Ərdoğan və Putinin Azərbaycandan Avropaya mesajları yeni mərhələnin anonsu sayıla bilər; AŞPA “Ermənistan Dağlıq Qarabağı işğal edib” yazılmış qətnaməni qəbul edəcəkmi?
Elxan Şahinoğlu: “Rusiya konkret mövqe ortaya qoymasa, bölgədə gərginliyin artmasının şahidi olacağıq”; Arzu Nağıyev: “Hər iki prezidentin Qarabağ münaqişəsinin həllinə təsir imkanları böyükdür ”
Rəsmi Bakının ev sahibliyi ilə keçirilən Birinci Avropa Yay Oyunlarına Avropa ölkələri liderlərinin qatılmaması neçə müddətdir barəsində danışılan yeni bir formatı müzakirəyə çıxartdı. Söhbət Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ortaya qoyula biləcək Bakı-Ankara-Moskva formatının yaradıla biləcəyindən gedir.
Avropa dövlətlərinin başçılarının Bakıya gəlməməsi həm Rusiya, həm də Türkiyə prezidentlərinin reaksiyasına səbəb oldu. Rusiya dövlət başçısı Vladimir Putinlə bir araya gəlməzdən öncə Türkiyə prezidenti R.T.Ərdoğan, oyunların açılışına gəlməyən Avropa Birliyi ölkələrinin rəhbərlərinə də mesaj göndərib.
“Tədbirlərin təşkilinə Azərbaycan çox ciddi sərmayə ayırıb. Hərçənd ki, bu oyunların adı Avropa oyunlarıdır, amma Avropa liderlərindən heç kim yox idi”, – deyə Ərdoğan bildirib. Rusiya prezidenti Vladimir Putin də açılış mərasiminin, ümumilikdə oyunların təşkilindən razı qaldığını ifadə edib. O, həmçinin Ərdoğanın Avropa dövlətlərinin əvəzinə açılış mərasiminə qatıldığını söyləməklə öz tərəfindən mesaj verib.
Bir sıra müşahidəçilər hesab edir ki, iki dövlət başçısının Azərbaycanın yanında olmaqla yanaşı, dünya ölkələrinə ünvanlı fikirləri həm də Azərbaycanın işğal altındakı ərazilərinin gələcək taleyinin müəyyənləşməsində bu iki paytaxtın əsas yer alacağının anonsudur. Qeyd edək ki, son zamanlar Qarabağ məsələsində əsas söz sahibinin Moskva olduğu, hətta işğal altındakı ərazilərin azad olunması müqabilində Bakının Avrasiya Birliyinə üzvlük qərarı verə biləcəyi də bildirilir.
Paralel olaraq rəsmi Bakı Ankaranın həmsədr ölkələrdən biri ki, prosesdə yaxından iştirakını istədiyini dəfələrlə deyib. Həmçinin, Azərbaycan və Türkiyə hərbi müttəfiqliyinin getdikcə daha yüksələn xətlə davam etməsi bu iki ölkənin bir yerdə olmasının alternativsizliyini təsdiqlədi. Digər məqam isə ondan ibarətdir ki, Rusiyanın Qərblə konfrantasiya şəraitində olması şəraitində Azərbaycanın da Qərblə münasibətlərində böhran yaranıb və məcburi müttəfiqlik situasiyası yaranıb.
Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti arasında keçirilən görüşdən sonra Kremlin mətbuat xidmətinin açıqlamaları da münasibətlərin pozitiv səmtdə inkişafından xəbər verir. Putin ötən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 12% artmasına diqqət yönəldib. Rusiya prezidenti əlavə edib ki, əməkdaşlıq nə qədər çox inkişaf etsə, bir o qədər yaxşıdır və Moskva bunda maraqlıdır. Öz növbəsində İlham Əliyev Putinə Avropa Oyunlarının açılış mərasiminə qatıldığı üçün minnətdarlıq edib və iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
***
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Avropa Oyunlarının açılışına qatılmaq üçün Bakıya gələn Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Təyyub Ərdoğan aralarında müxtəlif mövzuları müzakirə etmək üçün yaxşı fürsət qazandılar: “Demək olar ki, Ərdoğan və Putin Bakıda barışdılar. Çünki Ərdoğan Putindən incik idi, o Rusiya prezidentini Çanaqqala savaşının 100 illiyi münasibətilə Türkiyəyə dəvət etmişdi, Kreml sahibi isə Türkiyə əvəzinə İrəvanda ”erməni soyqrımının” yüzilliyinə yollanmağı lazım bildi. Halbuki, Putin Çanaqqala ilə yanaşı İrəvana da getməyə bilərdi və bu Ərdoğanın qıcığına səbəb olmazdı. Ancaq Ərdoğan onu da nəzərə almalı idi ki, Rusiya-Ermənistan birliyi yüzillərdir formalaşıb və Putin bir anda bu siyasətdən geri çəkilə bilməz, bu, Kremlin ənənəvi siyasətinə zidd olardı. Ərdoğanla Putinin görüşü qapalı keçib”.
