Qış turizmindən süfrə suyunadək… – Həmin rayonlara ildə 5 milyard xərclənsə…

Qış turizmindən süfrə suyunadək… – Həmin rayonlara ildə 5 milyard xərclənsə…

27 sentyabrdan başlayaraq 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun zəfəri ilə sona yetdi.

30 ilə yaxın erməni qəsbkarlarının işğalda saxladığı Dağlıq Qarabağ tarixi sahibi Azərbaycana qovuşdu. Artıq uzun illər torpaq həsrəti ilə yaşayan, yurd-yuvalarından didərgin salınan məcburi köçkünlərimiz Qarabağa qayıtmaları üçün gün sayır. Amma düşmən Qarabağ və ətraf rayonları viran edib, səfalı şəhər və kəndləri düzənliyə çevirib.
Rayon mərkəzləri, kəndlər tamamilə dağıdılıb, ərazilərin çoxu minalanıb. İlk növbədə böyük qayıdışa qədər azad olunmuş ərazilərimizin yenidən bərpa edilməsi və yaşayış üçün lazımi infrastrukturun qurulması tələb olunur.
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib ki, işğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəli ərazilərdir: “İşğaldan azad olunmuş ərazilərin 10 il ərzində təmizlənməsi nəzərdə tutulur”.
İ. İsmayılov deyib ki, 3-5 il ərzində isə insanların ata-baba yurdlarına qayıtması üçün infrastruktur obyektlərində, əhalinin qayıtması üçün zəruri olan məkanlarda minalardan təmizləmə işləri aparılacaq:”Daha sonra otlaq, əkin sahələrində, sonra ucqar ərazilər təmizlənəcək”.
Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Sərəncam imzalayıb. Belə ki, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə bir sıra dövlət qurumları əlaqəli şəkildə fəaliyyət göstərəcək. Hələlik Qarabağın yenidən qurulması üçün nə qədər vəsaitin tələb olunması hesablanmayıb. Amma məbləğin yüksək olacağı aydındır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Qarabağın yenidən qurulması üçün nə qədər vəsaitin sərf olunacağını araşdırıb.
O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq və vandalizim əməlləri böyük insan itkiləri və iztirabları ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaratmaqla yanaşı, həm də böyük həcmdə maddi ziyan da vurub:
“Qarabağda, ümumilikdə 900-dən artıq yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri təcavüzün qurbanı olub. İşğaldan azad olunmuş ərazilərin görüntüləri açıq-aydın göstərir ki,yaşayış məntəqələrinin əksəriyyəti yerlə-yeksan edilib.
İndiyədək bu istiqamıtdə aparılan hesablamalar göstərir ki, Ermənistanın Azərbaycana vurduğu ziyan 100 milyard dollarla ölçülür. Belə ki, BMT-nin hələ 2000-ci ildə hazırlanmış İnkişaf Proqramında işğal nəticəsində dəyən ziyan 54 milyard dollara yaxın bir rəqəmlə ifadə olunmuşdu. Bundan əlavə tətbiq edilən metodologiya və yanaşma üsulundan asılı olaraq, dəyən ziyanın məbləği 120 milyard, 200 milyard və hətta 800 milyard dollar səviyyəsində olması barədə mülahizələr də yürüdülür. Fikrimcə, belə məsələlərə yanaşanda nə şişildilmiş, nə də kiçildilmiş rəqəmlərdən çıxış etməmək şərtilə, həmin rəqəmlərin dünya təcrübəsində tətbiq edilən üsullarla və beynəlxalq aləmin inandırılması mümkün olan məqbul səviyyədə olanı yenidən hesablamalar apararkən, Ermənistanın Azərbaycana vurduğu ziyana görə təzminat məsələsi qaldırılanda istinad kimi istifadə edilə bilər. Bu kontekstdə ilk növbədə müəyyən etməliyik ki, sadaladığımız həmin dağıntılarla bağlı nə qədər itkilərimiz var.Bu yöndə xaraici mütəxəssisləri də cəlb etməklə BMT Baş Assambleyasının beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyətinə dair qətnaməyə və digər normalara əsaslanaraq müvafiq sənədlər hazırlanmalı, beynəlxalq məhkəmələrə çıxarılmalı, Ermənistandan təzminat tələb etməli və restitusiya, kompensasiya və satisfaksiya formalarından kompleks şəkildə istifadə etməklə həm də həmin təzminatın pul və ya torpaq, digər əmlaklar şəklində alınmasına nail olmalıyıq”.
