Qarabağda nə baş verə bilər?-Bakının səbri tükəndi

Qarabağda nə baş verə bilər?-Bakının səbri tükəndi

Ədalət Verdiyev: “Qarabağda gərginliyin səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir”

Fərhad Məmmədov% “Qarabağda hərbi infrastrukturun, silahlı şəxslərin məhv edilməsi zamanın tələbidir… Kimsə Bakının qəti addım atmasına mane olmamalıdır. Heç kim heç nə edə bilməyəcək!” 

Martın 24-dən etibarən Ağdam-Xocalı istiqamətində baş verənlər ötən gün Azərbaycanla Rusiya arasında ciddi gərginliyin yaranması ilə nəticələndi. 

Qeyd edək ki, Azərbaycan ordusunun bölmələri güc tətbiq etmədən Qarabağda  Xocalı inzibati rayonunun tərkibindəki Fərrux kəndini nəzarətə götürüb, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənib.

Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə hələ də fəaliyyətini davam etdirən qanunsuz erməni silahlı dəstələri buna mane olmağa çalışıblar və bir neçə dəfə diversiya həmləsi ediblər. Ancaq Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında deyildiyi kimi, heç bir nəticə əldə edə bilməyərək geri oturdublar. Erməni tərəfi bu atışmalar zamanı azı 3 silahlı itirdiyini, 15-ə yaxın yaralı olduğunu açıqlayıb.

Ötən gün Rusiya Müdafiə Nazirliyi bütün bu baş verənlər haqda Bakını hiddətləndirən bəyanat yayıb. Orada Azərbaycan ordusunun bölmələrinin “Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olması”, “Dağlıq Qarabağın silahlı dəstələrinə qarşı” “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən 4 zərbənin endirilməsi, Azərbaycan tərəfinin “2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərini pozması” kimi “müddəalar” yer alıb.

Azərbaycan Müdafiə Nazirliyi artıq Rusiya tərəfinin bu bəyanatına kifayət qədər sərt cavab verib, 10 noyabr razılaşmasını pozan tərəfin əslində qanunsuz silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarmamaqla Ermənistan olduğunu, Rusiya sülhməramlılarının isə buna şərait yaratdığını bildirib. Üstəlik bəyan edilib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında göstərilənlər iki ölkə arasında fevralın 22-də imzalanmış müttəfiqlik münasibətləri barədə bəyannaməyə də ziddir.

Virtualaz.org qeyd edir ki, bu bəyanat və daha əvvəl Fərrux kəndi ətrafında baş verənlər Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə münasibətdə səbrinin tükənməkdə olduğunu göstərir. 

Həmin 10 noyabr üçtərəfli bəyanatının bəndlərindən birinə əsasən Rusiya sülhməramlılarının yerləşdirilməsi erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə paralel həyata keçirilməliydi.

Lakin bu baş verməyib və həmin qanunsuz silahlı birləşmələr, -hansı ki, Rusiya Müdafiə Nazirliyi indi onları “Dağlıq Qarabağın silahlı bölmələri” adlandırır, əvvəllər isə hətta “Dağlıq Qarabağ ordusu” adlandırmışdı,- öz “fəaliyyətini” davam etdirir. Üstəlik sülhməramlılarının himayəsi və mühafizəsi altında özlərinə döyüş mövqeləri qurur, səngərlər qazmağa cəhd edir və vaxtaşırı olaraq Azərbaycan ordusunun mövqelərinə atəş açır. Dəfələrlə belə məlumatlar da yayılıb ki, Rusiya sülhməramlıları nəinki həmin qanunsuz dəstələrin tərksilah edilməsini həyata keçirmir, üstəlik onları silahlandırır, təlim keçir.

Xocalı rayonunun Pirili və Fərrux kəndləri istiqamətində hadisələr də məhz bu səbəbdən alovlanıb. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq qanunsuz erməni silahlıları Rusiya sülhməramlılarının müşayiəti altında, özü də kifayət qədər arxayın şəkildə özlərinə səngərlər qazaraq əlverişli mövqelərdə möhkəmlənməyə cəhd ediblər. 

Nəticədə Azərbaycan ordusunun bölmələri Fərrux kəndini və ətraf yüksəklikləri tutaraq bunun qarşısını alıblar. Başqa sözlə, Azərbaycan ordusu ölkənin suveren əraziləri daxilində öz mövqelərinin yenidən dislokasiyasını həyata keçirib və buna görə Rusiyadan, yaxud Ermənistandan icazə almalı deyildi.