E.Şahinoğlu hesab edir ki, buna rəğmən, görüşdə nələrin müzakirə edildiyini təxmin etmək olar: “İki lider arasında əsas mövzu Rusiya qazının Türkiyə üzərindən Avropaya daşıyacaq ”Türk axınıdır”. Moskva bu layihəni qısa müddətdə həyata keçirmək istəyir. Buna görə də Ankaranı tələsdirir. Ancaq Ərdoğanın tələsmək üçün əsası yoxdur. Ankara birincisi “türk axını” layihəsini ona görə gecikdirir ki, qazın qiymətində Rusiyadan istədiyi güzəşti əldə etsin. İkincisi, Ankara Azərbaycan qazına da maraq göstərir və TANAP layihəsini “Türk axınına” qurban vermək istəmir ki, bu Azərbaycanın maraqlarına xidmət edir. Hesab edirəm ki, Ərdoğan Putinlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsini də qaldırıb”.
Ümumiyyətlə, ekspert zənn edir ki, Putinlə İlham Əliyev və Ərdoğan arasında Bakıda keçirilən görüşlərdə əsas 3 sual gündəmdə olub: “Birinci sual budur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal faktının ortadan qaldırılması məqsədilə Ermənistana təsir etməyə hazırdırmı? Çünki son zamanlar Kremlə yaxın politoloqlar və deputatlar Ermənistanın işğal altındakı torpaqların boşaldılması vacibliyini dilə gətirirlər. Rəsmi Bakı Kremlin də bu mövqedən çıxış etməsinə ümidlidir. İkinci və üçüncü suallar isə daha çox Rusiyanın maraq dairəsindədir. Azərbaycan Kremlin istəyi ilə Avrasiya İqtisadi Birliyinə üzv olub olmayacaqmı? Azərbaycan və Türkiyə Türkmənistan qazının Xəzərin dibi ilə Avropaya çatdırılması və çatdırılmaması məsələsində Rusiyanın maraqlarını nəzərə alacaqlarmı? Bizim üçün önəmli olan Qarabağdır. Putin bu problemin həllində real addım atacaqsa, Azərbaycan və Türkiyə digər iki məsələdə Rusiyanın maraqlarını nəzərə almağa hazır olacaqlar. Ancaq Putinin Bakı səfərində Rusiyanın Qarabağ məsələsində mövqeyinin müsbətə doğru dəyişdiyini söyləmək çətindir.
Rusiya fürsəti əldən qaçırır. Çünki Rusiya münaqişənin həllində ortaya konkret mövqe ortaya qoymasa, yaxınlarda bölgədə gərginliyin artmasının şahidi olacağıq, Azərbaycanın Ermənistana qarşı hərbi təzyiqini bir az daha artıracağını ehtimal etmək olar. Bu isə Rusiyanın maraqlarına cavab verməməlidir. Bakıda Avropa Oyunları davam edir, Ermənistan isə cəbhə bölgəsində atəşkəsi pozur. Adətən belə idman yarışları zamanı müvəqqəti də olsa sülhə riayət olunur. İrəvan elə bu addımıyla da bizə gələcəkdə torpaqlarımızı güc yoluyla azad etməkdən başqa alternativ qoymur”.