İntellektual müharibədən intelektual bərpaya…
Deputat vurğulayıb ki, sözügedən rəqəmlər azad edilmiş torpaqlarda bərpa işlərinə nə qədər pul lazım olması üçün müəyyən material versə də, hazırkı reallıqlar baxımından, bu cür rəqəmlərin heç birini Qarabağın yeni bərpa planı üçün yararlı hesab etmək olmaz:
“Bu baxımdan, bu gün azad edilmiş torpaqlarda bərpa işlərinə nə qədər pul lazım olması hələlik dəqiq cavabı olmayan suallar sırasına aiddir. İlk növbədə dəqiq cavab verməkdən ötrü bərpa işlərinin dairəsi, həcmi, sürəti, müddəti və mərhələləri bəlli olmalıdır. Bu isə öz növbəsində hansı miqyasda, hansı səviyyədə, hansı üsullarla və hansı müddətə bərpadan söhbət getməsi üçün zəmin yaradır. Bərpa məsələlərinin bütün tərəflərinin kompleks şəkildə özündə əks etdirən Ümumi “Böyük Qayıdış Proqramı”, ondan doğan çoxsaylı məqsədli proqramlar, dəqiqləşdirilmş fəaliyyət planları, görülməli işlərin siyahısı, hazır layihələri, texniki-iqtisadi əsaslandırmaları, smetaları və s. hazır olmalıdır ki, bərpa məsələlərinin bütün tərəflərinə, həmin işlərin məzmununa, həcminə və reallaşdırılma müddətinə uyğun maliyyə tutumunu hesablamaq mümkün olsun.
Ermənilərin əksər hissəsini xarabalığa çevirdiyi əsazilərdə, həmin xarabalıqlar üzərində nələr etmək mümkün olduğunu bütün dünyaya nümayiş etdirməkdən ötrü azad edilmiş torpaqlarımızda normal həyat üçün yaşayışın modern və səmərəli fəaliyyət göstərə bilmə qabiliyyətində olan bərpa mexanizmi hazırlanb həyata keçirilməlidir. Azərbaycan işğal altında olan torpaqları intellektual müharibə üsulu ilə azad etdiyi kimi, işğaldan azad edilən ərazilərin bərpasını da intelektual vasitələrdən, ən effektli idarəetmə, tənzimləmə, müasir texnika və texnologiyadan istifadə edilməklə strateji yanaşma üsulu ilə həyata keçirməlidir. İşğaldan azad olunmuş ərazilərdə başlanan bərpa işlərinin gedişi göstərir ki, Post-konflikt Ərazilərin Bərpası üçün “Böyük Qayıdış Proqramı”nın birinci hissəsi təbii olaraq təxirəsalınmaz tədbirləri özündə əks etdirir”.
 
“İşğaldan azad olunmuş ərazilərin investisiya xəritəsi hazırlanmalıdır”
İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi olduğunu qeyd edən millət vəkili 2016-cı ildə düşmən təhlükəsindən qurtarılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən sürətli bərpa işlərin səmərəliliyindən danışıb. Bu təcrübə göstərib ki, Azərbaycan hökuməti Ermənistan tərəfindən dağıdılan yaşayış məntəqələrinin bərpası istiqamətində ən qısa zamanda ilkin xarakterli zəruri işləri görməyə qadirdir:
“İnfrastruktur yenidən qurulmalı və orada normal yaşayış üçün təhlüksizlik təmin edilməliidr. Bura ərazilərin minalardan və digər hərbi sursatlardan təmizlənməsi, rayondaxili, rayonlararası və digər vacib yolların bərpası, inkişafı və yeni yolların çəkilməsi, su təchizatı, elektrik enerjisi, qaz və istilik təminatı sisteminin bərpası və inkişafı, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin bərpası və tikintisi və s. bu kimi məsələlərin həlli daxildir. Azad edilmiş torpaqlarımızda normal həyat üçün yaşayışın modern və səmərəli fəaliyyət göstərə bilmə qabiliyyətində olan bərpa mexanizmi hazırlanıb həyata keçirilməlidir. Azərbaycan işğal altında olan torpaqları intellektual müharibə üsulu ilə azad etdiyi kimi, işğaldan azad edilən ərazilərin bərpasını da intelektual vasitələrdən, ən effektli idarəetmə, tənzimləmə, müasir texnika və texnologiyadan istifadə edilməklə strateji yanaşma üsulu ilə həyata keçirməlidir. Bu qəbildən olan bütün suallara aydın cavab alındıqdan sonra işğaldan azad olunmuş ərazilərin investisiya xəritəsinin hazırlanması zəruridir”.