Lakin Rusiya Müdafiə Nazirliyi bunu “10 noyabr üçtərəfli razılaşmasının pozulması” adlandırır, Azərbaycan ordusunun bölmələrinin “sülhməramlıların məsuliyyət zonasına daxil olması” barədə danışır. Bu nə deməkdir və nə yanaşmadır?

“Sülhməramlıların məsuliyyət zonası” sanki hansısa suveren ərazidir və Azərbaycan əsgərləri ora viza ilə daxil olmalıdır? “Sülhməramlıların məsuliyyət zonası” adlandırılan ərazinin Azərbaycanın suveren ərazisi olduğunu Rusiya Müdafiə Nazirliyinə hər dəfə ayrıca bəyanatla xatırlatmaq lazım gəlir?

Bəyanatda yer alan bu ifadələr Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlikdir və iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə dair 22 fevral bəyannaməsinin pozulmasıdır. Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi həmin bəyanatın 18-ci bəndini pozmuş olur. Həmin bəndə əsasən tərəflər o cümlədən beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı səylərini birləşdirməli idi. Amma Rusiya indiki halda Azərbaycan ərazilərində separatçılığı nəinki təşviq edir, hətta silahlı separatçıları himayə edib qoruyur.

Digər tərəfdən, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində hansı mandat əsasında fəaliyyət göstərdiyi bəlli deyil. Bir qayda olaraq münaqişə zonalarında sülhməramlı əməliyyatlar BMT-nin müəyyən etdiyi mandata əsaslanır. İndiki halda 2020-ci ilin noyabrında üçtərəfli bəyanat imzalanandan dərhal sonra Rusiya sülhməramlı qüvvələrinin nəinki BMT mandatı, eləcə də tərəflərin özlərinin müəyyən etdiyi mandat olmadan Azərbaycan ərazilərinə daxil olması anlaşılan idi. Çünki mandatın müəyyən edilməsi və razılaşdırılması nisbətən uzun çəkən prosesdir, 2020-ci ilin noyabrında Ermənistan Şuşanın azad olunmasının ardınca təslim olmağa razılaşanda və hərbi əməliyyatların dayandırılması barədə anlaşma əldə olunanda isə bu mandatı müəyyən etməyə sadəcə olaraq vaxt yox idi.

Daha sonra Rusiya sülhməramlılarının mandatına dair müəyyən müzakirələrin aparıldığı haqda xəbərlər eşidildi, amma görünür elə şərtlər irəli sürülmüşdü ki, bu mandatı razılaşdırmaq baş tutmadı. Yəni Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində fəaliyyətinin özü faktiki olaraq qeyri-legitimdir, heç bir mandata əsaslanmır və üstəlik onların özlərini sülhməramlı kimi deyil, qanunsuz erməni silahlı dəstələrinin “cangüdənləri” kimi aparması bu qeyri-legitimliyi daha da artırmış olur. Belə olan halda 5 illik müddətin başa çatmasından dərhal sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi də qaçılmaz olacaq. Bunun üçün 10 noyabr razılaşmasına əsasən tərəflərdən birinin, indiki halda Azərbaycanın öz mövqeyini ortaya qoyması kifayət edir.

Hərbi ekspert Ədalət Verdiyev də “Report”a açıqlamasında Qarabağdakı gərginliyi Rusiyanın yaratdığını bildirib: Bu gün Qarabağda baş verən gərginliyin əsas səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan Üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi və Rusiya tərəfi də bu proseslərin yerinə yetirilməsinə nəzarətini tam həcmdə icra etsəydi, bu gün biz Qarabağ ərazisində nə erməni silahlıları görərdik, nə də erməni silahlılarının təxribatı ilə qarşılaşardıq”.

Onun sözlərinə görə, görünən odur ki, Rusiya sülhməramlılarının Qarabağda apardıqları ikibaşlı oyunlar artıq sona çatmaqdadır: “Hazırda ordumuz son yerdəyişmə proseslərini davam etdirir. Görünür, Rusiya Müdafiə Nazirliyində oturan kargüzarlar hələ də Üçtərərəfli Bəyanatın şərtlərini ya oxumayıblar, ya da oxumaq istəmirlər. Əgər oxusalar görərlər ki, 4-cü bənddə qısa və konkret olaraq erməni silahlılarının Azərbaycan ərazisindən çıxarıldığı müddət dəqiq qeyd olunub”.

