Mübariz Ağayevin rəhbərliyi altında rayonda bütün sahələrdə böyük canlanma müşahidə olunur
Redaksiyamıza bölgələrdən daxil olan çoxsaylı oxucu məktublarında vətəndaşlar respublikamızın müxtəlif rayonlarında regionların sosial-iqtisadi inkişaf proqramının necə reallaşdırıldığına dair öz fikirlərini bildirirlər. Təbii ki, bu fikirlər ilk növbədə yerlərdə icra strukturları tərəfindən görülən işlərin həcm, keyfiyyət və məqsədyönlük göstəriciləri ilə formalaşır. O cümlədən Qubadan aldığımız məktublarda yerli sakinlər rayonun İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətini olduqca yüksək qiymətləndirirlər. Məlumatlarda bildirilir ki, son iki ildə, bir qədər də dəqiq olsaq məhz cənab Mübariz Ağayevin bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Qubanın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Aldığımız məktublarda Quba RİH-nin başçısı Mübariz Ağayevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin qəzetimizdə işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir. Quba haqqında qısa məlumat: Quba, Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir. Buraya gələnlər Qəçrəş adlanan yeri çox bəyənmişlər. Burada kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində istirahət etmək olar. Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi dünyada yalnız onların danışdığı öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız yerləşir.Həqiqətən də bu gün ölkəmizin bir çox digər bölgələrində olduğu kimi, Quba rayonu da əsil inkişaf mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir. Hazırda Quba rayonu bir sıra beynəlxalq və respublika səviyyəli nüfuzlu ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin keçirildiyi mühüm bir mərkəzə çevrilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, son vaxtlar rayon əhalisinin təbii qaz, elektrik enerjisi və içməli suya olan tələbatının ödənilməsi məqsədilə bir sıra əhəmiyyətli tədbirlər görülmüş, istifadəyə yararsız və kiçik ölçülü qaz borularının, elektrik verilişi xətlərinin dəyişdirilməsi və ya təmir edilməsi, eyni zamanda sayğacların quraşdırılması təmin edilmişdir. Magistral su və kanalizasiya xətlərində olan su sızmalarının, baxış quyularının tutulmasının aradan qaldırılması məqsədilə cari təmir işləri görülmüşdür. Ötən müddət ərzində rayonda tikinti, abadlıq və quruculuq sahəsində bir sıra işlər görülmüş, təmir və tikinti ilə bağlı müəyyən tədbirlər həyata keçirilmişdir. Quba şəhərində A.A.Bakıxanov adına Quba tarix-diyarşünaslıq muzeyi və Beynəlxalq Bankın Quba filialının yeni binalarının, həmçinin Quba rayon Məhkəməsinin və Quba Gənclər evinin yeni inzibati binasının tikintisi başa çatdırılmışdır.Bu gün Qubada elə bir sahə yoxdur ki, orada dövlət qayğısı hiss olunmasın. Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun tikilib istifadəyə verilməsi, Qubanın 30-a yaxın kəndlərinə yeni yolların və digər kəndlərində torpaqtökmə işlərinin görülməsi, rayondaxili yollara asfalt çəkilməsi, yeni sosial obyektlərin inşası, su-kanalizasiya, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, Şəhidlər Xiyabanının yenidən qurulması və sair işlər bu dediklərimizə əyani misaldır. Etiraf etmək lazımdır ki, Quba RİH başçısı Mübariz Ağayev rəhbərlik etdiyi rayonda 1 ilə bitəcək işləri 4-5 aya həll edib. Son vaxtlar Quba şəhərində çoxmərtəbəli yaşayış evlərinin tikilməsi, evlərin dam və fasadların pulsuz qurulması və yaşıllıqların artması sakinlərdə haqlı qürur hissi