Son zamanlar ermənilər tərəfindən mövqeləriməzə atəş açılması intensiv xarakter daşıyır. Sonuncu belə hal martın 10-u gecədən səhər saatlarınadək davam edib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
Erməni təxribatları ilə bağlı Modern.az-a danışan hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev bildirib ki, bu, həmişəki kimi, dırnaqarası Ermənistan respublikasının siyasi rəhbərliyinin təşəbbüsündən ziyadə, daha çox onların havadarlarının planları və iradəsinə müvafiq atılan addımlardır.
Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsindən bəri regiondakı sürətli inkişaf onları narahat etməkdədir:
“Ona görə də müxtəlif səbəblərlə bu inkişafa əngəl olmaq istəyirlər”.
Ekspert Qarabağda xidmət aparan sülhməramlı qüvvələrin bir hissəsinin Ukraynaya getməsini istisna etməyib:
“Sülhməramlıların Ukrayna döyüşlərində iştirakı mümkündür. Bu gün Ukraynada gedən proseslər də onu göstərir ki, Rusiyanın xüsusi təcrübə keçmiş birləşmələrə ehtiyacı var. Bununla yanaşı, həm də bizə məlumdur ki, sülhməramlı qüvvələr bizim ərazimizdə müvəqqəti yerləşiblər və nə vaxtsa tamamən ərazini tərk edəcəklər”.
R.İmamquliyev yekun olaraq deyib ki, zərurət yaranarsa, ərazi bütövlüyümüz və təhlükəsizliyimiz adına daxili təhlükəsizlik, anti-terror əməliyyatlarının başladılması istisna edilmir.
DOSYE.ORG
COMMENTS