“Rusiya hesab edirsə ki, o, Ukrayna ərazisində faşist və ya nasist axtarışına çıxa bilər, o zaman eyni hüququ Azərbaycaın öz ərazisi olan Qarabağda həyata keçirilməsi hüququnu tanımalıdır. Daxil olan və təsdiqlənməyən məlumatlara görə Qarabağ ərazisində erməni silahlıları daha irimiqyaslı təxribatlar hazırlayır. Bunu separatçı qurum rəhbərliyi tərəfindən “hərbi vəziyyətin elan olunması” da büruzə verir. Rusiya sülhməramlıları erməni silahlılarını Azərbaycan ərazisindən çıxarmasalar, onda ölkəmiz həmin təxribatlara daha geniş miqyasda cavab vermək məcburiyyətində qalacaq. Kimsə, o cümlədən Rusiya sülhməramlısı və ya erməni silahlıları Azərbaycan torpaqlarında özünü olduğundan böyük görə bilməz” – hərbi ekspert əlavə edib.

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Azərbaycanı üçtərəfli bəyanatın qaydalarını pozmaqda ittiham edir. Bəs Azərbaycan nəyi pozub? 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatda “Rusiya sülhməramlılarının məsuliyyət zonaları” deyilən bənd yoxdur. Orada yalnı bir qeyd var: Sülhməramlılar tərəfindən müvəqqəti nəzarət edilən Laçın dəhlizi!”

“AzPolitika.info” xəbər verir ki, bu sözləri isə politoloq Fərhad Məmmədov Rusiya Müdafiə Nazirliyinin Azərbaycanı ittiham edən bəyanatını şərh edərkən bildirib.

Politoloq hesab edir ki, hazırkı şəraitdə Azərbaycanın Qarabağda yüksək gərginliyi saxlaması və sülhməramlıların müvəqqəti qaldığı ərazinin tam demilitarizasiyasına nail olması məqsədəuyğundur: “Nə hərbi cinayətkar Arayik Arutyunyanın Rusiya prezidentinə məktubları, nə BMT baş katibinin, ABŞ Dövlət Departamentinin və Fransanın bəyanatları, nə də Rusiya Müdafiə Nazirliyinin bülleteni Bakının qəti addım atmasına mane olmamalıdır. Heç kim heç nə edə bilməyəcək!”

F.Məmmədovun sözlərinə görə, Qarabağ erməniləri başa düşməlidirlər ki, onların bütün bəlaları onların üzərində hakimiyyəti saxlayan hərbi cinayətkarlardandır: “Onların fikri ilə heç kim hesablaşmayacaq, daha da çox problemlər olacaq. Ermənistan isterik olacaq, amma heç nə edə bilməyəcək. Qarabağ ermənilərinə indidən aydın olmalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyənə qədər onlardan heç nə asılı deyil. Əks halda, onların hamısı vətəndaşı olduqları ölkə olan Ermənistanın ərazisinə gedəcəklər. Ermənistan vətəndaşı olan Hadrut ermənilərinin taleyi onlara nümunə olmalıdır”.

Ekspert vurğulayır ki, qarşı tərəfə lazım olan xəbərdarlıqlar edilib və bütün vasitəçilər də Azərbaycanın atacağı addımlardan xəbərdardır: “Ermənilərin özləri silahlı qüvvələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmasalar, Qarabağda hərbi infrastrukturun, silahlı şəxslərin məhv edilməsi zamanın tələbidir. Qarlar əriyir, dumanlar seyrəlir, beləliklə, düşmənin şəxsi heyətinin və hərbi infrastrukturunun yüksək dəqiqlikli silahlarla sistemli şəkildə məhv edilməsi üçün imkanlar açılır. Rusiya sülhməramlılarının bölgədəki mövcudluğu bu işə maneə ola bilməz və olmayacaq, çünki əsas hədəf silahlı terrorçulardır. Bu günlərdə ölən 3 hərbçi və yaralananlar Ermənistan vətəndaşlarıdır və buna görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və şəxsən Paşinyanın üzərinə düşür”.

DOSYE.ORG

COMMENTS