E.Şahinoğlunun fikrincə, Türkiyənin ATƏT-in Minsk Qrupundakı həmsədrliyə yiyələnməsi çətindir: “Bunu yalnız Azərbaycan istəyir. Həmsədr dövlətlər – ABŞ, Fransa və Rusiya isə Türkiyənin onlara qoşulmasını arzulamır. Çünki bu dövlətlər Türkiyənin həmsədrliklə Cənubi Qafqazda rolunun artmasını istəmirlər. Buna baxmayaraq, onlar Ankaranın Azərbaycanla müttəfiqliyini və hərbi əməkdaşlığını nəzərə almalıdırlar. Onsuz da Qarabağ münaqişəsinin həllində Fransa və ABŞ-ın mövqeləri zəifləyib. Rusiya əsas söz sahibinə çevrilib. Rusiya Ermənistanın, Türkiyə isə Azərbaycanın hərbi-siyasi müttəfiqidir. Ona görə də münaqişənin həllində Minsk Qrupunu Rusiya-Türkiyə vasitəçiliyinə transfer etmək olar. Kreml Ankara ilə münasibətləri inkişaf etdirməyə çalışır, ortada böyük enerji layihələri var. Ankaranın isə bunun qarşılığında Rusiyaya ünvanladığı tələblər sırasında Ermənistana təsirini artırması istəyi də var ki, Azərbaycanın işğal altındakı torpaqları boşaltsın. Rusiya ya Azərbaycan və Türkiyə ilə əməkdaşlığı genişləndirmək naminə Ermənistana təsir edib ya Qarabağ probleminin ədalətli həllini sürətləndirməlidir, ya da tədricən Kremlin Ankara və Bakı ilə münasibətlərindəki sualların sayı artacaq”.
***
Politoloq Arzu Nağıyev bildirdi ki, istər Putinin, istərsə də Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanları böyükdür: “Müqayisədə Ərdoğan bu məsələdə daha çox Azərbaycanın mövqeyini dəstəkləyən tərəf kimi çıxış edir və məlumdur ki, məhz bu məsələyə görə Türkiyə Ermənistanla bir sıra layihələrdən imtina edir və sərhəddin açılması, iki dövlət arasında hava uçuşlarına qadağa da bu sıradandır. Rusiyaya gələndə isə Cənubi Qafqazla bağlı öz xüsusi planı olan bu dövlət Ermənistanla daha yaxın tərəfdaşdır və bu proseslərə öz prizmasından yanaşır”. A.Nağıyev qeyd etdi ki, buraya həm iqtisadi, həm siyasi, həm də hərbi maraqlar da daxildir: “Bununla yanaşı Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür və münaqişənin sülh yolu ilə həllinə birbaşa cavabdehdir. Ona görə də son zamanlar ABŞ-ın təşəbbüsü ələ almağa cəhdləri nəzərə alınmalı və bundan Rusiya müvafiq nəticələr çıxarmalıdır. Ümumiyyətlə, bu görüşlərin münaqişənin həllinə müsbət təsir göstərəcəyi inkar edilməsə də, konkret nəticə əldə edilməsi inandırıcı görünmür. Çünki görüşlərdə əsas məqam yəqin ki, Türkiyədə keçirilən seçkilər və təbii ki, qaz layihələri olub”.
Putinin Bakıda olduğu günlərdə də ermənilərin yanğınlar törətməsi və atəşkəsi pozmaqda davam etməsi, həmçinin bəzi rayonların azad ediləcəyi barədə rus deputatın dediklərinə aşağılayıcı münasibət bildirmələri isə düşmənin yeni təxribat hazırlıqlarından xəbər verir. Bu arada Avropa Oyunlarından sonra Azərbaycanın hərbi əməliyyatlara başlayacağı barədə məlumatların yayılması da maraqlı xüsusatdır.
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) monitorinq komissiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı sənəddə “Ermənistan Dağlıq Qarabağı işğal edib” yazılır. Məlumata görə, sənəd 22-26 iyunda AŞPA-nın yay sessiyasında səsverməyə çıxarılacaq və qətnaməyə çevriləcək. Bu qətnamə Azərbaycana öz ərazilərini işğalçı Ermənistan ordusundan azad etməyə imkan verəcək. Hər halda daha çox ehtimal olunan budur ki, Avropa Azərbaycanı tam itirməmək və Qarabağ cəbhəsində təşəbbüsün Ankara və Moskvanın əlinə keçməməsi üçün alternativlər axtarışındadır. Odur ki, belə həssas məqamda ortaya səs-küylü bir sənədin qoyulması real görünür. Üstəlik, Qarabağın işğaldan azad olunması əməliyyatına Avropanın guya “razılıq verdiyi” barədə məlumatlar da çox güman ki, paytaxtlararası rəqabətli situasiyadan doğur…
(musavat.com)
COMMENTS