Əsa yük dövlətin üzərinə düşəcək:İldə 4-5 milyard
Deputat hesab edir ki,işğaldan azad edilimiş ərazilərin bərpası və onun potensialının hərəkətə gətirilməsi üçün tələb olunan böyük maliyyənin ortaya qoyulmasında əsas güc dövlətin üzərinə düşəcək:
“İrimiqyaslı infrastruktur xarakterli layihələr uğurlu təşkil edilsə, işlər mümkün dairədə beynəlxalq qurumlar və bu prosesə qoşulmaq istəyən dövlətlərin hesabına həyata keçiriləcək. Bərpa işləri təbii ki, bir ilə başa gələn məsələ deyil və xeyli zaman aparacaq. Əgər bu iş beşilliklər çərçivəsində həyata keçiriləcəksə, onda hər il bərpa işlərinə həmin maliyyəni mal-material və məhsuldar şəkildə öz təyinatı üzrə şəffaf şəkildə həzm edilə bilən qədər ayrılması baxımından yanaşmaqla, ildə orta hesabla təqribən 4-5 milyard manat olmaqla, birinci beş il üçün təqribən 20-25 milyard manat, onilliyi əhatə edəcəkcə, 40-50 milyard manat, bərpa müddəti bundan da uzun olarsa, onda həmin rəqəmlərdəkindən də çox vəsait tələb edəcək. Hazırda işğaldan azad edilən şəhərlərin baş planları hazırlanır. Əgər Qarabağda məsələn, Şuşa, Ağdam və ya digər şəhərlərin timsalında “Ağıllı şəhər” (Smart City) layihəsi həyata keçiriləcəksə, onda daha çox maliyyə tələb olunacaq”.
Deputat qeyd edib ki, ümumilikdə 850 mindən artıq əhali yaşamış 11 şəhər, 20 qəsəbə və 894 kəndin böyük əksəriyyəti tamamilə yerlə-yeksan edilib:
“Onda Azərbaycanın bu qədər yaşayış məskənlərini bərpa etməsilə bağlı məsələlər təbii ki, proqramın hər ay, hər rüb, hər il üçün ərazi, sahə və funksional xarakterli konkret tədbirlər kompleksini özündə əks etdirməlidir. Bu baxımdan, “Böyük Qayıdış Proqramı”nın ikinci hissəsi işğaldan azad edilmiş ərazilərimizdə yerləşən hər bir şəhər və rayonun spesifik xüsusiyyətləri və potensialını nəzərə almaqla hazırlanan alt proqramlar toplusundan ibarət olmalıdır. Burada bütövlükdə işğaldan azad olunmuş ərazilərin iqtisadi, coğrafi və tarixi baxımdan inkişaf xüsusiyyətləri, təbii şəraiti və potensialı, təbii sərvətlərinin miqyası və çeşidi, onların Ermənistan tərəfindən talan edilmə səviyyəsi, əhalinin məskunlaşma proqnozları, rayonun müqayisəli üstünlükləri və prioritetləri aiddir. Bütün bu baza xarakterli amilləri nəzərə almaqla sözügedən regionun inkifanın yeni mərhələsini dövlət, özəl sektor, beynəlxalq qurumlarla əməkdaşlığın qurulması və xarici sərmayənin birgə fəaliyyətinin effektiv kombinasiyası əsasında icra etmək olar. İşğaldan azad edilmiş əraziləri bərpa etmək üçün Azərbaycanın maliyyə resursları var.