doğurur. Həmçinin qeyd etmək lazımdır ki, bu yaxınlarda Qubada keçirilmiş və cari ilin 9 ayı ərzində sosial-iqtisadi inkşafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat-yığıncağında təqdim olunan faktlar da kifayət qədər yüksək nəticələrdən xəbər verirlər. Mübariz Ağayevin çıxışında yığıncaq iştirakçılarının nəzərinə çatdırıldığı kimi, bu ilin üç rübü ərzində görülən işlərin sırasında Rayon İcra Hakimiyyətinin köməkliyi ilə şəhər 4 saylı, şəhər 7 saylı və Aşağı Atuc kənd tam orta məktəblərində əsaslı təmir işləri başa çatdırılmış və I Nügədi kəndində uşaq bağçasının tikintisi və yenidən qurulması tamamlanmışdır. Şəhərin Heydər Əliyev prospektində 100 yerlik uşaq bağçasının təməli qoyulmuşdur. Smeta dəyəri 16 milyon manatdan artıq olan Rayon Mərkəzi Xəstəxanası üçün 5 mərtəbəli yeni korpusunun tikintisinə artıq başlanılmış, şəhərin 31-ci məhəlləsində məhdud fiziki imkanlı vətəndaşlar üçün Quba Regional İnformasiya Mərkəzinin təməli qoyulmuş, rayon Kənd Təsərrüfatı və Bitki Mühafizəsi Mərkəzinin 3-cü mərtəbəsində tikinti işləri isə davam etdirilir. 220 şagird yerlik Qımılqışlaq kənd ümumi orta və 120 şagird yerlik Afurca kənd tam orta məktəbində tikinti quraşdırma işləri başa çatdırılmışdır və hazırda son tamamlama işləri görülür. Əspərasti kəndində 180 şagird yerlik, Məckə-Xacə kəndində 180 şagird yerlik yeni müasir tipli məktəb binaları inşa edilir və bu məktəblərdə hörgü işləri davam etdirilir. Ərməki, Alıc-Digah, İsnov, Çartəpə məktəbləri üçün yeni binaların tikilməsi ilə əlaqədar bu məktəblərə mütəxəssislər tərəfindən baxış keçirilmiş, ilkin sənədlərin hazırlanmasına başlanmışdır.Həmçinin rayon üzrə tikintiyə yönəldilən investisiyaların həcmi 70,3 milyon manat olmuşdur ki, bu da 2013-cü ilin 9 ayi ilə müqayisədə 1,5 dəfə artmışdır. Rayonun 7 yaşayış məntəqəsini birləşdirən və 23 km uzunluğunda olan Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi başa çatdırılaraq istismara verilmişdir. Bu yolun rayonun hərtərəfli inkişafında oynayacağı mühüm rol nəzərə alınaraq təntənəli açılış mərasimi təşkil olunmuş və qonaqlar dəvət olunmuşlar. 12 yaşayış məntəqəsini birləşdirən və 31 km uzunluğunda olan Rustov-Xanagah-Girdah, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar yollarının layihə sənədləri hazırlanaraq tikinti işlərinə başlanılmışdır. Hal-hazıra kimi 5 km məsafədə torpaq və asfaltlaşma işləri görülmüşdür. Quba-Qonaqkənd-Şamaxı yolunun çəkilişi ilə əlaqədar nəzərdə tutulmuş işlərin görülməsi davam etdirilmişdir. Quba şəhərində Qələbə, Fətəlixan, H.Hüseynov, Musabəyov, S.Vurğun, Sabir, Hacıbaba Əliyev, Ə.Orucov, General Əsədov, C.Cabbarlı, M.Qonaq, Vaqif küçələrində asfaltlaşma işlərı aparılmış, həmin küçələrə 30 min kv. metr asfalt döşənmişdir. “Nizami” və “28 may” parklarını birləşdirən Y.Qasımov küşəsi əsaslı şəkildə yenidən qurulmuş, 1200 metr səki daşları, səkilərə 2500 kv. metr plitə düzülmüş, 6000 kv. metr asfalt döşənmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, binaların fasadları, dam örtükləri təmir olunmuşdur. “Nizami” parkında təmir işləri aparılmışdır.Əminliklə demək olar ki, Mübariz Ağayevin rəhbərliyi altında Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları bundan sonra da həm Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin, həm də cari tapşırıqların həyata keçirilməsində səylə çalışacaq, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlara bütün qubalılarla birgə öz töhfələrini verəcəklər.
COMMENTS