“Bizim üçün xüsusi bir oyun olacaq. “Qarabağ” oynayıram, Qarabağın tarixini bilirəm. Çalışacam ki, həm də bu məsələlər görə maksimum səy göstərib komandamızın üç xal qazanmasına kömək edim”.
Bu sözləri Qol.Az-a “Qarabağ”ın və Albaniya millisinin futbolçusu Ansi Aqolli “Avro-2016″nın seçmə mərhələsində Ermənistanla qarşılaşacaqları matç öncəsi deyib.
32 yaşlı yarımmüdafiəçi bildirib ki, bu oyunun əhəmiyyəti onlar üçün böyükdür:
“Qrupda üçüncü yeri tuturuq. Bu matçda qələbə qazansaq, qrupdakı mövqeyimizi daha da gücləndirəcəyik. Buna görə də meydanı qalib tərk etmək vacibdir. Bu gün Albaniyada çox adam bu oyunu gözləyir. Azarkeşlər bizim qələbə qazanmağımızı istəyir. Ona görə də bu matça qələbə üçün çıxacağıq”.
Ansi Aqolli onu da bildirib ki, Ermənistanla oyuna görə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla heç bir söhbəti olmayıb.
Qeyd edək ki, Ermənistan – Albaniya görüşü martın 29-u keçiriləcək.
COMMENTS