Amma həmin maliyyə resusrlarından elə səmərəli istifadə edilməlidir ki, az xərclə daha çox və keyfiyyətli iş görmək mümkün olsun, yəni ora yönəldilən vəsaitin hər manatına görə indiyədək görüldüyündən daha çox və daha keyfiyyətli iş ortada olsun. İkincisi, hər il bərpa işlərinə həmin maliyyəni mal-material və məhsuldar şəkildə həzm edə bilən qədər maliyyə ayrılmalıdır. Üçüncüsü, işğal edilmiş ərazilərin bərpası elə həyata keçirilməlidir ki, çox böyük potensiala malik olan Qarabağ zəruri infrastruktur layihələri gerçəkləşdirildikdən sonra onilliklər boyu təkcə birtərəfli qaydada dotasiyaya oturulan, davamlı olaraq yardımlar hesabına yaşayan bir zona yox, ora qoyulan çoxmilyardlı sərmayələrin hesabına optimal müddətdə dayanıqlı inkişaf trayektoriyasına çıxa bilən, eləcə də həyat səviyyəsi digər regionlardan yüksək olan bir məkana çevrilsin. Bundan ötrü investisiya cəlb etmək üçün beynəlxalq standartla uyğun səviyyədə təminatlar yaradılmalı və bu əsasda yerli və xarici sərmayəni cəlb etməklə azad sahibkarlığa geniş meydan verilməlidir. Sənaye şəhərcikləri, sənaye məhəllələri, aqroparklar və digər modern aqrostrukturlar,xidmət sahələri, eləcə də sənaye, kənd təsərrüfatı, kiçik və orta biznes və s. üzrə klasterlər yaratmaqla yüksək nəticələrə nail olmaq olar”.
Qeyri-neft ixracı artacaq
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərimizin çoxunun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanırdı. Bundan əlavə regionun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək. İşğal edilmiş ərazilər qızıl, civə, mis, qurğuşun, sink, üzlük daşı və s. ilə zəngindir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına görə, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq olunmuş yataqlar üzrə faydalı qazıntı ehtiyatları -130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min m3 mişar daşı, 1 312 min m3 gil, 2 540 min m3 qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 m3 mineral su, 12 428 min m3 tikinti daşı, 1 901 min m3 üzlük daşı və 4 473 min m3 sement xammalı mövcud olub. Xarici şirkətlərin də iştirakı ilə erməni işğalçıları tərəfindən bu yataqlar istismar edilib. İşğaldan azad olunacaq ərazilərdəki, o cümlədən Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirmə həyata keçiriləcək. Bu baxımdan Qarabağda dağ-mədən sənayesinin inkişafı potensialı da böyükdür:
“İşğaldan azad olunmuş ərazilər yeni həyata qaytarıldıqdan sonra həm Qarabağın dağlıq və Aran hissələri sənaye istehsalı nöqteyi-nəzərindən inteqrasiyasına, həm də Dağlıq Qarabağla Azərbaycanın Gəncə-Qazax və digər iqtisadi rayonları arasında iqtisadi əlaqələrinin bərpası və inkişaf etdirilməsindən də böyük fayda əldə ediləcək. Azərbaycanın iqtisadi potensialı daha da artacaq, güclənəcək. Bu, həm də iqtisadiyyatımızın dayanıqlı, rəqabətqabiliyyətli, innovasiyalı, kreativ və səmərəli olmasına müsbət təsir edəcək.Yeni texnika və texnologiyanın tətbiq dairəsini genişləndirəcək.Tikinti-bərpa işləri vüsəti artdıqca, bəlkə də yeni tikinti bumunun yaranmasına əsaslar da yaranacaq. Qeyri-neft sektorunun inkişafına yeni böyük təkan mərhələsi başlanacaq, ölkə əhalisinin yerli məhsullarla təchizatında nəzərəçarpan dəyişiklik olacaq, ərzaq təhükəsizliyimizə yeni töhfələr veriləcək, qeyri-neft ixracı artacaq.
Yuxarı Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı mühüm yer tutub. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik və s. olub. Bu iqtisadi rayonda heyvandarlıq əsasən ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdi. Eyni zamanda, iqtisadi rayonda baramaçılıq və arıçılıq inkişaf etdirilirdi. İşğaldan azad edilmiş ərazilər kənd təsərrüfatını inkişaf etdirmək baxımından böyük potensiala malikdir. Birinci Qarabağ müharibəsi zamanı 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçmişdi, işğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılmışdı. Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri işğal edilmiş və normal təsərrüfat fəaliyyətinin aparılması mümkün olmayan işğal zonalarına yaxın ərazilərdə istehsal olunub”.
