Qonşu qadınların Bakıda “utancaq” cinayətləri

Qonşu qadınların Bakıda “utancaq” cinayətləri

Oğurluğa görə tutulan qadınlar: “Bunu hər gün yox, yeri düşəndə edirdik”

 

Nizami rayonunda oğurluqla məşğul olan qadınlar saxlanılıblar.

APA TV-nin xəbərinə görə, rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı, 32 yaşlı Əfsanə Məmmədova və Yevlax rayon sakini, 31 yaşlı Samirə Kərimova tutulublar. Bakıda qonşu olan qadınlar istintaqa ilkin ifadələri zamanı törətdikləri cinayət əməllərini etiraf ediblər. Əlbir olan Əfsanə Məmmədova və Samirə Kərimova Nizami rayonu ərazisindəki müxtəlif geyim mağazalarından qadınlara məxsus əl çantalarını oğurlayıblar. Əfsanə Məmmədova bunları deyib: “Hər gün getmirdik, yeri düşəndə gedirdik. Ehtiyaca görə edirdik”.

Əfsanə Məmmədovanın belə utana-utana danışmağına baxmayın. Onu “yeri düşəndə” görmək lazımdır. Məsələn, o və Samirə Kərimova 8 adamın çantasını oğurlayıblar. Samirə Kərimova deyir ki, onu da bu yola Əfsanə Məmmmədova cəlb edib: “Dedi ki, gedək çanta oğurlayaq. Mən dedim ki, qorxuram. Cavab verdi ki, qorxmayım, onun yanında dayanım, özü götürəcək”.

Bir neçə dəfə oğurluq faktını təkrarlayan qonşuların ümumilikdə 8 cinayəti sübuta yetirilib. Onlar oğurluq yolu ilə qazandıqları pulları yarı bölüblər.

Faktla bağlı saxlanılan hər iki şəxs barəsində Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. İdarədən verilən məlumata görə qadınların oğurluq əməllərinin sayının artacağı istisna edilmir. Artıq Nizami Rayon Məhkəməsinin qərarı ilə hər iki qadın barəsində həbs-qətimkan tədbiri seçilib.

COMMENTS