Qaradağın dağ boyda dərdi

İcra başçısı Süleyman Mikayılov rayonu qarış-qarış satır Qaradağ rayon İcra Hakimiyyətinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlar rayon sakinlərinin müxtəlif instansiyalara, o cümlədən mətbu orqanlarına ünvanladıqları şikayət ərizələrində öz əksini tapmaqdadır.

 

Qeyd etmək lazımdır ki, Qaradağ rayonu paytaxtın qanunsuz tikililərə rəvac verilməsi, yaşıllıqların qırılması, vətəndaşların mülkiyyət hüquqlarının pozulması və digər bu kimi problemlərin çoxluğu ilə seçilən ərazilərindəndir. Ötən saylarımızda biz də bu rayonda törədilən “yaşıl soyqırımlar” barədə material dərc etmişdik. Həmin materiallardan birində qeyd olunmuşdu ki, yaşıl ağacların kəsilməsini həyata keçirmişdir. Bunda məqsəd ərazidə tikiləcək yeni bina üçün müvafiq inşaat meydançasının hazırlanması olub. Məlumatlarda bildirilir ki, tikintini icra edən şəxsin əlində cəmi iki ağacın kəsilməsinə icazə verən rəsmi sənəd olub. Lakin onun rayon rəhbərliyi ilə olan razılaşmaları daha iyirmi ağacın da məhvinə səbəb olub. Ərazidə yaşayan sakinlər hadisədən çox gec xəbər tutsalar da, hər halda baş verənlərə ciddi etirazlarını bildirərək inşaat işlərinin dayandırılmasını və ağacları kəsən şəxslərin cəzalandırılmalarını tələb etməyə başlayıblar. Lakin bu kimi çıxışlara Qaradağ RİH-nin başçısı Süleyman Mikayılovun reaksiyası bizə artıq məlumdur. Bu kimi məmurlar üçün nə ətraf mühit, nə təbiət, nə də insan həyatı heç bir dəyər kəsb etmir. Onların əsas həyat prinsipləri yalnız özlərinin istənilən vasitələrlə daha çox qazanc əldə etmələrinə xidmət edir. Bu məqam tikintiyə rəhbərlik edən şəxsin ətraf ərazilərdə yaşayan sakinlərin etirazlarına verdiyi cavabda da öz təzahürünü tapıb. Həmin şəxs vətəndaşlara bildirib ki, onun inşa etdiyi yeni bina məhz Süleyman Mikayılova məxsusdur. Bu isə “iş adamının” qənaətinə görə onu bütün növ məsuliyyətlərdən birdəfəlik azad edir. Bundan başqa qeyd etmək lazımdır ki, Qaradağ rayonunda ticarət üçün əlverişli olan ərazilərdəki binaların birinci mərtəbəsindəki evlərin eyvanları sonradan artırılıb. Artırılan həmin eyvanlar isə hazırda ticarət obyektləri kimi fəaliyyət göstərir. Aparılan araşdırmalar nəticəsində isə ortaya maraqlı faktlar çıxıb. İlk növbədə məlum olub ki, həmin artırmalar tamamilə qeyri-qanuni olaraq həyata keçiriliblər. Bu sadəcə olaraq Qaradağ RİH başçısı Süleyman Mikayılovun əlavə gəlir qaynaqlarından biridir. Bu işin mexanizmi isə olduqca sadədir. Eyvanını artırmaq istəyən şəxs Qaradağ RİH-in müvafiq şöbəsinə müraciət edir. Tələb olunan məbləğ ödənildikdən sonra “artırmanın” tikintisi başlanır və tez bir zamanda sona çatdırılır. Bundan sonra prosesin ikinci mərhələsi başlayır. İndi vətəndaş artırılmış həmin eyvandan küçəyə çıxış açmaq və buranı ticarət obyekti kimi işlətmək istəyirsə, yenidən RİH-in müvafiq qurumlarına müraciət etməlidir. Aydın məsələdir ki, bu əməliyyatlar Qaradağ RİH-nin rəhbərliyinə milyonlar qazandırır. Bunun əziyyətini isə sadə rayon sakinləri çəkir. Məlumat üçün bildirək ki, Süleyman Mikayılov Qaradağ rayonun çoxdandır rəhbərlik edir və demək olar ki, neçə ildir ki, bu əməliyyatlar davam etdirilir. Nəticədə rayonun arxitektur mənzərəsi acınacaqlı vəziyyətə gəlib. Xatırladaq ki, bununla bağlı rayon sakinləri dəfələrlə həm mətbuata, həm də müvafiq dövlət qurumlarına çoxsaylı müraciətlər ünvanlasalar da bütün bunların nəzərəçarpacaq faydası olmayıb. Hər Süleyman Mikayılov bütün şikayətlərə və mətbuatın yazdıqlarına rəğmən bu gün də özünün ənənəvi iş metodu ilə fəaliyyətinə davam etməkdədir.Yeri gəlmişkən, redaksiyamıza daxil olan məlumatlarda Süleyman Mikayılovun gündəlik iş qrafikindən müəyyən zaman kəsikləri ərzində baş verənləri təsvir edən bəzi açıqlamalar da diqqətimizi xüsusilə cəlb etdi. Bu barədə növbəti saylarımızda. 

COMMENTS