Əlavə vəsait də tələb olunacaq
Ermənistanın işğal altında saxladığı ərazilərin çox cüzi bir hissəsindən istifadə etdiyini vurğulayan Əli Mənsimli həmin torpaqların xeyli hissəsinin kənd təsərrüfatı dövriyyəsinə qatılması üçün əlavə vəsait tələb olunacağını söyləyib:
“Həmin ərazilərin ənənəvi təsərrüfatçılıq təcrübəsindən çıxış etməklə demək olar ki, Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün yetərincə imkanlar mövcuddur. Eyni zamanda, burada kənd təsərrüfatı məhsullarının emalı və ərzaq sənayesini inkişaf etdirməkdən ötrü də həm potensial, həm də ənənə var. Aqrar sahənin inkişafında fermer təsrrüfatlarının, kooperativlərin və aqroparkların, eləcə də kənd təsərrüfatı məhsullarının emalından son məhsul alınanadək bütün mərhələləri əhatə edən klasterlərin yaradılmasına üstünlük verilməsi daha məqsədəmüvafiqdir. Aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlətin maliyyə yardımı ilə təmin edilməli və kənd təsərrüfatında bazar prinsiplərinə əsaslanan sığorta sistemi təşkil edilməlidir.
Layiqlı əmək haqqı olan yeni iş yerlərlərinin, xüsusən də gənclərə uyğun iş yerlərinin yaradılması, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hərtərəfli təşviqləndirilməsinin işlək mexanizmi hazırlanmalı və tətbiq edilməlidir. Gənclərin sahibkarlıq fəaliyyəti və əmək məşğulluğu ilə bağlı genişmiqyaslı özünüməşğulluq layihələrinin həyata keçirilməsini və bu işdə müvafiq beynəlxalq təşkilatların dəstəyindən, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, onların beynəlxalq proqramlarda, layihələrdə iştirakının təmin olunması vacibdir.
Məskunlaşma genişləndikcə, hazırda həyata keçirilməyə başlanılan infrastruktur xarakterli tədbirlər, yəni su, işıq, istilik və s. təchizat sahələrində atılan addımlar həmin yerlərdə bağça, orta təhsil, texniki peşə, orta ixtisas və ali məktəblərinin, eləcə də səhiyyə və digər sosial obyektlərin yaradılması və maddi-texniki təchizatı ilə bağlı tədbirlərlə tamamlanacaq”.
 
Qış turizmindən süfrə suyunadək…
Deputatın fikrincə, Qarabağın Şuşa, Kəlbəcər, Laçın və digər bölgələrinin turizmdə rolu əvəzsiz ola bilər. Kurort-sanatoriya və turizmin inkişafına dair xüsusi tədbirlərin hazırlanması və həyata keçirilməsi,o cümlədən dağ turizminin inkişafına dair kompleks tədbirlərin həyata keçirilməsi işğaldan azad edilmiş ərazilərin sıçrayışlı inkişafına əvəzsiz töhfə verə bilər:
“Xüsusilə dağlıq ərazilərdə qış turizminin inkişafı üçün təbii şərait mövcuddur. Həmçinin, işğaldan azad edilmiş regionun ənənəvi və turizmlə bağlı sənətkarlıq sahələrinin bərpası və inkişafına dövlət maliyyə yardımının göstərilməsi yeni iş yerlərinin dairəsinin genişləndirilməsində, eləcə də turizmin inkişafında özünəməxsus vacib rol oynaya bilər. Bundan başqa, zəngin su ehtiyatları, xüsusən də Kəlbəcər və Laçın rayonlarında şirin su ehtiyatları əsasında süfrə suları emalının və qablaşdırılmasının dəstəklənməsi layihəsi həm yerli bazar, həm də ixracda böyük fayda verə bilər.
Sadalanan tədbirlərin vaxtında, sistemli və davamlı şəkildə həyata keçirlməsi həm işğaldan azad edilmiş torpaqlarımızda yaşamaq, işləmək, qurub-yaratmaq üçün normal həyata qayıtmasına gətirib çıxracaq, dayanıqlı inkişafa təkan verəcək, Azərbaycanın gücünə güc qatacaq, həm də əhalinin güzaranının yaxşılaşmasına müsbət təsir göstərəcək”.
DOSYE.ORG

COMMENTS