Qarabağ separatçıları Bakıya “şərt qoyur”: Minsk Qrupu da masada olmalı…

Qarabağ separatçıları Bakıya “şərt qoyur”: Minsk Qrupu da masada olmalı…

Qondarma rejimin “naziri” hesab edir ki, Azərbaycanla danışmaq olar, amma İrəvan və  həmsədrlər də iştirak etməlidir; partiya sədri: “Heç bir kənar formatdan söhbət gedə bilməz”

Oktyabrın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutyunyanı qəbul edib. “Yeni Müsavat” bildirir ki, o, qapalı keçən görüşün təfərrüatını açıqlamayıb. Ermənistan KİV-ləri yazıb ki, Qarabağdan olan nümayəndə heyəti Ermənistan hakimiyyəti ilə Praqa görüşündən sonra yaranmış vəziyyəti müzakirə etmək üçün İrəvandadır.

Araikin Xankəndidən İrəvana apardığı separatçılar qondarma “parlamentin sədri” Artur Tovmasyan, “xarici işlər naziri” David Babayan, “deputat” Vahram Balayan və “müşavir” Masis Mayilyan olublar. Paşinyan bir neçə gün əvvəl müsahibəsində  vurğulayıb ki, danışıqlarla bağlı Arutyunyanı daima məlumatlandırır. “Mən zəruri hesab edirəm ki, hər hansı danışıqlarda dediyim və eşitdiyim bir cümlə ilə bağlı qaranlıq məqam qalmasın”. Nikol deyib ki, Araikə məlumat verməyi düzgün hesab edir, çünki o da  öz növbəsində ən azı “Təhlükəsizlik Şurasına” və keçmiş yüksək vəzifəli məmurlara məlumat verir.

Separatçı rejimin qondarma “xarici işlər naziri” David Babayan da Bakı ilə birbaşa danışıqların mümkünlüyü haqda danışıb. Babayan deyib ki, “Azərbaycan-Qarabağ münaqişəsinin həlli üçün 1994-cü ildə ATƏT-in Budapeşt sammitində qəbul edilmiş aydın format var”.  Babayan iddia edib ki, Azərbaycanla birbaşa danışıqlara hazırdırlar, lakin bu prosesə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Ermənistanın cəlb olunmasına ehtiyac var. “Biz birbaşa danışıqları başqa cür qəbul edə bilərik, lakin əgər söhbət siyasi məsələdən gedirsə, o zaman Azərbaycan bizi münaqişənin tamhüquqlu tərəfi kimi qəbul etməlidir”. Babayan onu da deyib ki, “əgər Rusiyada 3 milyon erməni yaşayırsa, xüsusən də gələcəyimiz ondan asılı olan halda biz niyə anti-Rusiya olmalıyıq? Əgər Rusiya sülhməramlıları olmasa, “artsax” da olmayacaq. Bu o demək deyil ki, biz Qərblə düşmən olmalıyıq, heç də yox, çünki ABŞ-da 2 milyon erməni yaşayır. qərbpərəstliyin yeganə meyarı rusofobiya olmalıdırmı? Bu normal deyil”. Göründüyü kimi, separatçılar məsələni “Azərbaycan-Qarabağ” kimi qoymağa, “artsax”la Bakı arasında təmaslarda Minsk Qrupunun və İrəvanın iştirakına işarə edirlər. Azərbaycan onlarla necə danışacaq və burada vasitəçilərə zərurət varmı? Çünki Prezident Praqada demişdi ki, Qarabağ erməniləri mövzusu daxili işimizdir və kiminləsə bunu müzakirə etməyəcəyik…

Yeri gəlmişkən, baş prokuror Kamran Əliyev Araikin həbsi ilə bağlı bildirib ki, onun ekstradisiyası üçün bəzi prossessual çətinliklər var. Həmçinin bu məsələdə bəzi ölkələrin əməkdaşlıq etmədiyini də vurğulayıb. Bununla ismarış verib ki, hansısa qüvvələr Araiki və qondarma administrasiyanı himayə edirlər. Qeyd edək ki, Araik İnterpola axtarışa verilib, o, Xankəndidə yuva salıb və rus hərbçilərinin bölgəyə yerləşməsindən sonra separatçılarda bir arxayınlıq əmələ gəlib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a dediyinə görə, Qarabağ erməniləri ilə təmaslarda heç bir kənar formatdan söhbət gedə bilməz. Partiya sədri hesab edir ki, bizim ərazilərdə olan ermənilər Azərbaycan vətəndaşları sayılırlar: “Əgər bizim qanunları qəbul etsələr, eyni hüquqlara malik olacaqlar. Amma heç bir vasitəçi olmadan danışıqlar aparılmalıdır. Ermənilərlə danışıqlarda kənar qüvvənin iştirakı yolverilməzdir. Çünki bu zaman onları tərəf kimi dəyərləndirmiş oluruq. Bizsə tabe olmayan separatçılara xəbərdarlıq edirik. Ona görə Qarabağ erməniləri bilməlidirlər ki, Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa imkanları yoxdur. Əks halda, əraziləri tərk etməlidirlər. Bu vətəndaşlıq da cinayət törətməmiş şəxslərə veriləcək, digərləri mühakimə olunacaqlar. Prezident də Çexiyada söylədi ki, onlarla necə, nə zaman danışacağımızı özümüz bilirik, kiminləsə bunu müzakirə etmək fikrimiz yoxdur, çünki daxili məsələdir. Təbii ki, bölgədə separatizmə dəstək verən güclər var və bu da həmin ərazilərdə suverenliyin bərpasını çətinləşdirir. Amma Azərbaycan öz siyasətini sona qədər yürütməlidir”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Blinken Əliyevə zəngində Qarabağdakı etnik erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib: “Bu, Bakının Xankəndidəki ermənilərlə qeyri-formal əlaqələrin davam etdirilməsi mövqeyinin dəstəklənməsidir. Hərçənd “ermənilərlə qeyri-formal əlaqələr”ə müəyyən aydınlıq gətirməyə ehtiyac var, xüsusilə Nikol Paşinyanın “Bakı və Xankəndi arasında əlaqələr qurulmalıdır” açıqlaması fonunda. Əliyevin dediyi “qeyri-formal əlaqələr”lə Paşinyanın dediyi “Bakı-Xankəndi formatı” arasında fərq nədir? Birincisi, hər iki tərəfin bir-birinə “yaxın görünə biləcək” mövqeyi siyasi xarakter daşıyır: İrəvan masadan çıxarılan Qarabağ məsələsində “mübarizə apardığını” əsaslandıracaq və daxili auditoriyanın ağzına atacaq “yem” lazımdır. Bakıya Qarabağ məsələsinin daxili işi olduğu faktının bütün beynəlxalq oyunçular tərəfindən qəbul edilməsi, sülh müqaviləsində bu məsələnin ümumiyyətlə gündəmə gəlməməsi lazımdır. İkincisi, söhbət “qeyri-formal” əlaqələrdən gedir, yəni müzakirə mövzusu siyasi yox, ictimai-humanitar məsələlərdir və bunu siyasətçilər yox, ölkənin daxili sabitliyini təmin edən güc strukturları – Daxili İşlər Nazirliyi, yaxud Dövlət Təhlükəsizlik Xidməti apara bilər. Prezidentin açıqlaması da təsdiq edir ki, indiyə qədər “qeyri-formal əlaqələr” müəyyən qədər qurulub, bunun fonunda erməni mənbələrin təmasların Azərbaycanın güc strukturları tərəfindən həyata keçirildiyinə dair məlumatları yada düşür”.

Emil SALAMOĞLU

COMMENTS