“Qarabağ”dan Ukraynadakı azərbaycanlılara müraciət

“İnanırıq ki, onlar “Dnepr”lə oyun günü stadiona gələrək işğal altındakı Qarabağımızın adını daşıyan komandanın – “Qarabağ”ın yanında olacaq”

 

Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” Ukraynada yaşayan soydaşlarımıza müraciət edib.

Qol.Az saytının müxbiri ilə söhbətində klubun direktoru Əmrah Çəlikəl oktyabrın 23-də “Dnepr”lə qarşılaşmada Ukraynada, xüsusilə paytaxt Kiyev şəhərində yaşayan, çalışan və təhsil alan azərbaycanlılardan dəstək gözlədiklərini bildirib.

“Dnepr”lə oyun “Qarabağ” üçün xüsusi əhəmiyyət daşıyır. Bu matçda qanazacağımız uğur qrupdan çıxmaq uğrunda mübarizə aparmaq şansımızı daha da atıracaq. Biz Ukraynada Azərbaycan diasporunun güclü olduğunu bilirik. Onların Azərbaycan və Qarabağ həqiqətlərinin həmin ölkədə tanıdılması istiqamətində həmişə faəl iş apardıqlarından məlumatlıyıq. İnanırıq ki, Ukraynada yaşayan azərbaycanlılar “Dnepr”lə oyun günü stadiona gələrək işğal altındakı Qarabağımızın adını daşıyan komandanın – “Qarabağ”ın yanında olacaq, ona sonadək dəstək verəcək və bunun da sayəsində biz Kiyevdə uğur qazanacağıq”.

Əmrah Çəlikəl bildirib ki, “Qarabağ” klubu matçı stadiondan canlı izləmək istəyən azərbaycanlı azarleşləri pulsuz biletlərlə təmin edəcək.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin “Dnepr” – “Qarabağ” oyunu oktyabrın 23-ü Kiyevin “Olimpiyski” stadionunda keçiriləcək. Oyun Kiyev vaxtı ilə saat 22.05-də (Bakı vaxtı ilə 00.05-də) başlanacaq.

COMMENTS