Qatil məhkəmədə hönkür-hönkür ağladı

Hakim polis rəisi ilə oğlunun məhkəməyə gətirilməsi üçün nazirə müraciət etdi    

 

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla cinayət törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Gülağa Lətifovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  

 

 Hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib, daha sonra Gülağa Lətifov sərbəst ifadə verib.

 

O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, hadisədən bir müddət öncə Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərovla aralarında konflikt yarandığını deyib:

 

“Həmin yerdə xeyir-şər evi tikmək niyyətində idim. Cəncəlli yer idi, əvvəl getmək istəmədim. Amma sonradan Sabunçu Rayon İcra Hakimiyyətindən icazə aldım, pul ödədim. Əraziyə mişar daşı tökdürdüm.

 

Akif məni bu məsələ ilə bağlı yanına çağırdı, üstümə silah çəkdi. Dedi ki, mən olan yerdə sən kimsən… O vaxt elə buna görə ilk dəfə aramızda mübahisə yarandı. Ona dedim ki, məscid, xeyir-şər evi tikilən yerdə söz-söhbət olmamalıdır”.  

 

“Dedim, indi burda səni öldürümmü?”    

 

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, hadisə baş verən gün yeznəsi İslam ona zəng vurub və daşların oğurlandığını deyib: “Hadisə yerinə gəldim. Orada 20 nəfərdən çox adam var idi, daşları yığıb stadionun ərazisinə tökürdülər. Akifin oğlu Asif də orada idi, çiynində tüfəng vardı.

 

Məni qorxutmaq üçün silahla gəlmişdi. Bir az sonra Akif gəldi. Mənə ”daşların ölənlərinə ehsan oldu” dedi. Sonra isə məni nalayiq söyüşlərlə söyüb təhqir etməyə başladı. Əl atıb tapançasını çıxarmaq istəyəndə ayağından vurdum.

 

Akifə sarı əyilib dedim: “İndi burda səni öldürümmü”. O da yalvardı ki, öldürmə. Daha sonra ətrafdakıları qorxutmaq üçün başlarının üstündən güllə atdım, dağılışdılar. Akifi vurandan sonra maşına qoyub xəstəxanaya apardım”.  

 

“Kaş əlim quruyaydı”  

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə zamanı dünyasını dəyişən şəxsləri öldürmək niyyətində olmayıb: “Mən camaatın üstünə getməmişəm.

 

Mənim mübahisəm Akiflə olub. O birilərlə çox yaxın qonşu olmuşuq. Dünyasını dəyişən Fərid Qədirov mənə ”əmi” deyib, rəhmətlik Yusif Alpaşayevlə bir yerdə işləmişik. Düz eləməmişəm, özümə bəraət qazandırmıram.

 

Kaş əlim quruyaydı, güllə atmazdım. Mənim qərəzçiliyim Akiflə olub. Fəridin, Yusifin yaralandığını bilməmişəm. Əgər bilsəydim, onları elə özüm aparardım xəstəxanaya. Daha Akifi niyə aparırdım? Fəridin azyaşlı uşaqları var.

 

Xahiş eləyirəm mənim adımdan hesab açılsın, o uşaqlara pul ödəyim, maddi yardım göstərə bilim”.   Zərərçəkmiş Rəşad Alpaşayev atasının ölüm xəbərini ona qonşuların xəbər verdiyini deyib: “Hadisə zamanı mən şəhərdə olmuşam.

 

Atam Yusifin Gülağa tərəfindən vurulduğunu mənə qonşular zəng vurub dedilər. Xəstəxanaya yanına gedəndə hələ sağ idi. Gülağagil tərəfdən heç hüzr yerinə gələn olmadı. Məhkəmə prosesi başlayandan sonra arvadı gəlib maddi köməklik göstərməyi təklif edib. Xeyir-şər evini belə adamlar tikə bilməz”.  

 

“Məktəbimizin həyətinə daş, qum tökmüşdülər”

 

  Zərərçəkmiş Lətifə Qədirova ifadəsində mərhum oğlu Fəridin Sabunçu bələdiyyəsinin üzvü olduğunu bildirib: “68 saylı məktəbin direktor müaviniyəm. Əvvəlldən bu işin içində olmuşam. Məktəbimizin həyətinə daş, qum tökmüşdülər.

 

Məktəbin ərazisi olduğundan direktorla birlikdə gedib maraqlandıq görək ki, bunları bura kim, hansı məqsədlə töküb. Gülağa direktoru söyüb təhqir elədi. ”Əcəb eləyirəm, mən Gülağayam, nə istəyirəmsə, onu da tikəcəm burada” dedi.  

 

 Aralarında mübahisə yarandı. Direktor Sabunçu Rayon İcra Hakimiyyətinə zəng vurdu. Oğlum Fərid Sabunçu bələdiyyəsinin üzvü idi. O da bələdiyyəyə bildirmişdi. Gülağanın qardaşı oğlu da deyirdi ki, əmim məktəbin həyətində qeyri-qanuni çay evi tikdirir”.  

 

“Niyə məni oğulsuz qoydun?”  

 

Lətifə Qədirovanın sözlərinə görə, güllə səsinə küçəyə çıxanda Gülağanın Akif Nəzərovun başı üstündə dayandığını görüb: “Silahı Akifin başına dirəmişdi. ”Səni öldürümmü, nəslini kəsimmi?” deyə qışqırırdı. Gülağa deyirdi ki, mən icraya pul vermişəm, pulumu qaytarsınlar, əl çəkim. Fərid yolda dayanmışdı. Oğlumu arxadan kürəyindən vurub.  

 

 Gülağa Fəridin əmisinin evində illərlə çörək yeyib, burnundan gəlsin. Fəridin özünü yetimçiliklə böyütmüşdüm. İndi balamın iki balası yetim qalıb. Mən onun balalarına nə deyim? Mənim oğlumu vurdu, Yusifi vurdu, amma heç birini aparmadı xəstəxanaya. Təkcə Akifi apardı.

 

Çünki Akifdən qorxurdu. İndi məhkəmədə deyir ki, havaya atəş açmışam. Havaya açılan atəş adamın kürəyindən dəyərmi? Sənin necə əlin gəldi Fəridi vurmağa? Niyə məni oğulsuz qoydun?”  

 

Məhkəməyə gəlsinlər   Bu zaman Gülağa Lətifov Lətifə Qədirovanın sözünü kəsərək “mən Fəridi vurmamışam” deyərək hönkür-hönkür ağlamağa başlayıb. Lətifə Qədirova isə ona məhəl qoymayaraq çıxışına davam edib: “Sənin  Akiflə, Asiflə intriqan var idisə, Yusiflə Fəridin nə günahı var idi?”  

 

Daha sonra hakim zərərçəkmiş Akif Nəzərovun və onun Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olan oğlu Asif Nəzərovun növbəti məhkəmə iclasına qatılmaları ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacağını bidirib: “Artıq dördüncü məhkəmə iclasıdır ki, Nəzərovlar məhkəmə iclasına gəlmirlər. Onların məhkəməyə gətirilmələri üçün tədbir görüləcək”.

 

  İttihama görə, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib.

 

O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.    

 

Hadisə zamanı güllə yarası alan Akif  Nəzərov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı – Akif  Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşıdır.

COMMENTS