: “Bundan artığına gücüm çatmadı. Əlimə silah alıb vuruşmadım. Ancaq yaralı oğullarımızı xilas etmişəm. Murov dağında qar uçqunu altında yüzlərlə əsgərimiz qaldı. Qarı əllərimizlə qazıb onları çıxartmağa çalışırdıq. Barmaqlarımın ucu donmuşdu və indi də soyuq olanda həmin giziltini hiss edirəm. Ancaq mən Qarabağ əlili deyiləm, əlil ola-ola Qarabağa getmiş bir qadınam. Təhsilimi, həyatımı yarımçıq qoyub cəbhəyə getmişəm. ”
Rüxsarə Cumayevanın sözlərinə görə, əməliyyat nəzərdə tutulan vaxtda həyata keçirilsə, onun ayağa qalxmaq şansı var. “Mən dövlətimdən kömək istəyirəm ki, əməliyyatıma dəstək olub məni ayağa qaldırsın. Bircə qız övladım var, ona sahib çıxım. Bu əməliyyat mənim sonuncu şansımdır. Türkiyənin Maltəpə xəstəxanasında əməliyyat olmalıdır. Əməliyyat üçün 18 min manat lazımdır. Mart ayına kimi bu əməliyyat baş tutsa, mənim ayağa qalxıb, yerimək ehtimalım 90%-in üzərindədir. İndi 4 ayaqlı əsa ilə hərəkət edirəm. Əməliyyatım uğurla keçsə bundan da xilas olacağam”.
Tutu xanımın qızı 13 yaşlı Rəqsanə arzuları ilə anasını göz yaşlarına boğur: “Hər bir övlad kimi mən də anamı sağlam və ayaq üstə görmək istəyirəm. İnanıram ki, o sağalacaq və bunun üçün imkanı çatan hər kəsdən xahiş edirəm. Bu günə qədər keçirdiyi əməliyyatlar uğursuz olsa da, biz ümidimizi itirməmişik. Əgər o, Qarabağ savaşında bir qadın kimi bütün çətinliklərin öhdəsindən gəlibsə, bu əməliyyatı da keçməyə də özündə güc tapacaq. Azərbaycan dövlətinin rəhbərlərindən xahiş edirəm ki, bir ananı, Qarabağ veteranını bu vəziyyətdə qoymasınlar”.
Rüxsarə xanım bizi yola salmaq üçün çox çətinliklə, dörd ayaqlı çəliyinə yaslanaraq ayağa qalxır, ümid dolu gözləri bizi yola salır. Biz isə ona, bu yazını oxuyan imkanlı və xeyirxah şəxslərin, dövlət qurumlarının kömək edəcəyinə ümid etdiyimizi deyib onun mənzilindən ayrılırıq.
Sonda Qarabağ qazisi Rüxsarə Cumayevaya yardım etmək istəyənlər üçün onun bank hesabını təqdim edirik:
Kapital Bank, 2 saylı Nəsimi rayon filialı
Vöen: 9900003611
Telefon: 012 440-15-54
Kod: 200123
Swift bik: AİİBAZ2X
M/Hesab: 0137010001944
S.A.A: Cumayeva Ruxsarə Bayraməli qızı
Hesab № 38010019441203449112
COMMENTS