Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistikaya bir gələn sevinir, bir çıxan”

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir.

Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Kulis.az” saytında redaktor Mirmehdi Ağaoğlu statistika dərsində roman oxuyub: “2000-2004-cü illərdə İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmişəm. Əlbət ki, bu ixtisas öz seçimim olmadı. Əslində mən humanitar sahəyə sənəd vermək istəyirdim, lakin evdə belə məsləhət oldu ki, ölkədə iqtisadi durum o qədər də yaxşı deyil. Müəllimlər düz-əməlli maaş ala bilmirlər. Amma iqtisadçı kimi hər sahədə iş tapmaq olar. Hər müəssisənin mühasibə ehtiyacı var. Beləcə, saqqızımı oğurlayıb, həm də ailə avtoritarizmindən çıxa bilmədiyim üçün bu seçimi etdim. Düzdür, iqtisadiyyat çox maraqlı, yaradıcı sahədir, ancaq tezliklə bundan bezdim, statistika dərsində roman oxuyurdum. Universiteti bitirəndən sonra cəmi 5 il bankda xəzinədar kimi çalışdım. 30 yaşımın tamamında isə öz özümə dedim ki, qərar vermək vaxtı çatıb, ya iqtisadiyyat sahəsində çalışmalısan, ya da özünü ədəbiyyata həsr etməlisən. Məncə, həyatımın ən böyük seçimlərindən birini etdim. Bankdan çıxıb dostların köməyi ilə “Kulis.az” saytına gəldim. Dostların dəstəyi olmasaydı yəqin ki, qərar vermək çətin olardı.

Əlbəttə, sevdiyim işdir, çox rahatam. Burada işlə-evin ayırımını yapmaq çətindir. Bəzən günün çox hissəsini evmiş kimi işdə keçiririk, bəzən də evdə olarkən işdəymiş kimi saatlarla kompüterin başından qalxmayıb sayta yazı qoyuruq, yazı oxuyuruq, yazı çevirirk və s. Çünki yazı-pozu işi olduğu üçün doğmadır. Tutalım,

oturub bədii mətn yazmasan da, hansısa xəbəri düzəltmək, müsahibə almaq, araşdırma hazırlamaq, redaktə etmək yaradıcı prosesdir və səni daim hazırlıqda saxlayır.

Dünyanın hər yerində yazarlar yazıçılığa ən yaxın peşə kimi daha çox jurnalistika sahəsində çalışırlar. Çarlz Dikkens, Mark Tven, Markes, Lyosa, Heminquey və yüzlərlə yazıçı jurnalistikadan gəlib, orada püxtələşiblər. Ona görə də burada təəccüblü və peşman olmalı heç nə yoxdur”.

ANS TV-də siyasi müxbir İlkin Kərimov seçimindən peşman deyil: “Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə çox az işləmişəm, ancaq müəllimliyi sevirəm. Baxmayaraq ki, jurnalistikani seçdim, test imtahanlarında ərizə blankında göstərdiyim ixtisaslar arasında filologiya da var idi, bura qəbul oldum, bitirdim. Əslində ixtisasım jurnalistikaya bir köynək yaxındı.

Jurnalistikaya gəlişim 2005-ci ilə təsadüf edir- bir, iki qəzetdə yazım çıxıb. Peşəkar jurnalistika ilə isə ANS-də məşğul olmağa başlamışam, 2006-ci ildən tək iş yerimdir. “İç xəbər” , “Xəbərçi” verilişlərinin aparıcısı olmuşam, eyni zamanda həmin verilişlərdə redaktor, buraxılış rəhbəri olmuşam. Artıq 10 ildir televiziya sahəsində çalışıram. ANS-in jurnalistika kurslarını bitirmişəm.

Jurnalistikaya bir gələn sevinir, bir çıxan (gülür). Bu sahəni seçməyimə peşman deyiləm”.

“Futbol+” qəzetinin əməkdaşı Tahir Mirzə futbolla nəfəs alıb: “10 ildir “Futbol+” qəzetində çalışsam da, Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsini bitirmişəm.

O vaxt dinə meyilli idim, amma yaşa dolduqca artıq dünyagörüşüm dəyişdi, fəlsəfəyə, tarixə marağım artdı və dünyaya tamam başqa gözlə, bu dəfə reallıqla baxmalı oldum, yəni artıq məni dinə ixtisasımdan başqa heç nə bağlamır.. O sahədə işləməmişəm. 3-cü kursda oxuyanda isə “Futbol+”ə gəldim.

Uşaqlıqdan futbola maraq göstərmişəm. DÇ-1994-dən etibarən futbola baxmışam. Özüm üçün materiallar toplayır, bir sözlə, bu idman növüylə nəfəs alırdım.. “Futbol+” qəzetini də müntəzəm alırdım. Bir gün qəzetdə reportyor müsabiqəsiylə bağlı elan gördüm və özümü sınamaq qərarına gəldim.. Nəticədə məni işə qəbul etdilər.

Jurnalistikaya gəldiyimə görə əsla peşman deyiləm!! İşimdən zövq alıram, yaradıcılığı sevdiyimə görə bu iş mənim çox xoşuma gəlir”.

“Liderxeber.az” saytının baş redaktoru Səbuhi Vaqifoğlu sanki doğulandan jurnalistikaya köklənib: “Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və gömrük işinin təşkili fakültəsini bitirmişəm. Orta məktəbdə Azərbaycan dili, ədəbiyyat fənlərini yaxşı oxumuşam.

Düzünü desəm, hərbi xidməti başa vurandan sonra bir çox işlə maraqlanmışam – polis, bank və s. Ancaq sonda bir təşkilatın mətbuat xidməti vəzifəsinə təklif aldım və işə başladım. Sonradan isə “Xeber.info”, “Birlik.az”, “Axar.az” saytlarında çalışmışam. Hal-hazırda isə nə az, nə çox, düz 3 yerdə çalışıram- Füzuli Dövlət Dram Teatrının mətbuat xidmətinin rəhbəri, “İnterAz” telekanalının rəsmi saytında redaktor və “Liderxeber.az” saytında baş redaktor. Hər halda bu peşəni sevə-sevə davam etdirirəm. Ümidvaram ki, oxuculara bacardığımız qədər lazımi informasiyaları çatdıra bilirik.

Jurnalistikaya gəldiyimə görə peşman deyiləm, əksinə bu peşə mənə çox doğmadır, sanki doğulandan jurnalistikaya köklənmişəm”.

COMMENTS