“Belə bir matçda məğlub olacağımızı düşünmürdük. İlk hissədə sərgilədiyimiz oyuna əsaslanıb bunu deyirəm. Məğlubiyyətin səbəblərini bilirik və bunu analiz edəcəyik”.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, futbolçusu Viktor Mendinin cərimə meydançasında yıxıldığı epizoda da münasibət bildirib:
“Mendinin cərimə meydançasında yıxıldığı zaman qol vəziyyəti yaranmışdı. Burada qayda pozuntusunun olub-olmadığını deyə bilməyəcəyəm. Sadəcə, vurğulayım ki, həmin vaxt qol epizodu yaranmışdı”.
R.Qriqorçuk onu da qeyd edib ki, komandaya transfer etdiyi futbolçular “Neftçi”yə qarşı matçda lazım gələni ediblər:
“Əvvəlki məşqçinin vaxtında olanlar mənim üçün maraqlı deyil. Gətirdiyim oyunçular isə bu gün əsas heyətdə oynadılar və lazım gələni etdilər”.
R.Qriqorçukun sözlərinə görə, matç zamanı yaratdıqları qol epizodları olub:
“Əlbəttə ki, həmin epizodlardan maksimum yararlanmağımızı istərdik. Yəqin ki, növbəti oyunlarda bu da olar”.
COMMENTS