“Qarabağ”ın zamana ehtiyacı var” – Almeyda

“Qarabağ”ın zamana ehtiyacı var” – Almeyda

“Qarabağ”ın brazilyalı futbolçusu Riçard Almeyda  Azərbaycan Premyer Liqasının 11-ci turunda AZAL-a  qalib gəldikləri oyundan sonra Qol.Az saytına müsahibə verib.

– İlk əvvəl qarşılaşma ilə bağlı fikirlərini öyrənmək istərdik.

– Bilirdik ki, bizim üçün çətin oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Amma sevinirik ki, rəqibin qapısına yol tapa bildik. Önəmli olan üç xal idi.

 – Deyəsən, zədə alıb meydanı tərk etdin. İndi durumun necədir?

– İlk baxışda zədə kimi görünə bilərdi. Amma ayağıma sadəcə zərbə dəydi. Hər şey qaydasındadır.

– Premyer Liqanın son turlarında “Qarabağ”ın qarışıq heyətlə oynaması Avroliqa oyunlarında sizə çətinlik yaratmır ki?

– Komandamızda yetərincə oyunçu var. Buna görə də fikirləşirəm ki, baş məşqçimiz düzgün seçim edərək komandanı Avropa Liqasındakı oyunlara hazırlaşdıracaq.

– Bilirik ki, Reynaldo ilə meydanda yaxşı anlaşırsan. Bəs Armentorosla necə?

– Reynaldo ilə üç il idi ki, bir yerdə onlayırdıq. Buna görə də onunla bir-birimizi başa düşmək asan olur. Armentoros yeni gəldiyi üçün hazırda biz onu öyrənirik, o da bizi. Oyundan-oyuna bir-birimizi daha yaxşı başa düşürük.

– Komandanın hazırkı oyunu səni razı salırmı?

– Biz həmişə çalışırıq ki, özümüzü ən yaxşı tərəfdən göstərək. Hər gün məşqdə və oyunda buna çalışırıq. Baş məşqçimiz yəqin ki, bunu görür. Futbolçuların bu məsələyə şərh verməsi düzgün olmaz.

– Ötən mövsümlə müqayisədə bu il o qədər də sürətli futbol oynamırsız…

– Əvvəlki illərdə Leroy və Muarem var idi. Onlarla bir-birimizi daha yaxşı başa düşürdük. Bu il yeni oyunçular olduğuna görə zamana ehtiyacımız var.

– Belə çıxır ki, Leroy və Muaremin “Qarabağ”da yeri görünür?

– Hər ikisi komandamız üçün önəmli futbolçu idi. Amma baş məşqçimiz də komandada onların yerini dolduracaq oyunçularla təmin edib. Hər şey vaxt keçdikcə daha da yaxşı olacaq.

– “Qarabağ”ın Avropa Liqasında üç oyunu qalıb. Qrupdan çıxmaq üçün doğma meydanda oynayacağınız “Monako” matçı yaxşı şansdır. Ümumiyyətlə, bu oyun barədə nə düşünürsən?

– İndiyə kimi ancaq AZAL matçı barədə düşünürdük. Bundan sonra “Monako” ilə görüşü fikirləşəcəyik.

– “Monako”nu məğlub etmək olar?

– Həyatda mümkünsüz heç nə yoxdu.

COMMENTS