“Qarabağ”ın bizə rəqib olmasını istəməzdim” – “Olimpiakos”un qapıçısı

“Qarabağ”ın bizə rəqib olmasını istəməzdim” – “Olimpiakos”un qapıçısı

Çexiya millisinin və “Olimpiakos”un (Yunanıstan) qapıçısı Tomaş Vatslik komandasının mübarizə aparacağı Avropa Liqasının qrup mərhələsi ilə bağlı fikirlərini bildirib.

Qol.az xəbər verir ki, çexiyalı futbolçu özünün Feysbuk səhifəsində komandasının bu mövsüm avrokuboklardakı çıxışından bəhs edib. O, Pirey təmsilçisinin Çempionlar Liqasının üçüncü mərhələsində mübarizəni dayandırmasından təəssüflə və ətraflı bəhs edib.

Yunan klubu Avroliqanın G qrupunda “Frayburq” (Almaniya), “Qarabağ” (Azərbaycan) və “Nant”la (Fransa) mübarizə aparacaq.

“Düzü, ilk əvvəl Avroliqada oynamaq bizim arzumuz deyildi. Amma təsnifat mərhələlərindəki matçlarımızdan sonra bu yarışda oynadığımıza sevinməliyik. Biz “Frayburq”, “Nant” və “Qarabağ”la mübarizə aparacağıq. Sonuncuların Plzenlə (“Viktoriya” – red.) oyunlarını izləmişəm. Bizə rəqib olmalarını istəməzdim.

Avqustda daxili liqalara start verilib və biz artıq iki oyun keçirmişik. Hər il olduğu kimi, biz titulumuzu qorumaq və ötən mövsüm sahib ola bilmədiyimiz ölkə kubokunu qazanmaq istəyirik.  İnanıram ki, yeni baş məşqçimizin rəhbərliyi altında biz buna nail olacağıq” – deyə Tomaş Vatslik bildirib.

Maraq üçün qeyd edək ki, Tomas Vatslik “Sevilya”da çıxış edərkən – UEFA Avropa Liqasının 2019-20-ci illər mövsümündə qrup mərhələsində “Qarabağ”a qarşı oynayıb.

COMMENTS